Şərur rayonunun Çərçiboğan və Dərvişlər kəndlərindəki tam orta məktəb binalarının tamamilə yenidən qurulmasına başlanmışdır. Tədris müəssisələrində müasir avadanlıqlar qurulacaq, müəllim və şagirdlərin istifadəsinə işıqlı siniflər, direktor və müəllimlər üçün otaqlar, laboratoriyalar, fənn kabinələri, elektron lövhəli siniflər, kompüter otaqları, kitabxana, idman zalı veriləcəkdir. Çərçiboğan kəndində həm də uşaq musiqi məktəbi üçün yeni bina inşa olunur.

Hər iki yaşayış məntəqəsində həyata keçirilən quruculuq tədbirləri sırasında kənd mərkəzləri də var. Mərkəzlərdə hər kənd üçün inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis və baytarlıq məntəqələri, mədəniyyət evi, kitabxana və iclas zalı fəaliyyət göstərəcək.
Tikilməsi nəzərdə tutulmuş tibb müəssisələri isə yaşayış məntəqələrində səhiyyə xidmətinin səviyyəsini və səmərəliliyini yüksəltmək məqsədi daşıyır. Adıçəkilən kəndlərin sakinləri yeni xidmət mərkəzlərində yerləşəcək ərzaq, sənaye və təsərrüfat malları mağazalarının, bərbərin, qadın gözəllik salonunun və dərzinin xidmətindən istifadə edəcəklər.

Elman Məmmədov