Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu gün muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, əhaliyə nümunəvi rabitə və internet xidmətlərinin göstərilməsi uğurla davam etdirilir.
Muxtar respublikada yeni texnologiyalar tətbiq etməklə rabitə və internet xidmətinin səviyyəsi ilbəil yüksəldilir, maddi-texniki baza gücləndirilir, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilir, yeni rabitə evləri inşa olunur. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrinin rabitə və informasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər sakinlərin bu xidmətlərdən səmərəli istifadəsinə geniş imkanlar açır. Muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Nazirliyin əməkdaşları tərəfindən evlərdə rabitə xətlərinə və abunə qurğularına baxış keçirilir, təmir işləri aparılır. Rabitə xətləri və abunə qurğularında yaranan nasazlıqlar qısa zamanda aradan qaldırılır.
Ötən ay ərzində 210 abonent genişzolaqlı ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) internetlə təmin olunub. Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq əhalinin internetə olan tələbatının artırılması məqsədilə bir sıra işlər həyata keçirilməkdədir. Belə ki, ilkin olaraq Naxçıvan şəhərində bir sıra yaşayış məntəqələri üzrə fəaliyyət göstərən yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarında internet kartları əlavə edilərək internet istifadəçilərinin sayının artırılmasına başlanılıb. Hazırda Naxçıvan şəhərinin Çənlibel məhəlləsində 160, Əlincə məhəlləsində 160, Əliabad qəsəbəsində 160, Qaraçuq kəndində 160 və mərkəzi Avtomat Telefon Stansiyasında 256 yerlik olmaqla, internet kartlarının sayı artırılıb ki, bütün bunlar da, ümumilikdə, 900-ə yaxın internet istifadəçisinin sayının artmasına şərait yaradıb. Bu tədbirlərin davamı olaraq rayon mərkəzlərində və kəndlərində də əhalinin internetə olan tələbatını nəzərə alaraq yeni nəsil NGN tipli Avtomat Telefon Stansiyalarında internet kartlarının sayının artırılması nəzərdə tutulub və bu sahədə müvafiq işlər davam etməkdədir.
Hazırda ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) və GPON (Giqabit passiv optik şəbəkə) internetin tarifləri 1 Mbt/s-12 manat, 2 Mbt/s-15 manat, 3 Mbt/s -18 manat, 4 Mbt/s-20 manat, 5 Mbt/s-25 manat, 6 Mbt/s-30 manat, 8 Mbt/s isə 40 manat təşkil edir.

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin nakhinternet.az internet səhifəsində internet istifadəçiləri üçün yaradılan bölmədə Asimmetrik rəqəmsal abunəçi xətti və Giqabit passiv optik şəbəkənin balanslarının artırılması xidməti və modemlərin qoşulması üçün istifadəçi təlimatları yerləşdirilib. Bunlarla yanaşı, mərkəzdə internet istifadəçiləri üçün “116” nömrəli sorğu-məlumat xidməti də fəaliyyət göstərir ki, sakinlər real iş vaxtı rejimində internetlə bağlı yaranan problemlərlə əlaqədar həmin nömrə vasitəsilə əlaqə saxlayır ki, mərkəzin aid əməkdaşları tərəfindən bütün sorğulara və müraciətlərə operativ yanaşmaqla bütün problemlər aradan qaldırılır.
Ötən ay ərzində “Evədək optika” layihəsi də uğurla davam etdirilib. Layihə çərçivəsində 5 fərdi mənzilə fiber-optik kabel xətləri çəkilib və zəruri avadanlıqlar quraşdırılıb. “Evədək optika” layihəsi müasir standartlara cavab verən GPON (Giqabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında həyata keçirilir. Texnologiya istifadəçilər üçün genişzolaqlı internet bağlantısını və yüksəkkeyfiyyətli xidməti təmin edir.
Müraciətlərinə uyğun olaraq əhaliyə və dövlət qurumlarına texniki dəstək və metodik köməkliklər göstərilib, yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində zəruri texniki tədbirlər həyata keçirilib.
Muxtar respublikada yüksəksəviyyəli rabitə xidmətinin təşkili, yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə nümunəvi rabitə və internet xidmətləri göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti