Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası keçirilib. İclasda pomidor və xiyar bitkilərinin istixana şəraitində yetişdirilmə texnologiyası, bitkiçilikdə xəstəlik və zərərvericilərə qarşı intensiv mübarizə üsulları mövzularında söhbət açılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı naziri, Elmi-Texniki Şuranın sədri Bəhruz Bayramov bildirib ki, muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əhalinin ərzaqla təminatı artan templə inkişaf etdirilir, daxili bazar qorunur. Bu baxımdan kənd təsərrüfatına yararlı torpaqlardan düzgün istifadə edilməsi, mütərəqqi metodların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin elmi katibi Rəşid Novruzov çıxışında pomidor və xiyar bitkilərinin istixana şəraitində yetişdirilmə texnologiyasından danışıb. Bildirib ki, bazar iqtisadiyyatı şəraitində muxtar respublikamızda şüşə və pərdə örtüklü istixanaların sayı xeyli artıb. Mütəxəssis istixanaların hazırlanması, müxtəlif tərəvəz əkinlərinin keçirilmə müddəti, bitkilərin becərmə aqrotexnikası, toxumların seçilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Nazirliyin Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin baş laborantı Yeganə Quliyeva keyfiyyətli toxum istehsalı və onların məhsuldarlığa təsirindən danışıb. O bu məqsədlə tədbir iştirakçılarına əyani olaraq müasir cihazların iş funksiyaları barədə məlumat verib.
İdarənin şöbə müdiri Kərəm Rəhimov isə bitkilərin xəstəlik və ziyanvericilərə qarşı intensiv mübarizə üsullarından danışıb.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin mətbuat xidməti