Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqətdə saxlanılır.

 

Əkin sahələrinin suya olan tələbatını ödəmək üçün oktyabr ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 5,53 milyon kubmetr su verilmiş, bunun müqabilində 4 min 549 hektar torpaq sahəsi suvarılmışdır. Ay ərzində 15,4 kilometr beton və torpaq kanal, 23,2 kilometr ara arx və 1,9 kilometr kollektor lildən təmizlənmiş, 5,56 kilometr uzunluğunda yeni suvarma boru xətti çəkilmişdir. 1,31 kilometr suvarma,1,93 kilometr təzyiqli boru və 0,15 kilometr qapalı drenaj xəttində təmir-bərpa işləri aparılmışdır. Ötən ay Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 43 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Muxtar respublikada su təminatının yaxşılaşdırılmasında subartezian quyularının və kəhrizlərində gücündən geniş istifadə olunur. Ötən ay 50 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 4 yeni subartezian quyusu istifadəyə verilmişdir. 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə işlər davam etdirilmişdir.
Oktyabr ayında həyata keçirilən tədbirlər sırasında əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması, yaşayış məntəqələrində müasir kanalizasiya şəbəkələrinin qurulması da diqqətdə saxlanılmış,1656 metr yeni içməli su, 288 metr yeni kanalizasiya xətti çəkilmiş, 2 min 354 metr içməli su və 214 metr kanalizasiya xəttində isə təmir-bərpa işləri aparılmışdır. Culfa və Ordubad rayonlarının kaptajlarının 230 metr hissəsində təmir-bərpa işləri aparılmış, Ordubad rayonunda 100 metr uzunluğunda yeni kaptaj tikilmişdir.
Babək rayonu ərazisində Əshabi-Kəhf yolunun kənarındakı yaşıllıq zolaqlarının suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2,47 kilometr təzyiqli boru xətti quraşdırılmışdır.
Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 364 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektar torpaq sahəsində isə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir. Kəngərli rayonunun Böyükdüz kəndinin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi davam etdirilərək sahələrdə hamarlama işləri, nasos stansiyası binasının tikintisi davam etdirilmiş, 0,47 kilometr təzyiqli boru xətti quraşdırılmışdır.
2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilmiş tapşırıqların icrasınının təmin olunması məqsədilə cəmiyyətdə hazırlanmış tədbirlər planına uyğun işlər davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti