Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən oktyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 11 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 10 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması, 1 şəxsdə isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” alınmaması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 3 vergiödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə, qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti