Dünən Naxçıvan Biznes Mərkəzində 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq çıxış edib.

Bildirilib ki, istehlakçı hüquqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ölkə­mizi sürətli inkişaf mərhələsinə çıxarıb. Hazırda muxtar respublikada bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Nazir istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, qarşıya qoyulmuş vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının birgə səyləri ilə görülən işlərdən danışıb.
Vurğulanıb ki, fevral ayının 27-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri daxili bazarın keyfiyyətli və təhlükəsiz yerli məhsullarla təminatı baxımından dövlət orqanları ilə birlikdə sahibkarlar qarşısında da mühüm vəzifələr qoyub. Belə ki, İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birgə özünüməşğulluğun təmin edilməsi, ailə təsərrüfatlarının inkişafı və yerli xammala əsaslanan yeni istehsal sahələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirməli, ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsulların rəqabət qabiliyyətinə, ixrac­yönümlüyünə, standartlara uyğun dizayn və qablaşdırılmasına diqqət artırılmalı, idxaldan asılılıq aradan qaldırılmalı, xammaldan satış bazarınadək məsələlər təhlil edilməlidir.
Qeyd olunub ki, istehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi məqsədilə 2020-ci ildə 878 halda istehsal, ticarət və xidmət obyektlərində qiymət və keyfiyyətə nəzarət həyata keçirilib.
Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Nicat Həşimov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elşən Bayramov bildiriblər ki, istehlakçıların tələbatının keyfiyyətli məhsullarla ödənilməsi, süni qiymət artımı və razılaşdırılmış qiymətlərin tətbiqinin qarşısının alınması istiqamətində muxtar respublikada aparılan monitorinqlər zamanı müşayiətedici sənədləri olmayan və istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılıb.
“İstehlak Malları Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriya müdiri Şahin Səfərov isə qeyd edib ki, beynəlxalq akkreditasiyalı Mərkəzi Qida Sınaq Laboratoriyası muxtar respublikada istehsal və ya idxal qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir və əhalinin sağlam ərzaq məhsulları ilə təminatında xüsusi rol oynayır. Vurğulanıb ki, ötən dövr ərzində 89 mal çeşidini əhatə edən 765 səyyar və 1822 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri əsasən 1552 yerli istehsal məhsulunu və 270 idxal məhsulunu əhatə edib.
Tədbirdə “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayev muxtar respublikada sahibkarlara, xidmət sahəsində istehlakçılara yaradılan münbit şəraitdən, göstərilən diqqət və qayğıdan söz açıb.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti