Gözəl yaz fəsli artıq qarlı-şaxtalı qışı arxada qoyub. Təbiət oyanıb. Dağların arxasından qalxan Günəş ətrafı işıqlandırır, cana gətirir. Çəmənlərin yaşılı, ağacların al-əlvan çiçəyinin ətri hər kəsi təbiətin seyrinə çağırır. Hər yerdə quşların nəğməsi, zəhmətkeş arıların vızıltısı ətrafa canlılıq, hüzur qatır. İnsanların ovqatı yenilənir, onların işgüzarlığı artır. Yazda təkcə insanlar yox, arılar da işləyir. Təbiətin bir parçası olan bu canlıların çalışqanlığı, onlara qulluq edən insanların zəhməti hesabına gözəl və xoş həyatın təməli olan cansağlığını qorumağa kömək edən bal istehsal edilir.

Əsrarəngiz təbiətli muxtar diyarımızda iqtisadi cəhətdən gəlirli fəaliyyət sahəsi kimi arıçılığın inkişafına yaradılan şərait bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının sayını günbəgün artırır. Babək rayonunun Hacıvar kəndində yaşayan ailə təsərrüfatçısı Fikrət Məmmədov 10 ildən çoxdur ki, arıçılıqla məşğul olur. 40 arı ailəsinə qulluq edən müsahibim deyir ki, səfalı yaz fəsli özü ilə bərabər, təbiətə də əlvanlıq gətirib. Tanrının möcüzəsi hesab olunan arılar da qış yuxusundan oyanıb, xüsusi qulluq tələb edir. Bu günlərdə vaxtımın çox hissəsi arıxanada keçir. Hər bir ailəyə ayrıca baxıram. Ailənin gücünü, ana arının varlığını, toxumlu və süfrəli çərçivələrin sayını, yem ehtiyatını yoxlayıram. Bu zaman ailənin qışlama səviyyəsini də aydınca görmək olur. Hər hansı pətəkdə ana arı itkisi varsa, həmin arı ailəsini güc baxımından arıxanadakı ən zəif, lakin analı arı ailəsi ilə birləşdirirəm. Yem ehtiyatı baxımından zəif ailələrə isə ballı çərçivə və ya şəkər tozundan hazırlanmış şərbətlə köməklik göstəririk.

Müsahibim bildirir ki, qışlamanı yaxşı keçirən ailə yaz uçuşunu yaxşı, yemi zəif olan, xəstəliyə tutulmuş, çox zəifləmiş ailələr isə pis keçirirlər. Belə ailələr, birinci növbədə, müayinə edilir. Arı ailəsinin sürətli inkişafı üçün onları kifayət qədər yemlə təmin edirik. Arıxanada suvat təşkil edirik ki, bu, arıların çirkli sudan istifadəsinin qarşısını alır. Yaz fəslində havaların dəyişkən olmasını nəzərə alaraq ailələri keyfiyyətli istiləşdiricilərlə təmin edir, uçuş bacalarını daraldır, pətəklərin yaz yağışı ilə islanmasının qarşısını alırıq. Pətəyin içərisinin ölmüş arılardan və zibildən təmizlənməsi isə apardığımız sanitar-profilaktik işlərə aiddir. Yuvanın təzələnməsi də arı ailəsində gigiyenanın saxlanmasında mühüm rol oynayır.
Arıçı deyir ki, əsas yaz yoxlanışından sonra yaşlı, qoca arılar, tədricən, tələf olur, cavanlar isə onları əvəz edir. Ailənin cavanlaşması, əsasən, may ayında başa çatır. Sağlam arı ailəsinin sürətli inkişafı üçün yuvanı genişləndirmək lazım gəlir. Arıçı vaxtında tədbir görməzsə, qüvvəli ailələr beçə verir ki, bu hal bal toplanışına ciddi mane olur. Bunun üçün mayın əvvəlində qüvvəli arılardan ana yetişdirilməsinə başlayır, onlardan ilk ayırma beçələr alırıq. Bununla da həm təbii beçəvermənin qarşısı alınır, həm də həmin beçələr əsas bal toplama dövrünədək inkişaf edib ailə formalaşdıra bilirlər. Bu da gələcəkdə nəzərdə tutulandan artıq bal məhsulu əldə etmək deməkdir. Bilirsiniz ki, bal, çiçək tozu, arı südü, vərəmum, mum, arı zəhəri və digər arıçılıq məhsulları insanların sağlamlığı baxımından da olduqca əhəmiyyətlidir. Mən də bu məhsulların bir neçəsini, xüsusilə də bal hasil edirəm.
Müsahibim onu da qeyd etdi ki, qışdan təzəcə çıxmış arılar bir müddət inkişaf edəndən sonra onları dağlara köçürür. Dağlarda gül-çiçək açan vaxt arıları aparıram Culfa rayonunun Milax, Ərəfsə, Teyvaz kəndlərinin dağlarına. Arılar burada kəklikotu, qantəpər, dağ qanqalı və digər çiçəklərdən bal toplayırlar. Havalar bir az soyuyan kimi arıları köçürürəm arana.
Fikrət Məmmədov həm də taxılçılıqla, bostançılıqla məşğuldur. Müsahibim 5-6 hektar sahədə taxıl əkini apardığını, 2 hektar sahədə qarpız əkdiyini və qovun yetişdirəcəyini deyir. Müsahibim gələcəkdə dövlətin arıçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhrələnərək arı ailələrinin sayını artırmağı planlaşdırdığını, kənd təsərrüfatının digər sahələri ilə də aktiv məşğul olacağını söylədi.
Qeyd edək ki, muxtar respublikamızda arıçılığın inkişafında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” əhəmiyyətli rol oynayır, bu sahədə mühüm tədbirlər həyata keçirilir. Arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə kreditlər, pulsuz dərman preparatları, hər arı ailəsinə görə subsidiya verilir. Ənənəvi olaraq təşkil edilən “Arıçılıq məhsulları – bal festivalı” isə istehsal olunan məhsulların satışına müsbət təsir göstərir. Beləliklə, muxtar respublikamızda arıçılıqla məşğul olan ailə təsərrüfatlarının sayı artır, əhalinin arıçılıq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir.

 Güntac ŞAHMƏMMƏDLİ