Cari ildə bu bitkinin əkin sahələri 1549 hektar təşkil edib

Dənli bitkilər qida menyumuzda mühüm yer tutur. Dünyada əkilən dənli bitkilər sırasında buğdadan sonra ikinci yerdə gələn qarğıdalı isə həm qiymətli ərzaq, həm də yem bitkisi kimi çox faydalıdır. Qarğıdalının xalq təsərrüfatında da istifadə imkanları genişdir. Məsələn, onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt və sair istehsal edirlər. Eyni zamanda ondan un, yarma və nişasta hazırlayır, nişastadan isə qənnadı sənayesində istifadə olunur. Qarğıdalının tibbi əhəmiyyəti də vardır. Ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda istifadə edirlər. Elə bu əhəmiyyətindən irəli gəlir ki, dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi dünyada 130 milyon hektardan çoxdur. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan şimal ölkələrinədək becərilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir. Qarğıdalının yemçilik təsərrüfatında da əhəmiyyəti böyükdür. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Buna görə də onun dənindən qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən, eyni zamanda keyfiyyətli silos alınır. Bitkinin yaşıl gövdəsi heyvandarlıqda şirəli yem kimi çox faydalıdır.

Son illərdə muxtar respublikamızda da bu qiymətli bitkinin əkilməsinə maraq xeyli artıb. Bunun da bir sıra səbəbləri var. İlk növbədə, muxtar respublikanın iqlimi bu bitkinin əkilib-becərilməsinə əlverişli imkan yaradır. Mütəxəssislərin bildirdiyinə görə, qarğıdalı quraqlığa nisbətən dözümlü bitkidir. Bir sentner quru kütlə əmələ gətirmək üçün 20-30 ton su tələb edir ki, bu da vələmir və arpaya nisbətən azdır. Lakin yüksək məhsul almaq üçün o, daha çox su tələb edir. İnkişafın ilk mərhələsində hektara suyun orta sutkalıq sərfi 30-40 kubmetr, süpürgələmədən mum yetişməsinə qədər olan dövrdə isə 80-100 kubmetrə çatır. Ona görə də qarğıdalıdan 35-40 sentner dən məhsulu və ya 350-400 sentner yaşıl kütlə almaq üçün yay aylarında yağıntının miqdarı 260-300 millimetr olmalı, yaxud da suvarılmalıdır. Digər tərəfdən qarğıdalı quşçuluq təsərrüfatlarında əvəzolunmaz yem sayılır. Çünki tərkibində proteinin faizi yüksək olduğuna görə qarğıdalı yumurta istehsalında mühüm rol oynayır. Buna görə də həm maldarlığın, həm də quşçuluğun ilbəil inkişaf etdirilməsi bu bitkiyə olan tələbatı durmadan artırırdı. Digər tərəfdən muxtar respublikada digər kənd təsərrüfatı bitkiləri kimi, qarğıdalının da əkilib-becərilməsi üçün indi münbit şərait yaradılıb, buna görə müxtəlif texnikalar alınıb gətirilib. Yaradılmış şərait, heyvandarlıq və quşçuluq təsərrüfatlarına artan maraq ildən-ilə qarğıdalının da becərilməsinə marağı artırıb. Məsələn, 2009-cu ildə muxtar respublikamızda dən üçün əkilən bu bitkinin əkin sahəsi 723,6 hektar, 2012-ci ildə 845 hektar, 2019-cu ildə isə 1004 hektara bərabər olub. Bu il isə qarğıdalı əkilən sahələrin ümumi həcmi muxtar respublika üzrə 1549 hektar təşkil edib.

Qarğıdalı əkininə ən çox üstünlük verilən bölgə Şərur rayonudur. Bu il rayonda qarğıdalı əkini sahələrinin həcmi 1218 hektara çatdırılıb.Kəngərli rayonunda isə qarğıdalı əkini 71 hektar sahədə aparılıb. 260 hektar isə digər bölgələrin payına düşür.
Qarğıdalı əkini sahələrinin ildən-ilə artması belə deməyə əsas verir ki, torpaq mülkiyyətçiləri buna böyük maraq göstərirlər. Bu maraq isə ondan irəli gəlir ki, əvvəlki dövrlərdən fərqli olaraq indi torpaq mülkiyyətçiləri üçün hərtərəfli şərait yaradılıb, onlar lazımi texnika və avadanlıqlarla təmin olunurlar. Bundan əlavə, tədarük məntəqələrində qarğıdalı dəninin nağd pulla alınması əkinçilər üçün çox əlverişlidir. Digər tərəfdən dövlət tərəfindən aqrar sektora göstərilən dövlət dəstəyinin nəticəsidir ki, hər il muxtar respublikada yeni heyvandarlıq təsərrüfatları yaradılır . Bu təsərrüfatların yemə olan ehtiyacında qarğıdalı dəni çox mühüm rol oynayır. Buna görə də, qarğıdalı dəninə tələbat ildən-ilə daha da artır.

Xatırladaq ki, əvvəlki dövrlərdə bu qiymətli kənd təsərrüfatı bitkisinə olan ehtiyac idxal hesabına ödənilirdisə, bu gün artıq buna ehtiyac yoxdur. Tədarük olunan məhsulun həcmi artdıqca, ixrac üçün də geniş imkanlar açılır. Bu isə o deməkdir ki, qarğıdalı əkini torpaq mülkiyytçiləri üçün hər zaman faydalı sahə olacaq. Artıq qısa müddət sonra biçin kampaniyasına başlanılacaq. Bunun üçün hazırlıq işləri başa çatdırılıb, texnika ehtiyatı təmin olunub, lazımi aqrotexniki işlər yekunlaşdırılıb. Zəmilərə vaxtında və lazımi qulluq göstərildiyindən sahələrdə bol qarğıdalı yetişdirilib. Bu isə əkinçilərə yaxşı qazanc əldə etməyə böyük inam yaradır.

- Səbuhi HƏSƏNOV