Muxtar respublikada 2021-ci ilin yanvar ayında 175 milyon 822 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz artaraq 381 manata çatmışdır.

***

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 95 milyon 608 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

***

Vəsait qoyuluşları çərçivəsində 2021-ci ilin yanvar ayında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 37 milyon 434 min 400 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 34 milyon 229 min 500 manatı və ya 91,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

***

2021-ci ilin yanvar ayında 9 milyon 40 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 2206 ton, süd istehsalı 2093 ton olmuşdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,8 faiz, süd istehsalı isə 2,3 faiz artmışdır.

***

2021-ci ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 473 min 400 manat olmuşdur ki, bu da 2020-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 9,8 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 3 milyon 225 min manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,4 faiz artmışdır.

***

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2021-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11 milyon 243 min 600 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 1 milyon 144 min 400 manatı və yaxud 10,2 faizi qısamüddətli, 10 milyon 99 min 200 manatı və yaxud 89,8 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

***

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 fevral 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 92981-ə çatmışdır ki, bunun da 80916-sı və ya 87 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar ayında açılmış 2619 bank hesabının 2618-i aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 fevral 2021-ci il tarixə 1417-yə çatmışdır.

***

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2021-ci ilin yanvar ayında 31 milyon 918 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 24 milyon 166 min ABŞ dolları təşkil etmiş, 16 milyon 413 min 900 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

***

2020-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqı 535,8 manata çatdırılmışdır ki, bu da 2019-cu illə müqayisədə 10,5 faiz çoxdur.

***

1 yanvar 2021-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 1905 nəfər artaraq 461 min 530 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti