Muxtar respublikada həyata keçirilən ardıcıl tədbirlər,qəbul edilmiş mühüm Dövlət proqramlarının uğurlu icrası, yaradılan yeni istehsal və xidmət sahələri əhalinin səmərəli məşğulluğunu təmin etmiş, davamlı inkişafa yeni imkanlar yaratmışdır.

İqtisadi və sosial sahələrdə əldə olunmuş uğurların davamlılığının təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 797 milyon 957 min 500 manat vəsait yönəldilmişdir ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Yanvar-sentyabr ayları üzrə əsas kapitala
yönəldilmiş vəsaitlər, min manat

Bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 18938 şagird yerlik 66 ümumtəhsil məktəbi, 171 inzibati bina,14 nasos stansiyası, 79 subartezian quyusu, 50 körpü, 202 mədəniyyət müəssisəsi, 111 səhiyyə müəssisəsi, 718 istehsal və xidmət sahəsi, 8 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 110 fərdi ev, mənzil və bir sıra digər obyektlər tikilmişdir.Bundan əlavə, bu dövrdə 97 elm və təhsil müəssisəsi,o cümlədən 34240 şagird yerlik 75 ümumtəhsil məktəbi, 68 inzibati bina,8 nasos stansiyası, 20 subartezian quyusu, 19 körpü, 100 mədəniyyət müəssisəsi, 21 səhiyyə müəssisəsi, 13 idman obyekti və digər obyektlər yenidən qurulmuşdur.
Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2010-cu ildən 1 oktyabr 2020-ci il tarixədək muxtar respublikada 125 kənd mərkəzi istifadəyə verilmişdir.
Ötən dövrdə əhalinin rahatlığına və yaşayış standartlarının yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin tərkib hissəsi kimi içməli su və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması xüsusilə diqqətdə saxlanılmışdır. Bu istiqamətdə Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Naxçıvan şəhərdaxili, Tumbul, Qaraçuq, Qaraxanbəyli, Hacıniyyət və Bulqan kəndlərində içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Şərur rayonunda Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci və ikinci mərhələsi, Sutəmizləyici Qurğular Kompleksi, Zeyvə, Düdəngə kəndlərində və Cəlilkənddə içməli su şəbəkəsi, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Xəlilli kəndlərinin, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilmişdir.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilmişdir.
İnfrastruktur quruculuğunda əhali tərəfindən həyata keçirilən vəsait qoyuluşları da mühüm rol oynamış, təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına 366 min 697 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
İqtisadiyyatın dinamik inkişafının təmin olunmasında mühüm əhəmiyyətə malik olan nəqliyyat infrastrukturunun artan əhali tələbatına uyğun olaraq səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilmiş, 2010-cu ildən 1 oktyabr 2020-ci il tarixədək muxtar respublikada 1133,7 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bu dövr ərzində hava və dəmir yolu nəqliyyatının inkişafı istiqamətində infrastruktur yenilənmiş, inzibati və yardımçı binalar istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmişdir.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir.
Bu gün bütün sahələrdə qeydə alınmış dinamik inkişaf templəri əhalinin həyat səviyyəsinin və rahatlığının yaxşılaşdırılmasına, muxtar respublikanın iqtisadi qüdrətinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti