Gillər havanın, küləyin, yağışın və digər atmosfer hadisələrinin qayalara (çöl şpatlarına) təsiri nəticəsində əmələ gələn “yağlı” torpaqdan ibarət minerallar qarışığıdır. Gillərin mineraloji tərkibində əsas rolu laylı quruluşa malik minerallar oynayır. Müxtəlif nisbətlərdə olan silisium – 4-oksid, alüminium-oksid kimi əsas minerallardan başqa, gillərin tərkibində andoluzit, hidroarqillit, diaspor, korund, monotermit, muksovit, narkit, pirotillit adlı minerallar da ola bilir. Başqa sözlə, gillərin tərkibində əsas komponentlərdən başqa, maqnezium, dəmir, sink, kobalt, fosfor, qızıl, mis, gümüş, kalsium və sair elementlərə malik komponentlər də olur. 

Planetimizdə külli miqdarda gil yataqlarına rast gəlmək mümkündür. Bu gillər tərkiblərinə, xassələrinə və rənglərinə görə bir-birindən fərqlənir, onların hər birinin özünəməxsus üstünlükləri vardır. Məsələn, ağ gil antiseptik təsirinə görə digərlərinə nisbətən üstünlük təşkil edir. 

Bu faydalı qazıntılar üçün əsas və daha səciyyəvi xassələr aşağıdakılardır: su ilə qarışığı bulantı əmələ gətirir və xəmir kimi özüllü olur, suda şişmək qabiliyyəti var, gil xəmiri xam şəkildə ona verilən formanı alır və qurudulduqdan sonra da mühafizə edib saxlayır, yapışdırıcı və birləşdirici xassəsi var, müəyyən miqdarda su ilə doyduqdan sonra suyu özündən buraxmır, mübadilə oluna bilən ionlara, uduculuq (adsorbsiya) qabiliyyətinə malik olur və sair.
Sadaladığımız xassələr gilləri praktik baxımdan da faydalı edir. Təsadüfi deyil ki, onlardan müxtəlif məqsədlərlə istifadənin mümkünlüyü insanlara hələ lap qədim zamanlardan məlumdur. Bu, nəsillərdən-nəsillərə ötürülərək müasir dövrümüzə qədər gəlib çıxmış, getdikcə daha da genişlənmiş və yeni-yeni sahələri əhatə etmişdir.
İbtidai cəmiyyətdə Yer kürəsinin müxtəlif bölgələrində kustarçılıq inkişaf etdikcə insanlar onun yeni-yeni imkanlarını görür və görüləcək işin texnikasının təkmilləşdirilməsində əhəmiyyətini başa düşürlər. Həmin dövrlərdə əmək alətlərinin hazırlanmasında ağac və sümükdən başqa, daşdan da istifadə edilmişdir. Əmək bölgüsünün sonrakı inkişafı dulusçuluq sənətinin meydana çıxması ilə bağlı olmuşdur. Məhz bu dövrlərdə oddan ən vacib məişət əşyalarının hazırlanmasında istifadə edilməyə başlanmışdır. Bu isə, öz növbəsində, toplamaq, saxlamaq, daşımaq və sair üçün gildən saxsı qabların hazırlanmasına səbəb olmuşdur. Zaman-zaman gillərin tətbiq sahələri daha da genişlənmişdir. Müasir dövrdə gillərdən tikinti işlərində (kərpic, sement və sair istehsalında), dulusçuluqda rəssamlıqda, metallurgiya sənayesində, yağların və neft məhsullarının təmizlənməsində, kağız və rezin sənayesində, keramzit və aqloporit istehsalında, buruq quyularının qazılmasında qazma məhlulunun hazırlanmasında geniş istifadə edilir. Belə tətbiq sahələrindən biri də tibb və kosmetikadır.

Dünyanın bir çox digər bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisində də gillərin müxtəlif növləri yataqlar şəklində geniş yayılmışdır. Bu yataqlardan Şahbuz, Naxçıvan, Babək, Dəstə, Çeşməbasar, Kültəpə, Qabıllı yataqları rəsmi olaraq qeydə alınmışdır. Bu yataqların ümumi ehtiyatı 17.463.102 kubmetr təşkil edir. Həmin yataqlar haqqında qısa məlumatı oxucularımıza təqdim edirik.
Şahbuz yatağı Şahbuz şəhərindən 2 kilometr şimal-şərqdə, Qarababa kəndinin yaxınlığında yerləşir. Yatağın çöküntüləri bozumtul və tünd-boz rəngli gil və gilcələrdən təşkil olunmuşdur. Termoqrafik analizlərin nəticələrinə görə, gil materialı hidroslyuda və montmorillonit minerallarının qarışığından ibarətdir. İncə dispers hissəciklərin miqdarına görə gilcələr kobud dispers sistemlər qrupuna aiddir. Struktur tipinə görə qumlu-alevritli tipə aid edilir. Gilin ərimə temperaturu 1170-11900C-dir. Şahbuz yatağının ehtiyatı 973.540 kubmetr təşkil edir. Bu yatağın gilləri normal istidən qısalma və suudma qabiliyyətinə malikdir. Yatağın hidrogeoloji və dağ-texniki şəraiti əlverişlidir. Gillərdən “100” markalı kərpic istehsalında istifadə etmək olar.
Naxçıvan yatağı Naxçıvan şəhərindən 2,5 kilometr şərqdə, Naxçıvan-Ordubad yolunun yaxınlığında yerləşir. Yataq geoloji quruluşca tünd-boz, çəhrayımtıl-boz rəngli gilcə, gil və qumlarla təmsil olunur.
Faydalı qatın birinci horizont üzrə qalınlığı 1,8-2, ümumi orta qalınlığı 4, örtük süxurların qalınlığı isə 0,2 metr təşkil edir. Kalsium-karbonatın miqdarı 48,8-22,2 faiz arasında dəyişir. Yatağın qalıq ehtiyatı 1.513 min kubmetrdir.
Babək yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 3 kilometr şimal-qərbdə yerləşir. Faydalı qat morfoloji cəhətdən layşəkilli olub, uzanma və düşmə istiqamətində dəyişməz qalınlığa, quruluşa və keyfiyyətə malikdir.
Gilin kimyəvi tərkibində əsas komponetlərlə yanaşı, dəmir, titan , kalsium, maqnezium, kükürd, natrium və kalium da iştirak edir. Göründüyü kimi, gil süxurları kimyəvi tərkibinə görə sənayenin tələblərinə tam cavab verir. Alüminium-oksidinin miqdarına görə gil turş, yüksək miqdarda rəngləyici oksidlər saxlayan qrupa aid edilir.
Babək yatağının gilləri normal istidən qısalma və suudma qabiliyyətinə malik olub, mexaniki möhkəmliyi 100-dən yuxarıdır. Babək yatağının gillərinin keyfiyyət göstəriciləri Şahbuz yatağına çox yaxındır. Buna görə də bu yatağın xammalının bazası əsasında zavod şəraitində “100” markalı kərpic istehsalı mümkündür. Yatağın ehtiyatları 11.150.357 kubmetr təşkil edir.
Yaycı yatağı Culfa rayonunun Yaycı kəndindən 4-4,5 kilometr şimalda yerləşir. Faydalı qat orta qalınlığı 4,6 metr olan qumlu gillərdən ibarətdir, həm qalınlığı (4,4 metrdən 4,8 metrədək), həm də keyfiyyətinə görə çox dayanıqlıdır. Yatağın süxuru qumlu-alevritli və gil hissəciklərindən ibarətdir. Gilin kimyəvi tərkibində əsas komponentlərlə yanaşı, dəmir, kalsium, maqnezium, kükürd, natrium və kalium da iştirak edir. Kimyəvi analizin nəticələrinə görə, Yaycı yatağının gilləri sənayenin tələblərinə tam cavab verir, bütün keyfiyyət göstəricilərinə görə 21-78-88 saylı sahə və 530-80 saylı dövlət standartlarının tələblərini tamamilə ödəyir və həmin gillərdən “100” markadan yuxarı kərpic istehsalında istifadə etmək olar. Yatağın ehtiyatları 1,5 milyon kubmetr təşkil edir.
Dəstə yatağı Ordubad rayonunun Dəstə kəndindən 1,5 kilometr qərbdə yerləşir. Faydalı qat üfüqi yatan layşəkilli gil və gilcə süxurlarından təşkil olunmuşdur. Gilin kimyəvi tərkibində əsas komponentlərlə yanaşı, dəmir, kalsium, kükürd, natrium və kalium da iştirak edir. Nəticələr Dəstə yatağı gillərinin sənayenin bütün tələblərini ödədiyini göstərir. Həmin gillər normal istidən qısalma və suudma qabiliyyətinə malikdir. Mexaniki möhkəmliyinə görə markası 100-dən yuxarıdır. Yatağın ehtiyatları 906.405 kubmetr təşkil edir.
Çeşməbasar yatağı Naxçıvan şəhərindən 12-13 kilometr cənub-şərqdə, köhnə kərpic zavodundan 8-9 kilometr məsafədə, Çeşməbasar kəndinin yaxınlığında yerləşir. Gilin səciyyəvi xüsusiyyəti onun hər yerdə qırmızımtıl-boz rəngdə olmasıdır. Tərkibində isə aşağıdakı minerallar: montmorillonit, hidroslyuda, kaolinit, kvars, kalsit, bəzən isə kristobolit vardır. Yatağın ehtiyatları 3.435 min kubmetr təşkil edir. Hazırda yataq kərpic istehsalı məqsədilə istismar olunur.
Kültəpə yatağı Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 14-15 kilometr şimal-şərqdə, Vayxır Su Anbarından 7-8 kilometr cənubda, Naxçıvançayın sol sahilində yerləşir. Faydalı qat layşəkilli gil və gilcə çöküntülərindən ibarət olub üfüqi yatım təşkil edir. Gilcə-gil qatının müxtəlif intervallarında bozumtul rəngli qum-çınqıl çöküntülərinə rast gəlinir. Faydalı qatın daxilində bu cür 3 lay var. Tədqiqatlar göstərir ki, gilcə-gil qarışığı “İ-36-66 saylı hidrotexniki tikinti işləri üçün mineral tikinti materiallarının sınaqlaşdırılması və kəşfiyyatı üzrə təlimat”ın tələblərinə cavab verir və bənd tikintisi işlərində doldurucu xammal kimi istifadə oluna bilər. Yatağın hidrogeoloji, mühəndis-geoloji və dağ-texniki şəraiti çox əlverişlidir, ehtiyatları 1.146,8 min kubmetr təşkil edir. Yataq istismar olunmuşdur.
Qabıllı yatağı Kəngərli rayonunun Qabıllı kəndindən 100 metr şərqdə yerləşir. Alt və orta sarmat çöküntülərinin görünən qalınlığı 200-250 metrdir. Qabıllı gili yaşılımtıl-boz, sarımtıl-boz rənglərdə olur. Oda davamlılığına görə bu gillər asan əriyən gillər qrupuna aid olub, ərimə temperaturu 135000C-dən aşağıdır. Kimyəvi analizin nəticələrinə görə, gillərdə silisium 4-oksidin miqdarı yüksək olmayıb, təsnifata görə turş gillər qrupuna aiddir. Onlar yüksək miqdarda kalsium-oksid, maqnezium-oksid və rəngləyici oksidlərin (dəmir 3-oksid) olması ilə seçilir. Yatağın ehtiyatları 1.439 min kubmetr təşkil edir.
Muxtar respublikada çətin əriyən gillərin yataq və təzahürləri də vardır. Bunlara Pirigöl yatağını, Kükü və Batabat təzahürlərini misal göstərmək olar. Çox güman ki, Naxçıvanda keramika istehsalının çox qədim tarixə gedib çıxmasının səbəbi də məhz bölgədə zəngin gil yataqlarının olması ilə bağlıdır. İlk keramika nümunələri Neolit dövrünə aiddir. Həmin saxsı materialları hazırlanma texnologiyası, forma və çeşid müxtəlifliyinə görə seçilirdi. Təsadüfi deyil ki, eramızın X-XII əsrlərində yüksək inkişaf etmiş dulusçuluq sənəti Azərbaycanın bir neçə şəhərində, xüsusilə də Naxçıvanda cəmlənmişdi (ərazidə aparılan arxeoloji qazıntılar da bunu deməyə əsas verir).
Məlumdur ki, gillərdən tarixən yuyucu vasitə kimi də istifadə edilib. Hazırda yuyucu vasitə kimi üzvi maddələr əsasında alınmış saysız-hesabsız sintetik vasitələr mövcud olsa da, son dövrlər bu məqsədlə gillərə maraq yenidən artmaqdadır.
AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun laboratoriyasında Qabıllı gili əsasında qabları və saçları yumaq üçün gil tozu və pastası hazırlanmışdır. Qeyd edək ki, gil tüklərin dibini bərkitməklə yanaşı, saçlara yumşaqlıq və parlaqlıq verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan ərazisində gillərin bu qədər zəngin yataqlarının mövcudluğunu hələ orta əsrlərdən başlayaraq bölgəmizdə dulusçuluq sənətinin yüksək inkişaf etdiyini və gillərin digər çoxsaylı faydalı xassələrə malik olduğunu nəzərə alaraq gillərin bir daha ətraflı tədqiqini və onların mümkün tətbiq sahələri ilə bağlı təkliflər verməyimizi bir vəzifə kimi qarşımızda qoymuşdur. Bunu nəzərə alaraq institutumuzun əməkdaşları tərəfindən aparılan tədqiqatlar sırasına Naxçıvan Muxtar Respublikası ərazisində geniş yayılmış müxtəlif gillərin tədqiqi də daxil edilmişdir. Yuxarıda verilən məlumatlardan da göründüyü kimi, bunun üçün öncə gillər, onların əmələ gəlməsi prosesləri, kimyəvi və mineraloji tərkibləri, mühüm xassələri, məlum tətbiq sahələri və sair haqqında da lazımi ədəbiyyat materialları toplanmış və təhlil edilmişdir.

Əsas tədqiqat obyekti kimi seçdiyimiz Qabıllı yatağının mineral tərkibi müəyyən olunmuş, dəqiq kimyəvi tərkibinin təyin edilməsi üçün ondan Bakı şəhərində fəaliyyət göstərən müvafiq elmi-tədqiqat institutlarına nümunələr verilmiş, ilkin analizlər aparılmış, spektral analizi ilə bağlı əlavə məlumatlar əldə olunmuşdur. Alınmış nəticələr ətraflı təhlil edilərək gillərin tətbiqi ilə bağlı işlərin həyata keçirilməsi yolları araşdırılmaqdadır.

Tofiq ƏLİYEV
AMEA-nın müxbir üzvü, professor
Bayram RZAYEV
kimya elmləri doktoru
Əhməd QARAYEV
kimya elmləri namizədi, dosent