Müasir dövrdə inkişaf etmiş ölkələrdə özəl sektorun əsası ailə təsərrüfatları və belə təsərrüfatların əsasını təşkil edən ailə biznesi üzərində qurulub. Ailə təsərrüfatlarının yaradılması və inkişafı yeni istehsal müəssisəsi yaratmadan məşğulluq problemlərini həll etdiyindən, əhali gəlirlərinin artmasına müsbət təsir göstərdiyindən son illərdə muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir. Belə ki, ailə təsərrüfatlarına dəstək məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalları və yarmarkaları keçirilir, müvafiq dövlət qurumları tərəfindən ailələrdə istehsal olunan məhsulların qablaşdırılmasına, satışına köməklik edilir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfatların inkişafına nail olmanın dövlətimiz üçün nə qədər böyük rol oynadığını göstərir. 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi, bu məqsədlə Ali Məclis Sədrinin 2020-ci il 6 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması isə istehsalçılar üçün yeni imkanlar təqdim edir. 

Qeyd edək ki, bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün hərtərəfli şərait mövcuddur. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması, Sahibkarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatlarına maliyyə dəstəyinin göstərilməsi, ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması belə təsərrüfat sahibləri qarşısında yeni imkanlar açıb. Həmçinin ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılması və markalanması istiqamətində aidiyyəti təşkilatlar tərəfindən lazımi köməkliklər göstərilməsi, ailə təsərrüfatları məhsullarının tanıdılması məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailələrdə istehsal olunmuş müxtəlif növ və çeşiddə məhsulların nümayişi hər bir təsərrüfat sahibi üçün mühüm dəstək sayılır.

Təbii ki, yaradılmış şərait, göstərilən dövlət dəstəyi ailə təsərrüfatlarını daha yaxşı fəaliyyət göstərməyə, daxili bazarı keyfiyyətli məhsullarla təmin etməyə, rəqabətqabiliyyətli məhsul istehsal etməklə ixraca dəstək olmağa, dolayısı ilə muxtar respublikamızın təbliğinə yeni töhfələr verməyə çağırır. Bu mənada, ailə təsərrüfatları qarşısında da bir sıra vəzifələr dayanır. Hansı ki bu vəzifələr kimsə tərəfindən qoyulmur, işgüzarlığı, zəhmətə bağlılığı ilə seçilən, daim inkişaf etməyi düşünən təsərrüfat sahiblərinin fəaliyyət amalına çevrilir.
Bildiyimiz kimi, hazırda muxtar respublikamızdakı ailə təsərrüfatlarının böyük əksəriyyətinin fəaliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Bu da təbiidir. Çünki muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin 70 faizdən çoxu kəndlərdə yaşayır və aqrar sahə bizim üçün ənənəvi olduğundan ailə təsərrüfatlarının bu sahədə böyük təcrübəsi var. Ənənəvi kənd təsərrüfatı məhsullarının tədarükü və satışı payız dövrünə təsadüf etdiyindən ilin bu fəsillərində bazarda daha çox bolluq müşahidə olunur. Bu, təbiidir, amma düşünürük ki, yerli ailə təsərrüfatlarının fəaliyyətində mövsümiliyin aradan qaldırılması təmin edilsə, (əlbəttə, bəzi məhsulların istehsalı istisnadır) bu onlar üçün də faydalı olar. Hansı ki bu gün muxtar respublikamızda bunun üçün lazımi şərait mövcuddur. Müasir istixanaların yaradılması və ondan istifadə təcrübəsini, soyuducu anbarların fəaliyyətinin genişləndirilməsini buna misal çəkə bilərik.

Digər məsələ ailə təsərrüfatlarının öz məhsullarını həm daxili, həm də xarici bazarlarda tanıtmaq, təbliğ etməklə bağlıdır. Hamımıza məlumdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yetişdirilən meyvə-tərəvəz, göyərti məhsulları və sair, eləcə də təbii şəkildə bitən meyvə, giləmeyvə, müalicəvi bitkilər öz keyfiyyəti, insan orqanizminə çoxsaylı faydaları ilə seçilir. Yuxarıda da qeyd etdiyimiz kimi, muxtar respublikanın ticarət obyektlərində ailə təsərrüfatı məhsulları üçün müvafiq guşələrin yaradılması, kənd təsərrüfatı məhsulları yarmarkaları və festivallarının təşkili bu məhsulların tanıdılmasında böyük rol oynayır. Ancaq məhsullarımızın, geniş mənada, tanınması üçün bu gün müxtəlif ailə təsərrüfatı məhsulları brendlərinin yaradılması, həm də dövrün tələbidir. Brend məhsulların yaradılması haqqında əvvəlki yazılarımızda bəhs etmişdik. Ancaq düşünürük, bu məsələyə yenidən toxunmaq pis olmaz.
Hər şeydən əvvəl bunu bilməliyik ki, muxtar respublikamızda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının hamısı daxili bazarda (Naxçıvan, Bakı və digər bölgələrdə) “Naxçıvan məhsulları” ticarət nişanı ilə satışa çıxarılır. Xarici bazarlarda və sərgilərdə isə “Made in Azerbaijan” brendi altında təqdim olunur. Eyni zamanda bu Azərbaycan brendinin altında xeyli sayda yerli brend məhsulları satılır. Digər dünya ölkələrində də belədir. Bəzən elə olur ki, məhsulun birbaşa özünü tanıdan brend getdikcə məşhurlaşaraq aid olduğu ölkə brendini də üstələyə bilir. Məsələn, Almaniyanın “Mercedes-Benz” brendi haqqında düşünərkən heç zaman onun “Made in Germany” brendinin bir hissəsi olduğunu fikirləşmirik. Bizim bəhs etdiyimiz brendlər də istehsalçılar tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsullara veriləcək adları nəzərdə tutur. Təcrübi baxımdan Naxçıvanda yerli məhsulların təqdimatında el arasında geniş yayılmış ərazi adlarından istifadə olunur. Məsələn, Sədərək üzümü, Ordubad limonu, Şahtaxtı qovunu, Nehrəm pendiri və sair. Ancaq bu adlar daxili bazar üçün səciyyəvidir. Bu gün biz məhsulumuzu geniş şəkildə tanıtmaq və ya xarici bazarlara ixrac etmək istəyiriksə, o zaman brend adlar daha münasib sayılır. Yeri gəlmişkən, bunu da vurğulamaq lazımdır ki, brend, sadəcə, məhsula ad vermək deyil. Bir məhsulun (xüsusilə qablaşdırılan) brendləşməsi illərlə zaman tələb edir və onun arxasında böyük zəhmət, qətiyyət dayanır. Yəni bu gün biz elə məhsul istehsal etməliyik ki, xarici bazarlarda istehlakçılar onlarla eyniadlı məhsul içərisində bizim məhsulumuzu seçsin və həmin məhsulu başqaları üçün də tövsiyə etsin. Əslində, bu, çox iddialı səslənsə də, Naxçıvanın buna potensialı var. Çünki Naxçıvanın məhsulları keyfiyyətinə görə bütün dövrlərdə hamı tərəfindən bəyənilib və indi də belədir. Brendin əsas “işi” keyfiyyət və inandırmaq olduğundan bizim məhsullarımız buna tam iddialı sayıla bilər. Bu baxımdan brend həm də müştəriyə verilən söz və bu sözün daim yerinə yetirilməsidir. Unutmayaq ki, yerli məhsullarımızın xarici bazarlarda özünə yer tapması qədim diyarımızın, bütövlükdə isə Vətənimizin təbliği üçün mühüm amil sayılır.
Digər bir məsələ isə istehsal olunan ailə təsərrüfatı məhsullarının fərqli istehlakçı kütlələrinə xitabən qablaşdırılmasıdır. Məsələn, sovet dövründə muxtar respublikada qida üçün nəzərdə tutulan duz istehsalı yalnız bir növdə – rəngsiz kağız qablaşdırmada üzərində “Xörək duzu” yazılmaqla satışa çıxarılırdı. İndi isə Naxçıvan duzları müxtəlif çəki və qablaşdırmalarda, həm də fərdi mətbəxlərdə, böyük yeməkxanalarda, səyahətdə istifadəsi nəzərə alınaraq istehsal olunur. Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərə töhfə olaraq ailə təsərrüfatçıları da istehsal etdikləri məhsullarda bu amili nəzərə ala bilərlər. Məsələn, əcnəbi turistlərə birdəfəlik istifadə üçün kiçik qablaşdırmada bal, kompot, mürəbbə, turşu, meyvə qurusu, yeməklərdə ədviyyat kimi istifadə olunan pencər quruları və digər məhsullar təqdim edə bilərlər. Müxtəlif ölçülərdə qablaşdırılan belə məhsullardan turistlərə getdikləri ölkələrə hədiyyə olaraq apara bilmələri üçün təklif edilə bilər. Bütün bunları nəzərə alaraq gəldiyimiz nəticə bundan ibarətdir ki, ailə təsərrüfatı sahibi olaraq biz hər bir məsələnin həllini dövlətdən gözləməməli, özümüz təşəbbüskar olmalıyıq. Nəzərə almalıyıq ki, dövlətimiz tərəfindən bu gün muxtar respublikamızın xarici ticarət əlaqələrinin genişləndirilməsi, logistika imkanlarının artırılması üçün böyük addımlar atılır. Bizə isə yaradılmış şəraitdən daha səmərəli istifadə etmək qalır.

 Səbuhi HƏSƏNOV