Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ilin yanvar-sentyabr aylarında da qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir. Cari ilin ötən dövrü ərzində digər sahələr kimi, nəqliyyat sektorunun da inkişafı istiqamətində mühüm işlər görülmüş, artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

 

2021-ci ilin yanvar-sentyabr aylarında Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Babək rayonunun Araz, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılmışdır.

Naxçıvan şəhərində iki avtomobil yolunun, Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Göynük, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılmışdır. Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının, Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət-ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.
Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 12 milyon 354 min ton yük, 79 milyon 323 min 900 sərnişin daşınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması 2,3 faiz artmışdır.

Xəbərlər şöbəsi