Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında çoxşaxəliliyin təmin olunması diqqət mərkəzində saxlanılır, yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluğu təmin edilir. Muxtar diyarımız kənd təsərrüfatı regionu olduğundan burada aqrar bölmənin müxtəlif sahələri inkişaf etdirilir. Xüsusilə heyvandarlığın inkişafı son illərdə muxtar respublikanın daxili tələbatının ödənilməsinə öz töhfəsini verir.

Heyvandarlıq kənd təsərrüfatında mühüm sahələrdən biri hesab olunur. Quşçuluq isə heyvandarlıqda daha geniş yayılmış təsərrüfat sahələrindəndir. Məlumdur ki, hələ qədimdən quşçuluq ev təsərrüfatı kimi daha geniş yayılıb, sonralar isə kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb və inkişaf edib. Muxtar respublikamızda da bu sahə analoji inkişaf yolu keçib. Bu gün diyarımızda quşçuluğun əhalinin daxili istehsal hesabına quş əti və yumurta ilə təminatında xüsusi payı var. Muxtar respublikada ev təsərrüfatlarında və kiçik sahibkarlıq subyektlərində toyuq əti və yumurta istehsalını artırmaq məqsədilə mühüm işlər görülüb, yeni istehsal müəssisələri yaradılıb, köhnələri dövlət tərəfindən verilən güzəştli kreditlər hesabına yenidən qurulub.
Quşçuluqda əsas məsələlərdən biri də yem istehsalının ödənilməsidir. Son illərdə bu sahədə də mühüm işlər görülmüş, qarışıq yem istehsalı sahələri istifadəyə verilmişdir. Heyvandarlıqda və quşçuluqda qüvvəli yemlərə olan tələbatı ödəmək məqsədilə Naxçıvan şəhərində qarışıq qüvvəli yem, Ordubad rayonunda quş yemi və Culfa rayonunda heyvan yemi istehsalı sahələri yaradılmışdır. Belə istehsal sahələri quşçuluqda, ümumilikdə isə heyvandarlıqda yeni mərhələnin başlanmasına imkan vermişdir. Eyni zamanda yeni təsərrüfat sahələrinin yaradılmasına stimul olmuşdur. Son 6 ildə dövlət maliyyə dəstəyi hesabına Naxçıvan şəhərində, Babək, Culfa, Kəngərli rayonlarının hər birində 1, Şərur və Şahbuz rayonlarında 2 təsərrüfat olmaqla, ümumlikdə, 8 yeni quşçuluq təsərrüfatı yaradılmışdır. Bundan əlavə, ötən dövrdə muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılıb.
Naxçıvanda elə fərdi təsərrüfat yoxdur ki, orada quşçuluğun ən azı 2-3 növü inkişaf etdirilməsin, daha doğrusu, onun çoxnövlülüyü təmin olunmasın. Bu da imkan verir ki, quşçuluq təsərrüfatları və damazlıq yumurta istehsalı intensiv inkişaf etsin. Son illərdə fərdi təsərrüfatını böyüdərək onu dolanışıq yoluna çevirənlər də az deyil. Belə təsərrüfatlardan biri də Culfa rayonunun Gülüstan kəndində fəaliyyət göstərir. Fermer Bəhruz İsmayılova məxsus olan bu təsərrüfatda, əsasən, hinduşka saxlanılır. Təsərrüfat sahibi bizimlə söhbətində bildirdi ki, 10 ilə yaxındır, bu işlə məşğulam. Təsərrüfatımı genişləndirmək məqsədilə 40 min manat güzəştli kredit götürdüm. İndi təsərrüfatımda 2000-ə yaxın hinduşka var. Öyrəndik ki, saxlanılan quşların 1000-i yumurtalıq, digərləri isə ətlik cinslərdir.
Bəhruz İsmayılov bu növ quşlar haqqında məlumat verərək deyir ki, Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hinduşka cinslərinə rast gəlmək olar. Onlar ətinin yaxşı keyfiyyəti ilə seçilir, tez böyüyür və müxtəlif şəraitə asanlıqla uyğunlaşır. Kökəltmə zamanı 120 günlük yaşda diri çəkisi 6-7 kiloqrama çatır. Bir il ərzində yumurtlayan hind toyuqlarından isə 80-90 qram ağırlığında 100-110 yumurta əldə etmək mümkündür.
Təsərrüfatçının sözlərinə görə, hind toyuğu otlaq quşudur və otarılanda çəkisini yaxşı artıra bilir. Əgər otarmağa yer yoxdursa, onda gəzinti üçün meydança ayırmaq və hinduşkanı orada yemləmək lazımdır. Lakin onun üçün ən vacibi saxlanma yerinin quru və təmiz olmasıdır. Yəni təmizlik hər şeydən öndə gəlir. Saxlanılma yeri təmiz olarsa, quşların xəstəliklərə yoluxma ehtimalı da az olar. Bütün bunlarla yanaşı, baytarlıq xidmətləri də bu sahənin inkişafında mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı bunu da öyrəndik ki, bu quşun ətində ördək və qazlara nisbətən dəfələrlə çox zülal var. Kulinar məqsədlər üçün istifadədə 5 aylıq dişi, 6 aylıq erkək quşlardan istifadə olunur. Bir sözlə, cavan quşların əti daha dadlı olur.
Gülüstan kəndindəki quşçuluq təsərrüfatının məhsulları, əsasən, daxili bazarda satılır. Muxtar respublikamızda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında, xüsusilə bayram günləri ərəfəsində bu təsərrüfatın məhsullarına rast gəlmək olar. Həmçinin quş ətini təsərrüfata müraciət edərək sifarişlə də almaq mümkündür.
Muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı bütün sahələrdə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb. Gülüstan kəndindəki quşçuluq təsərrüfatı bu şəraitdən bəhrələnərək daxili bazara öz töhfəsini verməyə çalışır.

 Gülcamal TAHİROVA