İnsan sağlamlığı ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sağlamlığın qorunması tibbi-profilaktik, müalicə və maarifləndirmə tədbirləri ilə yanaşı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasından da əhəmiyyətli dərəcədə asılıdır. İnsanın gündəlik ərzaq tələbatının mühüm bir hissəsini ət və süd məhsulları təşkil edir. Əhalinin təhlükəsiz heyvandarlıq məhsulları ilə təmin edilməsi üçün baytarlıq təbabətinin inkişafı, bu sahədə fəaliyyətin günün tələbləri səviyyəsində qurulması həyati əhəmiyyət kəsb edən məsələdir. Heyvanlar arasında xəstəliklərin qarşısının alınması isə baytarlıq xidmətinin təşkili ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəlik yoxdur”.

Görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın müstəsna rolu vardır. Proqramda nəzərdə tutulan tapşırıqların icrası baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsini təmin edir ki, bu da həyata keçirilən tədbirlərin effektivlik dərəcəsini artıran başlıca faktordur. 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə keçirilən tədbirlərdə Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Qarabürc, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın və Babək rayonunun Nəcəfəlidizə kənd mərkəzlərində baytarlıq məntəqələri istifadəyə verilmişdir. Dövlət proqramının təsdiq olunduğu ərəfədə 29 sahə baytar məntəqəsi ilə yanaşı, baytarlıq laboratoriyasını və Baytar sanitar ekspertiza laboratoriyasını əhatə edən Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının Ali Məclis Sədrinin iştirakı ilə istifadəyə verilməsi bu sahəyə göstərilən diqqətin mühüm təzahürü olmuşdur. Ümumilikdə, proqramın icrasına uyğun olaraq 2020-ci ildə muxtar respublikada mövcud olan baytarlıq laboratoriyalarından səmərəli istifadə diqqət mərkəzində saxlanılmışdır. Bu laboratoriyalarda bruselyoz xəstəliyinə görə 19 min 937 baş iribuynuzlu, 69 min 663 baş xırdabuynuzlu heyvandan, 27 min 960 baş qoçdan qan nümunələri götürülərək yoxlanılmışdır. Həmçinin diaqnostiki olaraq vərəm xəstəliyinə görə 3 min 954 baş iribuynuzlu heyvan, epididimitə görə 27 min 960 baş qoç, manqo xəstəliyinə görə 1731 baş təkdırnaqlıda müayinələr aparılmışdır. Bu dövrdə 3 min 816 heyvandan patoloji nümunələrin götürülərək yoxlanılması iti gedişli infeksion xəstəlik aşkar edilməməsi ilə nəticələnmişdir. Eyni zamanda proqramın icrasına uyğun olaraq askaridoza görə 31 min 964 baş quş, fassiolyoza görə 23 min 195 baş iribuynuzlu, 153 min 836 baş xırdabuynuzlu, diktiokaulyoza görə 23 min 195 baş iribuynuzlu, 153 min 836 baş xırdabuynuzlu, monezioza görə 153 min 836 baş xırdabuynuzlu, neaskaridioza görə 10 min 946 baş iribuynuzlu heyvandan nümunə götürülərək yoxlanılmış və təyinatı üzrə tədbirlər həyata keçirilmişdir. 

Baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi süni mayalanma sahəsində də yeni nailiyyətlərin əldə olunmasına imkan yaradır. Həyata keçirilən süni mayalanma tədbirlərinin əhəmiyyəti heyvanların cins tərkibinin kütləvi surətdə yaxşılaşmasına təkan verməsindədir. Mal-qaranın baş sayının çoxalması isə ət və süd məhsulları istehsalının intensiv xarakter almasına səbəb olur ki, bu da əhalinin ərzaq məhsulları ilə təmin olunması sahəsində fəaliyyət imkanlarını artırır. Dövlət proqramının icrası məqsədilə 2020-ci ildə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində olmuşdur. Ali Məclisin Sədri mayın 12-də Süni Mayalanma Mərkəzində görü­lən işlərlə maraqlanmış, yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirmişdir. Yeni yaradılan mərkəz muxtar respublikada süni mayalanma işinin genişlənməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlığın inkişafına təkan verəcəkdir. Qeyd edilənlərlə yanaşı, iyunun 30-da Dövlət Baytarlıq Xidmətində Ali Məclis Sədrinin iştirakı ilə baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmişdir. Müşavirədə xidmətə 1 “Fiat” markalı avtomobil, 5 yedəkli motosiklet və 5 dəst süni mayalanma ləvazimatı təqdim olunmuş, öz fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşa hədiyyələr verilmişdir. Ümumilikdə, muxtar respublikada 2020-ci ildə 11 min 841 baş camış, inək və düyədə süni mayalanma aparılmış, 8 min 217 baş buzov və balaq doğulmuşdur. Doğulan buzov və balaqlar birkalanaraq qeydiyyata alınmışdır.
Baytarlıq xidməti üzrə inkişafı təmin edən faktorlar içərisində maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi də xüsusi yer tutur. Stimullaşdırıcı xarakter daşıyan bu tədbirlər sahibkarların sayının artması ilə yanaşı, mövcud sahibkarların fəaliyyət istiqamətlərinin şaxələndirilməsinə də imkan verir. 2020-ci ildə süni mayalanma nəticəsində doğulan buzov və balaqlara görə sahibkarlara 821 min 700 manat həcmində subsidiya ödənilmişdir. Eyni zamanda Dövlət proqramının icrası məqsədilə 3 min 943 sahibkara məxsus arı ailələri qeydiyyata alınaraq 984 min manat həcmində subsidiyanın ödənilməsi təmin olunmuşdur. Bütün bunlar heyvandarlıq-arıçılıq sahəsi üzrə iqtisadi fəallığın artırılmasına şərait yaratmışdır.
İnsan sağlamlığının qorunması və ekoloji təmizliyin təmin olunması üçün tələf olmuş heyvan cəsədlərinin vaxtında basdırılması xüsusi əhəmiyyət kəsb edir. Proqramda bu istiqamətdə nəzərdə tutulan tapşırığın icrası məqsədilə 2020-ci ildə Naxçıvan şəhərində 1, Babək rayonunda 4, Kəngərli rayonunda 3, Culfa rayonunda 8, Ordubad rayonunda 6, Şahbuz rayonunda 10, Sədərək rayonunda 1 kənddə quyular qazılmışdır. Ölmüş heyvanların cəsədləri baytar həkimlərin nəzarəti altında təlimata uyğun qaydada dərmanlanaraq zərərsizləşdirilmiş və basdırılmışdır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısını almaq olmuşdur.
Muxtar respublikada epizootik vəziyyətin sabit olmasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtında və düzgün şəkildə aparılmasının müstəsna əhəmiyyəti vardır. Aparılan peyvəndləmə işləri yarana biləcək müxtəlif xəstəliklərin qarşısının qabaqcadan alınmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq 2020-ci ildə qarayara xəstəliyinə qarşı 146 min 677 iribuynuzlu, 729 min 664 xırdabuynuzlu, 5 min 163 təkdırnaqlı, dabaq xəstəliyinə qarşı 235 min 709 iribuynuzlu, 596 min 794 xırdabuynuzlu, pasterelyoz xəstəliyinə qarşı 149 min 62 iribuynuzlu, 192 min 257 quş, nyukasl xəstəliyinə qarşı “H” ştampı ilə 598 min 249 quş, la-sota ştampı ilə 199 min 409 cücədə, quduzluq xəstəliyinə qarşı 3 min 253 itdə peyvəndləmə tədbirləri həyata keçirilmişdir. Həmçinin emkar xəstəliyinə qarşı 152 min 105, nodulyar dermatitə qarşı 82 min 504, dermatofitoz xəstəliyinə qarşı 9 min 899, aueski xəstəliyinə qarşı 48 min 286, leptospiroza qarşı 19 min 835 iribuynuzlu, bradzota qarşı 181 min 558, çiçəyə qarşı 270 min 382, bruselyoza qarşı Rev-1 vaksini ilə 216 min 135 xırdabuynuzlu heyvanda peyvəndləmə aparılmışdır. Bütün bunlarla yanaşı, profilaktik məqsədlə 7 min 251 obyekt üzrə 1 milyon 742 min 29 kvadratmetr sahədə dezinfeksiya tədbirlərinin aparılması təmin olunmuşdur. Həyata keçirilən peyvənd­ləmə işlərini yerində yoxlamaq məqsədilə 27 reyd keçirilmişdir.
Heyvanların bol və keyfiyyətli qida maddələri ilə zəngin yemlərlə yemləndirilməsi heyvandarlığın məhsuldar genetik potensial inkişafını təmin etmiş olur. Yemlərin və yem əlavələrinin təhlükəsiz və keyfiyyətli olması isə heyvan xəstəliklərinin qarşısının alınmasında xüsusi önəm kəsb edir. Dövlət proqramında müəyyən edilən tapşırığın icrası məqsədilə 2020-ci ildə baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, bio­stimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət daha da artırılmışdır. Qeyd olunan malların idxalı zamanı xarici baytarlıq sertifikatları tələb olunmuşdur. Həmçinin muxtar respublikada fəaliyyət göstərən baytarlıq əczaxanalarında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən 11, Naxçıvan Şəhər Baytarlıq İdarəsinin əməkdaş­ları tərəfindən 10, Şərur Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 12, Ordubad Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 8, Babək Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 4, Culfa Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 2 olmaqla, ümumilikdə, 47 reyd keçirilmişdir.
Mövcud baytarlıq əczaxanalarının fəaliyyətini davam etdirməsi ilə yanaşı, Dövlət proqramının icrası məqsədilə yeni əczaxanaların yaradılması da diqqətdə saxlanılmışdır. 2020-ci ildə Babək şəhəri, Nehrəm qəsəbəsi və Culfa şəhərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanalar fəaliyyətə başlamışdır. Görülən işlər baytarlıq xidmətinin səmərəliliyinin artırılmasına xidmət etmişdir.
Heyvanların yaylaq şəraitində epizootik durumunun araşdırılması, profilaktik peyvəndlənməsi, müşahidə olunan xəstəliklərə qarşı tədbirlərin, oba və yataq yerlərində, sərhəd-yaşayış məntəqələrində dezinfeksiya, dezinseksiya və dezakarizasiya işlərinin həyata keçirilməsi məqsədilə “səyyar baytarlıq xidməti” təşkil olunmuşdur. Bu dövrdə Şərur rayonunun Günnüt, Ordubad rayonunun Saqqarsu, Xələcli, Göygöl, Culfa rayonunun Dəmirli, Gədik, Xəzinədərə, Şahbuz rayonunun Gömür dağı, Kükü dağı, Batabat, Qanlıgöl, Keçəldağ yaylaqlarında sahibkarlarla görüşlər keçirilmişdir. Dövlət proqramının icrasına uyğun olaraq 2020-ci ildə aparılan dezinfeksiya işləri adıçəkilən yaylaqları da əhatə etmişdir.
Təbii fəlakətlərdən sığortalanma və risksiz istehsalın təmin edilməsi kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdir. Aqrar sahədə istehsalın davamlılığını təmin etməyin ən önəmli ünsürlərindən biri sığorta hesab olunur. Dövlət proqramında da heyvandarlıqda sığorta işinin təşkili ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2020-ci ildə 2 min 426 sığorta müqaviləsi bağlanmışdır.
İstənilən sosial-iqtisadi sahədə inkişafı təmin etməyin başlıca yollarından biri də ixtisaslı kadr hazırlığının təşkil olunmasıdır. Muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin praktik vərdişlərinin artırılması bu sahədə peşəkar kadr potensialının formalaşdırılmasına xidmət edir. Proqramın icrasına uyğun olaraq 2020-ci ildə Dövlət Baytarlıq Xidməti tərəfindən müvafiq ixtisas üzrə Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələrlə 8, Naxçıvan Dövlət Texniki Kollecində təhsil alan tələbələrlə 14 görüş keçirilmişdir. Bütün bunlarla yanaşı, tələbələrin Süni Mayalanma Mərkəzində 2 dəfə təcrübə keçmələri təmin olunmuşdur.
Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası qarşıdakı illərdə də əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması sahəsində yeni uğurların qazanılmasına şərait yaradacaqdır.

“Şərq qapısı”