Banklar cəmiyyətin sosial-iqtisadi inkişafında mühüm xüsusiyyətləri ilə xarakterizə olunur. Təkmil bank sisteminin və düzgün bank siyasətinin mövcud olduğu ölkələrdə hərtərəfli iqtisadi, sosial və mədəni inkişafın şahidi ola bilərik. Hazırda iqtisadi sistemin elə bir sahəsi yoxdur ki, bankların imkanlarından faydalanmasın. Bu gün aqrar təsərrüfatdan sənayeyə, təhsildən səhiyyəyə, nəqliyyatdan sosial fəaliyyətin digər sahələrinə müxtəlif subyektlər, ən kiçik həcmdə olsa belə, banklardan istifadə edirlər. Banklar həm də sığorta, məsləhət-xidmət işlərində, broker-diler fəaliyyətində, maliyyə bazarlarına çıxışın əldə olunmasında, daşınmaz əmlak, texnologiya bazarında saysız-hesabsız xidmətləri həyata keçirirlər.

Naxçıvan Muxtar Respublikasında da bank sistemi regionun iqtisadi və sosial həyatında böyük rola malikdir. Zaman keçdikcə bankların göstərdikləri xidmətlərin və məhsulların sayında və növündə ciddi dəyişikliklər baş verib. Hazırkı dövrdə isə bankların ən böyük xidmətlərindən biri muxtar respublika iqtisadiyyatının və ayrı-ayrı sahələrin inkişafına yönəldilən vəsaitlərdir. Kredit qoyuluşu fəaliyyətin əsas hissəsini təşkil etməklə, banklar həm öz imkanlarını genişləndirir, mənfəətini artırır, həm də müxtəlif sahələrin inkişafına töhfə verirlər. 

Statistikaya görə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 212 milyon 399 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 7 milyon 934 min manat, uzunmüddətli kredit qoyuluşu isə 204 milyon 465 min manat təşkil edir. Kredit qoyuluşu, əsasən, Dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib. Bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-dekabr ayları ərzində 179 milyon 473 min manat kredit verilib ki, bunun da 18 milyon 893 min manatını qısamüddətli, 160 milyon 580 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditlərin 13 milyon 357 min manatı kənd təsərrüfatı, 18 milyon 561 min manatı sənaye, 562 min manatı tikinti, 4 milyon 397 min manatı kommersiya, 1 milyon 112 min manatı nəqliyyat, rabitə və informasiya, 3 milyon 571 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin verilməsinə, 922 min manatı səhiyyə və sosial xidmət sahəsinə, 136 milyon 991 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Həmçinin kredit təşkilatları tərəfindən 2020-ci il ərzində 186 fiziki şəxsə 237 ədəd olmaqla, 5 milyon 97 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Bankların və qeyri-bank kredit təşkilatlarının muxtar respublika iqtisadiyyatında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasında rolu saymaqla bitməz. Əmanət və depozitlər üzrə xidmətlər, hüquqi və fiziki müştərilərin bank hesablarının açılması, bankomatlar və pos-terminalların quraşdırılması, ödəniş kartlarının paylanması, mübadilə məntəqələrinin açılması və digər məhsul və xidmətlərin təqdim edilməsi də bankların səmərəli fəaliyyətləri nəticəsində mümkün olub. Hazırda bankların regional şəbəkəsi və maliyyə xidmətləri daha da genişləndirilir. Bu gün müştərilərə internet bank, pos-terminal xidmətlərinin göstərilməsi təklif olunur. Pos-terminalların zaman keçdikcə geniş yayılmasının əsas səbəbləri kimi nağdsız hesablaşma sistemlərindən istifadənin genişləndirilməsi, əhalinin və şirkətlərin bu sistemlərə cəlb olunması, informasiya sistemlərinin təkmilləşməsi, ticarət və digər xidmət obyektlərində hesablaşmaların ödəniş kartları ilə aparılması və sair amilləri misal göstərə bilərik. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub. Bu sahədə görülən işlərin nəticəsi olaraq muxtar respublikada elektron ödəniş xidmətləri inkişaf edib, nağd ödənişlərin sayı xeyli azalıb. POS-termialların sayına gəldikdə 1 yanvar 2021-ci il tarixə 690-ı Naxçıvan şəhərində, 720-si isə rayon və kənd mərkəzlərində olmaqla, 1410 ədəd təşkil edib. Bu rəqəm 2011-ci ildə 76-ya bərabər idi. Ötən il POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 89 milyon 399 min manat olub və bir il ondan əvvəlki dövrlə müqayisədə 43 milyon 848 min manat artıb. Aparılan nağdsız ödənişlərin 31 milyon 542 min manatı POS-terminallar, 57 milyon 857 min manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib. Həmçinin 1 yanvar 2021-ci il tarixə elektron ödəniş kartı alanların ümumi sayı 265 min 583 ədəd təşkil edib.
Müasir dövrün inkişafını bank fəaliyyəti olmadan düşünmək mümkün deyil. Naxçıvan Muxtar Respublikasında da bankların fəaliyyəti üçün yaradılmış hərtərəfli şərait onların cəmiyyət həyatına böyük töhfə verməsinə geniş imkanlar açır.

Eltun İBRAHİMOV
iqtisad üzrə fəlsəfə doktoru