“Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac potensialını gücləndirmək, ölkəyə xarici valyuta axınını artırmaq və yerli iqtisadiyyata dəstək məqsədilə 26-27 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən 2021 WTME Beynəlxalq tütün sərgisində iştirak edib. Əmirliyin 21 istehsalçı şirkətinin iştirak etdiyi sərgidə “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi 4 adda 20-dən çox çeşiddə tütün məhsulları nümayiş olunaraq “Made in Azerbaijan” brendi altında Azərbaycanı təmsil edib.


Sərgidə “Cahan Tabak Beynəlxalq” stendi maraqla qarşılanaraq ixracatçıların diqqət mərkəzində olub. “Made in Azerbaijan” markalı məhsullarını dünya bazarında təqdim və təbliğ etməyi ənənə halına çevirən cəmiyyət ölkə iqtisadiyyatına öz töhfəsini vermək üçün çalışır.
Qeyd edək ki, 26 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasında tütünçülük ənənələrinin yaşadılması həyata keçirilən uğurlu islahatların nəticəsidir. Artıq bu gün yerli xammala əsaslanan tütünçülük məhsulları dünyanın məşhur markaları ilə rəqabət aparır. Muxtar respublikada istehsal olunan tütün məhsullarının belə beynəlxalq sərgilərə çıxarılması və rəğbətlə qarşılanması tütünçülüyün yüksək inkişaf səviyyəsindən və iqtisadiyyatımıza müsbət təsirindən xəbər verir.

“Cahan Holdinq” Kommersiya
Şirkətlər İttifaqının mətbuat xidməti