Yüzillik mətbuat arxivimizdən bu günə


Yer kürəsində canlı həyatın səbəbkarı olan Günəş işığı enerjisindən necə istifadə olunması bəşəriyyətin bütün mədəni inkişaf mərhələlərində insanları düşündürmüşdür. Yetər ki, yaşadığımız yerdə bol günəşli günlər, açıq səma və bundan istifadə üçün istək olsun. Elə “Şərq qapısı” qəzetinin 18 oktyabr 1969-cu il sayında dərc olunmuş “Naxçıvan MSSR-də Günəş enerjisindən istifadə edilməsi haqqında” başlıqlı yazıda olduğu kimi. Mövzuya akademik yanaşma səviyyəsində qələmə alınmış yazıda Naxçıvanın bu bölgədəki çox güclü Günəş enerjisi potensialı müqayisəli təhlil olunaraq o dövrün texnoloji imkanları ilə konkret elmi-praktik təkliflər də irəli sürülür.  

 

Azərbaycanın uzun müddət durğunluq dövründən sürətli inkişaf mərhələsinə keçid ilində yazılmış bu yazıdan 50 ildən artıq bir vaxt ötüb. İndi bütün dünyada olduğu kimi, xalqımız da elmin və mütərəqqi texnologiyanın insan həyatına gətirdiyi rahatlığın firavanlığını yaşamaqdadır. Neftin, kömürün həddən artıq istifadə olunması ilə parlayan “İliç lampaları” dövründən fərqli olaraq indi iqtisadiyyatın əksər sahələrində olduğu kimi, enerji təminatında da davamlı inkişaf prinsipləri ön plana çıxmış, resursların təkcə indiki nəsillərin deyil, gələcək nəsillərin rifahı üçün düzgün istifadəsi əsas prioritet elan olunmuşdur. Elə özünün enerji təhlükəsizliyini tamamilə alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin etmək strategiyası yürüdən Naxçıvan Muxtar Respublikasında olduğu kimi.

Günəş işığından elektrik enerjisi alınması digər enerji mənbələri ilə müqayisədə həm sərfəli, həm də ekoloji prinsiplər baxımından ən prestijli layihələrdən hesab olunur. Nisbətən bahalı texnologiya tətbiq olunsa da, daha sonra belə elektrik stansiyaları öz xərcini çıxarmaqla çox uzun müddətə yüksək rentabelliklə fəaliyyət göstərir, karbohidrojen xammaldan asılılığı aradan qaldıraraq gələcəyin güc mənbələrinə çevrilirlər. Odur ki, uzun müddət davam etmiş blokada şəraitində hər cür enerji çatışmazlığı imtahanı vermiş Naxçıvanda Günəş Elektrik stansiyalarının qurulması zamanın tələbi və region iqtisadiyyatının vacib ehtiyacı kimi də ortaya çıxmış uğurlu investisiya layihəsidir.

Naxçıvanda hazırda 4 Günəş Elektrik Stansiyası qurulmuş və bunlarda ümumi gücü, təxminən, 33 meqavat olan yüksək texnoloji avadanlıqlar quraşdırılmışdır. 2015-ci ildə qurulmuş 22 meqavat gücündə Xalxal Günəş Elektrik Stansiyası, 2019-cu ildə və 2020-ci ildə verilmiş ümumi gücü 5 meqavat olan Kəngərli Günəş Elektrik Stansiyası, cari ilin mayında istismara verilmiş, gücü 5 meqavat olan Şərur Günəş Elektrik Stansiyası və təxminən, iki ay əvvəl istifadəyə verilmiş, gücü 1,1 meqavat olan Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası alternativ enerjidən səmərəli istifadə üçün ərazi-coğrafi şərtlərdən faydalanmaq baxımından özünü doğruldaraq enerji təminatında mühüm paya malikdirlər. Belə ki, bu stansiyalar Naxçıvan Muxtar Respublikasının illik ümumi enerji tələbatının 10 faizdən çoxunu təmin etməkdədirlər. Ekoloji təmizlik və təhlükəsizlik məsələləri də nəzərə alındıqda Naxçıvandakı Günəş Elektrik stansiyalarının enerji təhlükəsizliyi ilə yanaşı, sosial səmərəsi də göz önündə canlanır. Elə buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu ilin may ayının 10-da Naxçıvana səfəri zamanı bütün bu görülən işlərə ən yüksək qiymət verərək demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.
Bəli, böyük və güclü Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın on illər öncəsindən arzuedilən inkişafı bu gün artıq reallıqdır. Hər sahədə olduğu kimi, elektroenergetika sahəsində də həyata keçirilən innovativ layihələr qədim diyarın gələcəyinə Günəş kimi işıq saçır.


Əli CABBAROV