Tədqiqatlarda müasir yanaşma üsullarının tətbiqinə üstünlük verilir

Torpaq insan həyatında mühüm əhəmiyyət kəsb edən təbii ehtiyat, bir sıra təsərrüfat sahələrinin inkişafında qiymətli sərvətdir. Ona görə də torpağın qayğısına qalınmalı, bütün insanlar onu göz bəbəyi kimi qorumalıdır. Dövlətimiz də torpaqların qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirir. Belə tədbirlərin tərkib hissəsi kimi aparılmış torpaq tədqiqatlarının hamısı bu qiymətli sərvətin qorunmasına və münbitliyinin artırılmasına xidmət edib və etməkdədir.

Ölkəmizdə aqrar sektoru müasir tələblərə uyğun inkişaf etdirmək üçün torpaq mühitinin qorunması haqqında imzalanan Dövlət pro­qramına uyğun olaraq uzunmüddətli perspektiv planlar tərtib edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muxtar respublikada torpağın münbitliyinin qorunması, bərpası və artırılması məqsədilə bir çox sərəncam və qərarlar imzalanıb, 21 noyabr 2014-cü ildə muxtar respublikada torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq üçün uyğun müəssisə və təşkilatlara tapşırıqlar verilib. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının əməkdaşları fəaliyyətlərini bu tapşırıqların uğurlu icrası istiqamətində qurub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2020-ci il 27 noyabr tarixdə imzalanmış Sərəncam əsasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması”na dair Tədbirlər Planının təsdiq olunması isə bu sahənin inkişafında yeni mərhələnin əsasını qoymaqla daha mühüm vəzifələr irəli sürüb.

Qeyd edək ki, diyarımızda torpaq mühitinin qorunması istiqamətində aparılmış tədqiqat işində inzibati rayonlarda mədəni və təbii bitkilər altında torpaqların qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması, ərazidə yayılmış bütün torpaq tip, yarımtip və növ müxtəlifliklərini öyrənməklə bərabər, torpaq-iqlim şəraitinə uyğun təsərrüfatların ixtisaslaşdırılmasını aparmaq üçün inzibati rayonların təbii-torpaq kadastr yarımrayonlarına ayrılması tələb olunur.
Torpaq ehtiyatları laboratoriyasının əməkdaşları tərəfindən akademik Q.Ş.Məmmədovun müasir tələblərə tam cavab verən torpaq-kadastr yarımrayonlaşdırılması haqqında təklif etdiyi yeni konsepsiyası əsasında 2016-cı ildən muxtar respublikanın inzibati rayonları üzrə tədqiqatlar aparılmasına başlanılıb. 2015-2020-ci illər ərzində 5 illik elmi-tədqiqat iş planına uyğun olaraq bu işlər Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Şahbuz və Ordubad inzibati rayonlarında həyata keçirilib, 2020-ci ildə yekunlaşdırılıb. Hər bir inzibati rayon üzrə toplanılmış ədəbiyyat, xəritə və çöl materialları təhlil olunaraq yekun variantı Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutuna təqdim olunub. Təqdim edilmiş materialların əsasında institutun əməkdaşları muxtar respublikada hər bir inzibati rayonun torpaq-kadastr yarımrayonlarının xəritə-sxemini tərtib ediblər. Torpaq-kadastr yarımrayonlarının xəritə-sxemi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2020-ci il 27 noyabr tarixdə imzalanmış Sərəncam əsasında “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması”na dair Tədbirlər Planının səmərəli həyata keçirilməsinə köməklik göstərən əlavə bir dəyərli mənbədir.
Gələcəkdə Torpaq ehtiyatları laboratoriyasının qarşısında duran əsas vəzifə Tədbirlər Planının bənd­lərinin öyrənilməsidir. Bu, Torpaq ehtiyatları laboratoriyasının 2021-2025-ci illər üzrə aparılacaq elmi-tədqiqat işlərinin planına salınıb. Bu dövrdə muxtar respublikanın, o cümlədən inzibati rayonlarda torpaqların münbitliyinə mənfi təsir göstərən deqradasiya (təbii, antropogen və texnogen) proseslərinin yaranma səbəbləri laboratoriya tərəfindən öyrənilməklə təhlil olunacaq, ərazidə qeyd edilən proseslərin qarşısının alınması üçün təklif və tövsiyələr hazırlanacaqdır. Eyni zamanda ərazidə aparılmış tədqiqat işlərindən alınmış nəticələr ərazidə torpaq mühitinin qorunması, torpaq xəritələrinin tərtib olunması, torpaqların təbii və mədəni bitkilər altında səmərəli istifadə olunması üçün tövsiyə ediləcək.
Torpaq ehtiyatları laboratoriyası adıçəkilən istiqamətdə tədqiqat apararkən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Ümumi torpaq analizləri laboratoriyası, xəritə və xəritə-sxem materiallarının tərtib olunmasında Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin imkanlarından istifadə ediləcəkdir.

Bu baxımdan da ərazidə fiziki-coğrafi xüsusiyyətlər nəzərə alınmaqla tərtib etdiyimiz təbii-torpaq kadastr yarımrayonları muxtar respublikada aqrar sektorda ixtisaslaşmanın daha dəqiq aparılmasında və torpaq mühitinin qorunmasında xüsusi rol oynayacaqdır.

Sahib HACIYEV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları
laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent