2020-ci ilin yanvar-sentyabr aylarında Şahbuz rayonunda əhalinin nümunəvi rabitə xidmətləri ilə təmin edilməsi üçün bir sıra işlər həyata keçirilib. Hazırda rayonda 3737 abunəçiyə rabitə xidməti göstərilir.
2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq Şahbuz Rayon Rabitə İdarəsi tərəfindən payız-qış aylarında sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəlif tutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Ötən dövr ərzində muxtar respublikada fiber-optik xətlərin çəkilməsi də diqqətdə saxlanılıb, Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavoduna və Daylaqlı kəndi ərazisinə fiber-optik xətt çəkilib. Bunlarla yanaşı, rayonun Güney Qışlaq, Ağbulaq, Nursu kəndlərində istismar olunan fiber-optik kabellərdə yaranmış nasazlıqlar aradan qaldırılıb. Həmçinin muxtar respublika ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi, turizm obyektlərinin sürətli internetlə təmin olunması məqsədilə bir sıra işlər görülür. Həyata keçirilən tədbirlərin davamı olaraq Ağbulaq İstirahət Mərkəzinə zəruri avadanlıqlar quraşdırılıb. Quraşdılan avadanlıq Ağbulaq İstirahət Mərkəzini kəsintisiz, sürətli internetlə təmin edəcəkdir.
Cari ilin ötən dövrü ərzində rayon ərazisində 72 yeni sabit şəbəkə telefon xətti çəkilib, 432 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti