Muxtar respublikada aqrar sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, əkin dövriyyəsinə yeni torpaqların qatılması və müasir suvarma sistemlərinin qurulması bu sahədə davamlı inkişafı təmin etmişdir.
Geniş vüsət almış meliorasiya və irriqasiya tədbirlərinin nəticəsidir ki, təkcə 2014-cü ildən 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 191,9 min paqonometr məsafədə sel və daşqınlara qarşı mübarizə tədbirləri, 456,9 min paqonometr məsafədə kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 912,1 min paqonometr məsafədə suvarma kanallarının tikintisi, yenidən qurulması və bərpası, 7810,6 hektar sahədə torpaqların meliorativ vəziyyətinin və 4988,2 hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri həyata keçirilmişdir.
Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi hazırda bu sahədə həyata keçirilən tədbirlərin əsasını təşkil etməklə aqrar sahənin inkişafına yeni imkanlar yaradacaqdır.

Meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi məqsədilə cari ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunmuşdur.
Bununla yanaşı, aqrar sektorda fəaliyyət göstərən sahibkarların lazımi texnika və avadanlıqlarla vaxtında və güzəştli şərtlərlə təminatı da diqqətdə saxlanılmış, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177 ədədi 2020-ci ilin yanvar-avqust aylarında olmaqla, cəmi 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ilin yanvar-avqust aylarında əvvəlki illərdə gətirilənlərlə birlikdə 199 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 13 ədədi nağd yolla satılmışdır.
Əhalinin ərzaqla təminatında və məhsuldarlığın yüksəldilməsində toxumçuluq xüsusi yer tutur. Bu istiqamətdə keyfiyyətli toxum istehsalının yaradılması diqqətdə saxlanılmış, cari ilin ötən dövründə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən qurulmuşdur. Cəmiyyətin istifadəsində 90-a yaxın texnika, 2 min hektara yaxın torpaq sahəsi, anbarlar, qarışıq yem istehsalı sahəsi və satış mərkəzi mövcuddur ki, bütün bunlar keyfiyyətli və tələbata uyğun toxum sortlarının istehsalına və satışına, daxili tələbatın ödənilməsinə geniş imkanlar yaratmışdır.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2020-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 118016 ton dənli və dənli-paxlalılar, 1669 ton dən üçün qarğıdalı, 134 ton dən üçün günəbaxan, 28,8 ton tütün, 44309,1 ton kartof, 51804 ton tərəvəz, 25041 ton bostan məhsulları, 28353 ton meyvə, 5190,4 ton üzüm istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli və dənli-paxlalılar istehsalı 7,5 faiz, dən üçün qarğıdalı istehsalı 11,4 faiz, kartof istehsalı 1,5 faiz, meyvə istehsalı 1 faiz, üzüm istehsalı isə 1,1 faiz artmışdır.
Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi, əhalinin ət və süd məhsullarına olan tələbatının ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, maldarlıqda qısırlığın ləğv olunması və damazlıq heyvanların əldə olunması məqsədilə 2020-ci ilin yanvar-avqust aylarında 9446 baş inək, düyə və camış süni yolla mayalandırılmışdır. Bu dövr ərzində mayalandırılmış inək, düyə və camışlardan 6805 baş sağlam buzov alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 19 avqust 2015-ci il tarixli Sərəncamına əsasən süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın müəyyən edilməsi maldarlığın dinamik inkişafına təkan vermişdir.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.
Əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Ordubad rayonunun Vənənd və Culfa rayonunun Camaldın kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır.
Muxtar respublikada mal-qaranın baş sayının artımı və cins tərkibinin yaxşılaşdırılması məhsul istehsalının davamlı artımını təmin etmişdir. Belə ki, 2020-ci ilin yanvar-avqust aylarında muxtar respublikada diri çəkidə 14778,6 ton ət, 69097,5 ton süd, 71 milyon 124 min 300 ədəd yumurta, 859,7 ton yun istehsal edilmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd və yun istehsalı hər iki halda 1,4 faiz, yumurta istehsalı 1,7 faiz artmışdır.
Məhsul istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalarla yanaşı, sahibkarlığa əlavə dəstək məqsədilə təkcə cari ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə 8 milyon 174 min 100 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 8,5 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-avqust aylarında bir il öncəyə nisbətən 3,6 faiz çox, yəni 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

Kənd təsərrüfatı məhsulu, min manat

Muxtar respublikada aqrar sahənin davamlı inkişafı yerli istehsalın genişlənməsinə, sənaye sahəsi üçün yeni xammal mənbəyinin yaradılmasına, ərzaq təhlükəsizliyinin və səmərəli məşğulluğunun təmin olunmasına geniş imkanlar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti