Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi” istiqamətində görüşlər keçirilib.


Tədbirlərdə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib və həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
Bildirilib ki, nağdsız ödəniş pul nişanlarından istifadə etmədən ödəniş vasitələri olan ödəniş kartları, ödəniş tapşırığı, mobil telefon aparatları, kompüter və digər avadanlıq vasitəsilə pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi yolu ilə həyata keçirilən hesablaşmadır. Ödəniş kartı ilə ticarət mərkəzlərində, iaşə obyektlərində aparılan ödənişlər elektron ödəniş aləti olan POS-terminal vasitəsilə həyata keçirilir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır.
Ödəniş vasitələri Naxçıvan şəhərində, rayon və kənd mərkəzlərində quraşdırılmaqla bu vasitələrə əhalinin əlçatanlığı təmin edilib. Belə ki, 1 sentyabr 2021-ci il tarixə muxtar respublika ərazisində quraşdırılan bankomatların sayı 117, POS-terminalların sayı isə 1481 ədəd təşkil edib. 2021-ci ilin 8 ayı ərzində muxtar respublika üzrə nağdsız ödənişlərin həcmi 75 milyon 867 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 571 manat artıqdır. Cari ilin 8 ayı ərzində nağdsız ödənişlərin 24 milyon 106 min manatı POS-terminallar, 51 milyon 761 manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilmişdir.
Bildirilib ki, müasir dövrümüzdə ağıllı telefonlara tətbiq olunan xüsusi proqram vasitəsilə rahat və tam təhlükəsiz qaydada kommunal xidmətlər, kredit ödənişləri, mobil rabitə üzrə ödənişlər, bir hesabdan digər hesaba vəsaitlərin köçürülməsi və digər bank xidmətlərinin həyata keçirilməsi mümkündür. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş kartları üçün “CİB”, “Beynəlxalq bank” ASC-yə məxsus ödəniş kartları üçün “İBA-mobile”, “Kapitalbank” ASC-yə məxsus ödəniş kartları üçün isə “BİRBANK” mobil tətbiqindən istifadə etməklə sadalanan xidmətlərdən rahat yararlanaraq ödənişləri nağdsız qaydada və vaxta qənaət etməklə yerinə yetirmək olar.
Tədbirlərdə vətəndaşları maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər iştirakçılara paylanılıb.
Qeyd edək ki, tədbirlər muxtar respublikanın bütün rayonlarında keçirilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti