Bunu ötən 6 ayda əldə olunan uğurlar da təsdiq edir

Son illərdə Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında, sosial-iqtisadi və mədəni inkişafında heç bir dövrlə müqayisə edilməyəcək hərtərəfli inkişafa nail olunub. Zaman etibarilə o qədər də böyük olmayan müddət ərzində əldə edilmiş bu uğurlar Naxçıvanın necə əzmlə və mətin addımlarla irəlilədiyini göstərir. Bu isə onu söyləməyə əsas verir ki, muxtar respublikamızda ümummilli liderimiz Heydər Əliyevin quruculuq, yeniləşmə siyasəti uğurla davam etdirilir. 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin söylədiyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin dünəninin, bu gününün, sabahının və gələcəyinin yoludur. Bu yolu uğurla davam etdirən ölkəmizin Prezidenti İlham Əliyevin dediyi kimi Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”. Elə muxtar respublikanın bugünkü inkişafının, çoxlarına möcüzə kimi görünən tərəqqinin “Naxçıvan modeli”nin yaradılması məhz bu amilin Heydər Əliyev siyasətinə böyük ehtiramın və sadiqliyin nəticəsidir. Bu gün qədim diyarımızın bütün bölgələri – rayon mərkəzləri, ən ucqar dağ və sərhəd kəndləri belə, ulu öndərin müəyyənləşdirdiyi quruculuq işığından nur alaraq gözəl və müasir ünvanlara çevrilib. Ötən dövr ərzində keçilən yol bir sıra məqamları ilə tariximizin səhifələrinə yazılıb.

2021-ci ilin ötən dövrü də eləcə bu il Culfa rayonunun həyatında zəngin hadisələrlə, böyük dövlət qayğısının ifadəsi olan yeniliklərlə yadda qalıb. Belə ki, bəhs edəcəyimiz qısa zaman kəsiyində qazanılmış uğurlar konkret nəticələrlə daha da möhkəmləndirilib, bütün sahələrdə verilmiş tapşırıqlara əməl olunub, bölgənin dinamik inkişafı təmin edilib. Ona görə də bu gün Culfa da muxtar respublikamızın başqa bölgələri kimi əldə etdiyi uğurların sevincini yaşayır. Bunun da bir başlıca səbəbi var: gündən-günə gözəlləşməkdə olan Culfa rayonunun simasına əlavə çalarlar qatılıb. Rayonda sakinlərin rahat və xoşbəxt həyat sürməsinə yönələn bir sıra proqram və layihələr isə insan amilinə qayğının davamlılığından xəbər verir.
Bəhs olunan dövrdə muxtar respublikamızda ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verildi. Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilən 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası rayonun enerji tələbatının 10 faizdən çoxunu ödəyir.
Bundan əlavə, quruculuq tədbirlərinin davam etdirildiyi Culfa şəhər icra nümayəndəliyinin, şəhər Bələdiyyəsi, Rayon Qeydiyyat Şöbəsi, Statistika İdarəsi, Gigiyena və Epidemiologiya Şöbəsi, Notariat Ofisi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin yerləşəcəyi inzibati binalarında təmir-bərpa işləri davam edir. Burada idarə və təşkilatlar üçün müasir iş otaqları yaradılır.
Hazırda rayonda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa Rayon Filialı üçün yeni binasının və Culfa şəhərinin Elşad Nağıyev küçəsində 3 mərtəbəli, 18 mənzilli yeni yaşayış binasının tikintisi davam etdirilir.

Bütün bölgələrimizdə olduğu kimi, Culfa rayonunda da aparılan kompleks abadlıq və quruculuq işlərinin bir hissəsini yol infrastrukturunun yenidən qurulması təşkil edir. Belə ki, Culfa şəhər Elşad Nağıyev, Mikayıl Müşfiq və Cəlil Məmmədquluzadə küçələrinin avtomobil yolları və piyada keçidləri yenidən qurulur. 4 zolaqdan ibarət olacaq yolların ümumi uzunluğu 1400 metrdən artıq, eni isə 14 metr olacaq.
İllərdir ki, muxtar respublikamızda iqtisadiyyatın davamlı inkişafı təmin edilib. Bunu Culfa rayonunun timsalında da görmək olar. Mövcud olan təbii resurslardan səmərəli və kompleks şəkildə istifadə edilməsi, bu sahənin inkişafı üçün həyata keçirilən məqsədyönlü tədbirlər, uzunmüddətli kreditlərin verilməsi nəticəsində iqtisadiyyatın lokomotivi sayılan sənaye də inkişaf etdirilən sahələrdən birinə çevrilib. Bəhs olunan dövrdə rayonda 3 milyon 601 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunub.
Etibarlı ərzaq təminatı iqtisadi sabitliyin və sosial dayanıqlılığın başlıca şərtidir. Ona görə də rayonda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bu həm də o deməkdir ki, əhalinin məşğulluğu təmin edilir, torpaqlarımız əkilməmiş qalmır, daxili bazarda məhsul bolluğu yaranır. Görülən işlər nəticəsində rayonda əkinçiliyə maraq artır, kənd təsərrüfatının inkişafında yüksəlişə nail olunur. Qeyd edək ki, rayonda 2021-ci ilin məhsulu üçün 8213 hektar sahədə əkin aparılmış, əkin sahələrinin 5665 hektarını dənli və dənli-paxlalı bitkilər (qarğıdalısız), 5 hektarını dən üçün qarğıdalı, 4 hektarını dən üçün günəbaxan, 381 hektarını tərəvəz bitkiləri, 236 hektarını ərzaq üçün bostan bitkiləri, 154 hektarını kartof, 1 hektarını birillik otlar, 1351 hektarını cari ildə əkilmiş çoxillik otlar, 416 hektarını isə əvvəlki illərdə əkilmiş çoxillik otlar təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalında ailə təsərrüfatlarının rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, cari ilin ötən dövründə rayonda ailə təsərrüfatlarının sayı 161-ə çatdırılmış, Culfa şəhərində, Gülüstan və Yaycı kəndlərində quşçuluqla məşğul olan yeni ailə təsərrüfatları yaradılmışdır. Aqrar sahədə həyata keçirilmiş tədbirlər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artmasına, daxili bazarda məhsul bolluğu yaradılmasına gətirib çıxarmışdır.
Rayonda xüsusi diqqət yetirilən sahələr içərisində heyvandarlıqda qazanılan uğurlar da diqqətçəkicidir. 2021-ci ilin birinci yarısında rayonda diri çəkidə 2071 ton ət, 5912 ton süd və 130 tondan çox yun istehsal edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası Culfa rayonunda da uğurla davam etdirilib, nəticədə, rayonda arıçıların fəaliyyətinə geniş imkanlar açılıb.
Muxtar respublikamızda həyata keçirilən məşğulluq strategiyası əhalinin yaşayış səviyyəsinin dəfələrlə artması ilə müşahidə olunaraq insan amilinə qayğını özündə təcəssüm etdirir. Bütün bölgələrimiz kimi, Culfada da bu istiqamətdə əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunması nəticəsində sakinlərin işlə təmin edilməsi və rayonda yeni iş yerlərinin yaradılması ötən aylarda da uğurla davam etdirilib. Bu da əhali tərəfindən yüksək dəyərləndirilir.

Turizm müasir dünya iqtisadiyyatının aparıcı sahələrindəndir. Turizm həm də cəmiyyətin iqtisadi və mədəni tərəqqisinin bir göstəricisidir. Turizmin inkişaf etdirilməsi muxtar respublikamızda daim diqqət mərkəzindədir. Hazırda tikintisi davam etdirilən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi istifadəyə verildikdən sonra rayonda turizmin inkişafı üçün yeni şərait yaranacaq, həm də təbii sərvətlərimizdən faydalanmaq imkanlarımız artacaq. Bundan başqa Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı 2021-ci ilin ötən dövründə rayonun Ləkətağ kəndində “Ləkətağ kənd yaşıl turizm” istirahət sahəsinin yaradılması ilə bağlı tədbirlərə başlanılıb.
2021-ci ilin ötən dövrü ərzində Culfa rayonunda müxtəlif sahələrdə həyata keçirilmiş genişmiqyaslı tədbirlər həm də qazanılmış uğurlardan xəbər verir. Heç şübhəsiz, bu uğurların əsasını muxtar respublika rəhbərinin məqsədyönlü fəaliyyəti, möhkəm iradəsi, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirməsi təşkil edir. Bəli, indi bütün bölgələrimiz kimi, Culfa rayonu da ulu öndər Heydər Əliyevin işıqlı ideyalarında, sabitlik şəraitində xoşbəxt və firavan yaşayır. Bir sözlə, Culfa muxtar respublikamızın digər rayonları kimi inkişaf, tərəqqi yolundadır. Tərəqqinin bəhrələri isə göz önündədir. Biz bunları görür, uğurlarımıza sevinir, belə bir diyarın sakini olmağımızla fəxr edirik.

Alim AĞAYEV