İqtisadi inkişafın və sosial tərəqqinin təmin olunmasında nəqliyyat sektoru mühüm rol oynayır. Son dövrlər muxtar respublikada bu mühüm sahənin inkişafı istiqamətində genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilmiş, müasir avtomobil yolları salınmış, hava və dəmir yolu nəqliyyatının infrastruktur təminatı yaxşılaşdırılmışdır.
Ötən dövrdə muxtar respublikanın əsas magistral yollarından olan, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan 87 kilometr uzunluğunda Naxçıvan-Sədərək, 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurulmuşdur. Bundan əlavə, 88,8 kilometr uzunluğunda Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurularaq istifadəyə verilmişdir.

Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək şəhəri-Nehrəm qəsəbə-Arazkənd dairəvi avtomobil yolu, Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu və digər avtomobil yolları yenidən qurulmuşdur. Ümumilikdə, 1 yanvar 2010-cu ildən 2019-cu ilin sonuna muxtar respublikada 1097 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulmuşdur. Bu dövrdə 69 körpü tikilmiş və ya yenidən qurulmuş, 27 körpü isə təmir olunmuşdur.
Naxçıvan şəhərində şəhərdaxili marşrutlarda xidmətin səviyyəsinin yaxşılaşdırılması istiqamətində yeni avtobuslar alınmış, muxtar respublikanın rayon mərkəzlərinə və kəndlərinə iritutumlu və rahat avtobuslarla müntəzəm reyslərin davamlılığı təmin olunmuşdur. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri istifadəyə verilmişdir.

Muxtar respublikada hava nəqliyyatının inkişafı diqqətdə saxlanılmış, yeni inzibati bina inşa olunmuşdur. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, uçuşların təhlükəsizliyinin tam təmin olunması məqsədilə “Şərq” və “Qərb” terminalları istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır.
Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu məqsədilə karqo terminalı yenidən qurulmuş, maşın və mexanizmlər üçün qaraj kompleksi yaradılmışdır.
Muxtar respublikanın rayonlarında yaşayan əhalinin bilet təminatını yaxşılaşdırmaq məqsədilə Şərur, Ordubad və Şahbuz şəhərlərində aviakassa binaları istifadəyə verilmişdir.
Cari ilin yanvar-iyul aylarında Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı üzrə də mühüm tədbirlər həyata keçirilmiş, infrastruktur yenidən qurulmuşdur.
Bu ilin yanvar-iyul aylarında “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın tikintisi, alçaq sərnişin platformasının və dartı yarımstansiyası binasının, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Həyata keçirilən tədbirlərin və ən əsası əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişinin nəticəsidir ki, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 9 milyon 96 min 900 ton yük, 56 milyon 284 min 600 nəfər sərnişin daşınmışdır. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 55,2, sərnişin daşınması isə 58,7 faiz artmışdır.

Nəqliyyat sektorunda yük və sərnişin daşınması

Yük və sərnişin daşınmasından, bütövlükdə, 28 milyon 932 min 200 manat gəlir əldə olunmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çoxdur.
Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2020-ci ilin yanvar-iyul aylarında bu sahəyə 41 milyon 169 min 400 manat vəsait yönəldilmişdir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi və nəqliyyat sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin ötən dövründə Naxçıvan şəhərində şəhərdaxili marşrutlara 6 yeni avtobus buraxılmış, 10 nömrəli marşrut xətti istifadəyə verilmiş, 6 nömrəli marşrut xətti Babək şəhərinədək uzadılmışdır.
Cari ilin ötən dövründə Şərur rayonunda Qarxun-Muğancıq Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd avtomobil yollarının və Culfa şəhərində avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır.
Hazırda Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yollarının, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Culfa rayonunun Camaldın kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika
Komitəsinin mətbuat xidməti