Bu gün qədim diyarımız Naxçıvan abadlaşıb, gözəlləşib, nümunəvi və qibtə ediləcək məkana çevrilib. İqtisadiyyatı elmi əsaslarla inkişaf etdirilən Naxçıvanda əldə olunan nailiyyətlər bir daha sübut edir ki, düzgün seçilən yol həmişə uğurlarla nəticələnir.
Bu yolda qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir, müvəffəqiyyətlərə nail olunur. Bu sırada iqtisadi siyasətin əsasını təşkil edən sahibkarlıq subyektlərinin normal fəaliyyəti xüsusi rol oynayır. Qeyd edək ki, muxtar respublikada hər il yeni-yeni istehsal müəssisələrinin açılması daimi xarakter alıb. Bu da öz bəhrələrini verib.

Statistik rəqəmlər də dediklərimizi sübut edir. Belə ki, 2009-cu il ərzində muxtar respublika üzrə 1341 fiziki şəxs sahibkarlıq uçotuna alınmışdırsa, 2019-cu ildə bu rəqəm 3594 olub ki, bunun 73,4 faizi muxtar respublika rayonlarının payına düşür. Həyata keçirilən Dövlət proqramlarının nəticəsidir ki, 2009-cu ildə muxtar respublikada 239 adda sənaye məhsulu istehsal edilirdisə, artıq bu gün 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Həmçinin ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. İllər üzrə müqayisə etsək, görərik ki, 2009-cu ildə sənaye üzrə 212 milyon 469 min 100 manat dəyərində məhsul istehsal edilmişdirsə, artıq bu rəqəm 2019-cu ildə 1 milyard 14 milyon 971 min manata çatdırılıb. Bu, qeyd olunan dövrlə müqayisədə 5 dəfəyə yaxın artım deməkdir. İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin sayı 2009-cu ildə 78 min 946 nəfər təşkil edirdisə, bu rəqəm 2019-cu ildə 98 min 142 nəfərə çatdırılıb. Digər tərəfdən 2009-cu ildə iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı 272 manat təşkil edirdisə, bu gün 527 manat səviyyəsində müəyyənləşib. Təkcə 2019-cu ildə 3250 iş yeri açılıb ki, bu da əhalinin işlə təmin olunması istiqamətində mühüm nəticədir.
Bir zamanlar əhalinin kommunal problemlərinin həll edilməsi müşkül məsələ kimi görünürdüsə, aparılan siyasət nəticəsində muxtar respublikanın hər bir bölgəsi fasiləsiz elektrik enerjisi, mavi yanacaq və digər kommunal xidmətlərlə təmin olunub, yenidən qurulan müasir infrastruktur, abad yollar hər bir sakinin ürəyində fərəh hissi oyadır.

Qəzənfər BAYRAMOV
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi