Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonunun 22 bələdiyyəsi və dövlət ehtiyat fondu, Babək rayonunun 12 bələdiyyəsi və qış otlağı, Culfa rayonunun 7 bələdiyyəsi, Kəngərli rayonunun 6 bələdiyyəsi və qış otlağı, Ordubad rayonunun 5 bələdiyyəsi, Sədərək rayonunun 1 bələdiyyəsi, dövlət ehtiyat fondu və qış otlağı, həmçinin Naxçıvan şəhərinin 4 bələdiyyəsi üzrə eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar xəritələşdirilmişdir.
Torpaqların elektron kadastr uçotunun aparılması ilə əlaqədar olaraq Culfa rayonunun Culfa bələdiyyəsi və Ordubad rayonunun Ordubad bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, aşkar olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. Qeyd olunan bələdiyyələr üzrə həyətyanı torpaq sahələrinin miqrasiyası başa çatdırılmışdır. Ordubad rayonunun Üstüpü, Çənnəb və Aza bələdiyyələrinin ərazilərində torpaqların qida maddələri ilə təmin olunması kartoqramları yenilənmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Xələc və Şəhriyar, Kəngərli rayonunun Qarabağlar kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırılmışdır. Şərur rayonunun Dəmirçi və Kəngərli rayonunun Şahtaxtı kəndinin ərazisində monitorinqlərə başlanılmışdır. Aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
Ötən ay 409 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 314 texniki sənəd hazırlanmış, yeni yaranmış 16 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Səyyar xidmət vasitəsilə 8 yaşayış məntəqəsində 50 vətəndaşın müraciətinə baxılmışdır. 11 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. 

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq 

Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti