Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də əldə olunmuş uğurlarla yadda qalıb. Belə ki, ötən il makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib. İstər sənaye, istərsə də kənd təsərrüfatı və xidmət sahələrinə yatırılan investisiyalar öz nəticəsini verib.

Ötən il sahibkarlıq subyektləri üzrə 772, ümumilikdə isə 955 yeni iş yerinin yaradılmasına imkan verən 169 istehsal və xidmət sahəsi istifadəyə verilib ki, bu layihələrin də 153-ü dövlət tərəfindən göstərilən maliyyə dəstəyi, 16-sı isə özəl investisiya hesabına olub. 2020-ci ildə muxtar respublikada sahibkarlara 37 milyon 676 min manat kredit verilib. Bu kreditlərin yönləndirildiyi istiqamətlərə nəzər salsaq, görərik ki, bunun 16 milyon 860 min manatı yeni istehsal sahələrinin yaradılmasına və genişləndirilməsinə, 20 milyon 816 min manatı isə fərdi sahibkarlığın inkişafına ayrılıb. Nəticədə, yerli məhsulların istehsal həcminin ildən-ilə artması daxili bazarın keyfiyyətli məhsullarla təmin olunması ilə yanaşı, ixrac amilini də ön sıraya çıxarıb. Xüsusilə ötən ilin muxtar respublikada “İxrac ili” elan olunması iqtisadi sahədə qarşıya qoyulmuş məqsədlərə doğru daha geniş imkanların açılmasını təmin edib. Statistikaya görə, 2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 510 milyon 547 min ABŞ dolları təşkil edib ki, bunun da 428 milyon 520 min dollarını ixrac, 82 milyon 27 min ABŞ dollarını isə idxal təşkil edib, 346 milyon 493 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Təsadüfi deyil ki, ötən il ixrac potensiallı müəssisələrdə istehsal edilən məhsullar 12-dən çox ölkəyə ixrac olunub.
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, 2020-ci il ölkəmiz, eləcə də bütün dünya üçün gözlənilməz dəyişikliklərlə müşahidə olunsa da, iqtisadi sabitliyin qorunub saxlanılması hər bir ölkədən və ya regiondan müəyyən dayanıqlılıq tələb edirdi. Əldə olunmuş uğurlu nəticələr onu göstərir ki, muxtar respublika iqtisadiyyatı bəhs olunan dövrü uğurla başa vurub. Halbuki 2020-ci ilin iqtisadi durumu bir sıra ölkələrdə müxtəlif istehsal müəssisələrinin bağlanmasına, işçilərin qismən və ya kütləvi şəkildə ixtisarlarına səbəb olmuşdu. İqtisadi dayanıqlılığın səbəbi ölkəmizdə, eləcə də muxtar respublikamızda bu cür vəziyyətlərdə işçi ixtisarlarına gedilməməsi üçün dövlət tərəfindən müvafiq maliyyənin ayrılması, kiçik və orta sahibkarlıq subyektlərinin daim dəstəklənməsidir. Maraqlı nüanslardan biri də odur ki, istənilən böhran vəziyyətlərində ən dayanıqlı olanlar kiçik sahibkarlıq subyektləridir. Çünki böyük müəssisələrdən fərqli olaraq kiçik və orta sahibkarlıq müəssisələrinin dövriyyəsi o qədər də yüksək olmur, çoxsaylı işçi kütləsi təşkil etmirlər, digər biznes-partnyorları qarşısında böyük öhdəliklərə malik olmurlar və sair. Bu sırada ailə təsərrüfatlarını, xüsusilə qeyd etmək lazımdır. Muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən hərtərəfli dövlət qayğısı onların sayının ildən-ilə daha da artmasına səbəb olur. İqtisadi dayanıqlılığın təmin olunmasına töhfə verən belə ailə təsərrüfatları ailə üzvlərinin məşğulluğu və iqtisadi tələbatlarını təmin etdiyindən bu cür vəziyyətlərdə onların dövlətə o qədər də ehtiyacı olmur. Nəticədə, dövlətin də işi yüngülləşir, ailə gəlirləri aşağı olan və ya məşğul olmayan əhali qruplarına ayrılan vəsaitləri digər istiqamətlərə yönəldir. Həm ailə təsərrüfatları, həm də kiçik sahibkarlıq subyektlərində çalışanlar mikrokollektivlərdə birləşdiyindən bu cür işçi qruplarını böhran vəziyyətlərindən çıxarmaq daha asan olur.

Yuxarıda deyilənlərlə bərabər, 2020-ci il sahibkarlarımız üçün müəyyən təcrübələr də ortaya qoydu. İlk növbədə, hər bir sahibkar bunu sınaqdan çıxardı ki, rəhbərlik etdiyi müəssisə fors-major vəziyyətlərdə necə işləməlidir. Sahibkarlarımız bunun da fərqinə vardı ki, hər bir istehsal olunan məhsul istehlakçıya daha yaxın olmalıdır. Məsələn, ötən il Nəqşicahan Holdinq tərəfindən onlayn market yaradıldı. Bunun mahiyyəti odur ki, müvafiq proqramı mobil telefonlara yükləyərək bütün supermarket məhsullarını onlayn olaraq sifariş verirsən və sifarişlər vaxt itkisinə yol verilmədən təhlükəsiz şəkildə mənzilbaşına çatdırılır. Və yaxud biz ötən il Naxçıvan şəhərində onlayn karqo (“Sürət karqo”, “Güvən karqo” və sair) xidmətlərinin fəaliyyətə başladığını və ya fəaliyyətlərinin genişləndiyini müşahidə etdik. Bu onu göstərir ki, təkcə pandemiya deyil, normal dövrlərdə də onlayn fəaliyyət getdikcə həyatımızın bir parçasına çevrilir və sahibkarlarımız da artıq bunun fərqindədirlər. Artıq klassik biznes təfəkkürü ilə gələcəyə baxmaq getdikcə daha məntiqsizləşir. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, müasir bizneslərin yaradılması və ya fəaliyyətləri ənənəvi formatdan yeniliklərə doğru hərəkət edir və buna qarşıdakı illərdə daha çox rast gələcəyik.
P.S. Qlobal araşdırmalar sübut edir ki, müasir dünyada ilk yenilikləri edən və onu cəmiyyətin istifadəsinə verən yeganə insanlar sahibkarlardır. İnternet, mobil telefonlar, geyim və aksesuarlar, avtomobil və müxtəlif texnologiyaları onlar bizə çatdırırlar. Elm adamlarının ideyaları isə o vaxt tətbiqi hesab olunur ki, həmin ideyalar onu reallığa çevirən sahibkarların düşüncələri ilə uzlaşsın, yəni cəmiyyət üçün faydalı olsun. Bəlkə də, buna görədir ki, Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyada sahibkarların adına küçələr var…

 Səbuhi HƏSƏNOV