Muxtar respublikada iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar 2021-ci ilin yanvar-sentyabr aylarında da qorunub saxlanılmış, çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilmişdir.

Cari ilin doqquz ayının ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur. Ölkə başçısı səfəri zamanı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının, Əlahiddə Ümumqoşun Ordunun Hərbi Aerodrom Kompleksinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral avtomobil yolunun, Ordubad şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin açılışında iştirak etmiş, “ASAN xidmət” Mərkəzinin və Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad Dəmir Yolu Stansiyası ilə tanış olmuşdur. Muxtar respublikada aparılan irimiqyaslı quruculuq tədbirlərini yüksək qiymətləndirən ölkə başçısı demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Cari ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 151 milyon 583 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 4656 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57 faiz təşkil etmişdir.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1,3 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,1 faiz, kənd təsərrüfatı məhsulu 3,5 faiz, nəqliyyat sektorunda yük daşınması 0,7 faiz, informasiya və rabitə xidmətləri 7 faiz, pərakəndə əmtəə dövriyyəsi 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları göstəricisi

Sənaye

Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 855 milyon 755 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,3 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 95,2 faizi malların, 4,8 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93,1 faiz təşkil etmişdir.

Sənaye məhsulu istehsalının dinamikası,
min manat

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 89 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 54 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilmişdir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 8 milyon 622 min manat kredit verilmişdir.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində Mərkəzi Hospitalın, qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, aerodrom kompleksinin, təlim meydanının və Türkiyə-Naxçıvan Dostluq Parkının tikintisi başa çatdırılmış, hərbi zavodun və üç anbarın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Babək rayonunda 8 saxlancın, Şərur rayonunda bir saxlancın tikintisi, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
Şahbuz rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının şəhərciyində yaşayış binasının və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəhərciyində idman zalının yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunda 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksinin tikintisi başa çatdırılmış, 5-ci Sərhəd Zastavası üçün infrastruktur obyektlərinin tikintisi, 1-ci Sərhəd Komendantlığı binasının yenidən qurulması davam etdirilmişdir.
Əlahiddə Ümumqoşun Orduya “Mitsubishi L200” markalı xidməti avtomobillər təqdim olunmuşdur.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə iki ailəyə mənzil, bir ailəyə isə xidməti mənzil təqdim olunmuşdur.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2021-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 806 milyon 538 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitlər,
min manat

Vəsait qoyuluşlarının 773 milyon 293 min 600 manatı və ya 95,9 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,2 faiz çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 219 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 184 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2021-ci ilin 9 ayında 5 kənd mərkəzi istifadəyə verilmiş, 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binası yenidən qurulur.
Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 15 traktor və 15 qoşqu verilmişdir.
Muxtar respublikada 2 yaşayış binasının tikintisi, 4 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 1 yaşayış binasının tikintisi, 10 yaşayış binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması başa çatdırılmış, “Gənclər Yaşayış Kompleksi”nin tikintisi davam etdirilmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 43 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi, Behrud və Kələki kəndlərində kaptajların, Ordubad rayon mərkəzində və Şəhriyar qəsəbəsində, Babək rayonunun Araz kəndində içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunun Ərəbyengicə kəndi ərazisində 4, Babək rayonunun Nəzərabad və Şahbuz rayonunun Külüs kəndlərində əhalinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə hər birində 1 subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Babək, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Culfa rayonunun Yaycı, Kəngərli rayonunun Qarabağlar, Xok, Yurdçu və Qabıllı, Sədərək rayonunun Dəmirçi kəndlərində içməli su şəbəkələrinin tikintisi, Babək rayonunun Cəhri qəsəbəsində və Sirab kəndində içməli su xətlərinin çəkilişi davam etdirilmişdir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin məhsulu üçün muxtar respublikada 64259 hektar sahədə əkin aparılmışdır ki, bu da 2020-ci ilin məhsulu üçün əkilmiş sahədən 854 hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Muxtar respublikada taxılçılıq mühüm sahə olaraq diqqətdə saxlanılmış və 2021-ci ilin məhsulu üçün 32721 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 31824 hektarı payızlıq, 897 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 20930 hektarında buğda, 11791 hektarında isə arpa əkilmişdir. Cari ildə taxıl zəmilərindən 103 min 372 ton məhsul tədarük edilmişdir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2021-ci ildə 3470 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 229 hektar çoxdur. Əkin sahələrindən 54689 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 10,3 faiz üstələyir.
2021-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 52,4 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 7,3 hektar çoxdur. 1 oktyabr 2021-ci il tarixə əkin sahələrindən 71,8 ton qurudulmuş tütün tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 66,6 faiz çoxdur.
Muxtar respublikada meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə göycə məhsullarının satış yarmarkası keçirilib. Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə 2 istixana təsərrüfatı və 6 soyuducu anbar yaradılmış, 2 istixana təsərrüfatı isə genişləndirilmişdir.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 311-i 2021-ci ilin yanvar-sentyabr aylarında olmaqla, ümumilikdə, 3386 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2021-ci ilin yanvar-sentyabr aylarında 210 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 65 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 7542,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
1 oktyabr 2021-ci il tarixə 105 min 807 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 11044 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 77470,1 ton tərəvəz, 33615 ton ərzaq üçün bostan məhsulları, 41299,2 ton meyvə, 10158,4 ton üzüm tədarük edilmişdir. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılmış, 41 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 20 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq kompleksinin yenidən qurulması davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 11 milyon 6 min 100 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 35,3 faiz çoxdur.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Cari ilin ötən dövründə heyvandarlıq təsərrüfatlarında 10074 baş inək, düyə və camış süni yolla mayalandırılmış, bu dövrdə 7168 baş sağlam bala alınmışdır.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 426 baş, qoyun və keçilərin sayı 771 min 372 baş olmuşdur ki, bu da 1 oktyabr 2020-ci il tarixə olan göstəriciləri 2,9 və 2,1 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 20118,6 ton ət, 74712,2 ton süd istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 və 1,5 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, 2021-ci ilin yanvar-sentyabr aylarında 12 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir. Təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 437 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,9 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırmışdır.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilmiş, cari ilin ötən dövründə Şərur rayonunun Şəhriyar, Babək rayonunun Araz, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmış, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Cari ilin ötən dövründə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 13 milyon 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 33,7 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2021-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,5 faiz çox, yəni 409 milyon 830 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu,
min manat

Bu dövr ərzində meliorasiya-irriqasiya sistemlərinin yenilənməsi diqqətdə saxlanılmış, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi başa çatdırılmış, Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində nasos stansiyasının və boru xətlərinin, qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin, Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmişdir.
Bundan əlavə, Naxçıvan şəhərində, Babək rayonunda Uzunoba Su Anbarı yaxınlığında və Cəhri qəsəbəsi ərazisində hər birində bir subartezian quyusunun tikintisi başa çatdırılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2021-ci ilin yanvar-sentyabr aylarında 283 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 175 min ağac və gül kolu əkilmişdir.

Nəqliyyat, informasiya - rabitə və energetika

Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında Culfa-Ordubad magistral avtomobil yolunun, Naxçıvan şəhərində avtomobil yolunun, Şərur şəhərinə giriş və daxili avtomobil yollarının, Babək rayonunun Araz, Ordubad rayonunun Yuxarı Əndəmic-Nüsnüs, Ordubad şəhər-Aşağı Əndəmic və Şərur rayonunun Şəhriyar kənd avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində iki avtomobil yolunun, Çərçiboğan, Dərvişlər, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi, Maxta-Dəmirçi, Babək rayonunda Göynük, Ordubad rayonunda Vənənd-Pəzməri kənd avtomobil yollarının, Culfa şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Ordubad rayonunun Nüsnüs kəndində bir körpünün tikintisi, bir körpünün təmiri başa çatdırılmışdır.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının, Şərur şəhərində avtovağzal binasının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında rabitə qovşağının anbarının əsaslı təmiri başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, nəzarət ölçü cihazları sexinin əsaslı təmiri, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposu binasının və təmir sexinin yenidən qurulması davam etdirilir.
Culfa rayonunda İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının və Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 12 milyon 354 min ton yük, 79 milyon 323 min 900 sərnişin daşınmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması 2,3 faiz artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 5 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 3 avtomat telefon stansiyası quraşdırılmışdır.
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasının tikintisi başa çatdırılmış, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövründəki göstəricini 7 faiz üstələyərək 45 milyon 663 min 500 manat olmuşdur. Ümumi xidmətlərin 75,3 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması istiqamətində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının və Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının, 3 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur rayonunun Maxta və Muğanlı kəndlərində 35/10 kilovoltluq transformator yarımstansiyalarının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada 65,8 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, ümumilikdə, 20 transformator yarımstansiyası quraşdırılmışdır.
Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Qaz Kompressor Stansiyası tikilmişdir. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikada 89 min 340 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Şərur və Babək şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 25 milyon 69 min 800 manat kredit verilmişdir. Verilmiş kreditin 8 milyon 580 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16 milyon 489 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 37 hüquqi və 1876 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil etmişdir ki, bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru və xalçaçı peşələri üzrə, ümumilikdə, 172, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 12 məhkum daş üzərində oyma peşə hazırlığı kurslarına cəlb edilmişdir.
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru, dəmir yolu nəqliyyatında elektrik montyoru, kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru və dayə peşələri üzrə ixtisasartırma kurslarına, ümumilikdə, 131 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 2894 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 482 milyon 570 min 900 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 96,7 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Şəhriyar, Babək rayonunun Araz, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin, Culfa rayonunun Əbrəqunus kəndində xidmət sahəsinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Babək rayonunun Göynük, Ordubad rayonunun Dırnıs, Kələki, Unus, Pəzməri və Vələver kəndlərində xidmət mərkəzlərinin, Anaqut kəndində istirahət mərkəzinin, Culfa rayonunun Ləkətağ kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilir.

Bank işi və sığorta fəaliyyəti

Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatmışdır ki, bunun da 168032-si və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-sentyabr aylarında açılmış 34121 bank hesabının 34081-i aktiv hesablar olmuşdur.
1 oktyabr 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılmışdır. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil etmişdir ki, bu da bir il öncəki göstəricidən 33,6 faiz çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur. Verilmiş kreditlərin 18 milyon 336 min 800 manatı və yaxud 11,1 faizi qısamüddətli, 146 milyon 556 min 900 manatı və yaxud 88,9 faizi uzunmüddətli kreditlər olmuşdur.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının inzibati binalarının tikintisi başa çatdırılmış, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.
Muxtar respublikada sığorta sahəsinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 24 may tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5 milyon 820 min 200 manat olmuşdur ki, bunun da 1 milyon 95 min manatını könüllü, 4 milyon 725 min 200 manatını isə icbari sığorta təşkil etmişdir.

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının yenidən qurulması, yeni mərkəz, kabinə və laboratoriyaların yaradılması başa çatdırılmış, Texnologiyalar Parkının yaradılması, rektorluq binasının yenidən qurulması davam etdirilir.
Babək rayonunun Araz kəndində 88 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Şərur rayonunun Şəhriyar kəndində 224, Ordubad rayonunun Nüsnüs kəndində 414, Aşağı Əndəmic kəndində 252 şagird yerlik tam orta məktəb binalarının və Ordubad şəhərində 612 şagird yerlik 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Ordubad rayonunda innovativ dərnəklər yaradılmışdır.
Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, Babək rayonunun Sirab və Göynük, Ordubad rayonunun Vələver və Pəzməri kəndlərində məktəb binalarının tikintisi, Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində məktəb binalarının yenidən qurulması davam etdirilmişdir.
Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmış, Naxçıvan şəhərində mərkəz üçün binanın tikintisi davam etdirilir.
Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması başa çatdırılmış, Çərçiboğan kəndində uşaq musiqi məktəbinin və Naxçıvan şəhərində uşaq bağçasının tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 iyul tarixli Sərəncamı ilə 2021-ci ildə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirən “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı hazırlanmışdır.
Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2882 məzun bitirmiş, onlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. İmtahanlarda iştirak edən məzunlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olmuşdur. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplamış, onlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modul tipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində həkim ambulatoriyası binalarının, Babək rayonunun Araz kəndində feldşer-mama məntəqəsinin tikintisi, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması başa çatdırılmışdır.
Dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə, ümumilikdə, 9 avtomobil verilmişdir.
Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada əhaliyə göstərilən tibbi sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin inzibati binasının tikintisi davam etdirilir.
Sosial layihələr çərçivəsində 2021-ci ilin yanvar-sentyabr aylarında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 193 cərrahi əməliyyat aparılmışdır.
Hesabat dövründə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 421 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmiş, 14 şəhid ailəsinə mənzil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanlarını qismən itirmiş 2 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, ümumilikdə, 5 nəfərə minik avtomobili təqdim edilmişdir.
Muxtar respublikada 160 aztəminatlı ailənin hər birinə 2 baş iribuynuzlu, 45 ailənin hər birinə 20 baş xırdabuynuzlu heyvan, 21 ailənin hər birinə miniyerşumlayan aqreqat, 4 ailənin hər birinə 10 arı ailəsi, 4 ailənin hər birinə otbiçən aqreqat, 3 ailənin hər birinə inkubator aparatı, 2 ailənin hər birinə odunkəsən və otbiçən aparat, 2 ailənin hər birinə unlu və qənnadı məmulatlarının hazırlanması avadanlığı və ləvazimatları, 2 ailənin hər birinə dərzi avadanlıqları və ləvazimatları, 2 ailənin hər birinə döşəmə hamarlayan dəzgah, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat, 1 ailəyə mebellərin təmiri və üzlənməsi avadanlığı, 1 ailəyə qaynaqçı avadanlığı və ləvazimatları, 1 ailəyə otdoğrayan aqreqat, 1 ailəyə iaşə xidmətinin göstərilməsi üçün avadanlıqlar verilmişdir. Ümumilikdə, 2021-ci ilin doqquz ayında 250 az­təminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, monitorinqlər aparılaraq təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə arpa-buğda qıran, 3 ailəyə otdoğrayan və 1 ailəyə südsağan aqreqatlar verilmişdir.
Hesabat dövrünün sonuna 298 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 197 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 208 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud şəxslər 483 texniki və 414 köməkçi reabilitasiya vasitələri ilə təmin olunmuş, 211 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində davamlılığın təmin edilməsi, bu sahədə təlim-tədris proseslərinin daha da müasirləşdirilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.
Heydər Əliyev Sarayında və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində məhdud fiziki imkanlıların və digər kateqoriyalardan olan şəxslərin, ümumilikdə, 1858 ədəd rəsm və əl işinin sərgisi təşkil olunmuş, 576 əsər satılmışdır.
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə artaraq 1 sentyabr 2021-ci il tarixə 462 min nəfərdən artıq olmuşdur.
Əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Naxçıvan şəhərində əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində Qeydiyyat Şöbəsi üçün yeni binanın tikintisi davam etdirilir.
“Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” 2021-ci il 23 fevral tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə 142 milyon 150 min manatdan artıq vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,9 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Uzunoba Təlim-Məşq İdman Kompleksinin, Kəngərli rayonunun Qabıllı kəndində minifutbol meydançasının tikintisi, Ordubad Şəhər Stadionunun yenidən qurulması başa çatdırılmışdır. Muxtar respublikanın təhsil müəssisələrində yaradılan idman klubları yeni idman avadanlıqları ilə təmin olunmuşdur.
Muxtar respublikada ilk dəfə kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilmişdir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Bu istiqamətdə cari ilin yanvar-sentyabr aylarında Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Uşaq Kitabxanasının və Kəngərli rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilmişdir. Şərur şəhərində “Saat Meydanı”nın tikintisi başa çatdırılmış, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Mərkəzi Kitabxana və Uşaq Kitabxanası binasının yenidən qurulması davam etdirilir.
Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının tikintisi başa çatdırılmış, Kəngərli rayonunda Bayraq Meydanının tikintisi davam etdirilmişdir.
Naxçıvan şəhərində və Babək rayonunun Cəhri qəsəbəsində hər birində bir məscidin tikintisi, Ordubad Cümə məscidinin yenidən qurulması davam etdirilir.
Muxtar respublikada rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 mart tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilmiş, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur.
Muxtar respublikada medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır.
Muxtar respublikada televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
Cari ilin ötən dövründə Naxçıvan Dövlət Universiteti Televiziyasının muxtar respublika miqyasında yayımı təmin edilmişdir.
Muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatındakı yeri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 1 iyun tarixdə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Sərəncam imzalanmışdır.
Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili istiqamətində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzi istifadəyə verilmişdir.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası həyata keçirilən tədbirlərin davamlılığını təmin etmiş, 2021-ci ilin 9 ayında Şahbuz rayonunda Ağbulaq Xizək Mərkəzinin tikintisi başa çatdırılmış, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 19 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin tikintisi davam etdirilir.


Hüquq-mühafizə orqanları ilə iş


Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması istiqamətində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binalarının yenidən qurulması davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə qazanılmış uğurlar muxtar respublikanın davamlı inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yeni imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi