Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
Aprel ayında muxtar respublikanın şəhər və rayonlarından “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinə daxil olan müraciətlərə əsasən 54 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 53-ü əhali, 1-i isə qeyri-əhali abonentdir.

Cari ilin aprel ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinin 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaz tənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1061 çağırış daxil olmuşdur.
Hesabat ayında muxtar respublika qaz şəbəkəsində 788 qaz sızması aşkar­lanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq aradan qaldırılmışdır.
Muxtar respublikada aprel ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Ay ərzində yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Qaz İstismar Xidməti