Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən avqust ayında payız suvarma mövsümünə hazırlıqla əlaqədar tədbirlər həyata keçirilmiş, 9,3 kilometr beton və torpaq kanal, 11 kilometr ara arxlar və 4,6 kilometr kollektor lildən təmizlənmiş, 500 metr yeni açıq drenaj kanalı qazılmış, 64 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınmışdır.

Muxtar respublika üzrə su istifadəçilərinə 31,48 milyon kubmetr su verilmiş, bunun müqabilində 26 min 662 hektar torpaq sahəsi suvarılmışdır.
Əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 400 metr mə­safədə selə qarşı istiqamətləndirici bənd ­salınmışdır.
Mütərəqqi suvarma metodlarının tətbiqi sahəsində Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 22 kilometr suvarma xətti çəkilmiş, 153 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılmışdır.
Muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində ötən ay 3,2 kilometr yeni içməli su xətti çəkilmiş, 5 kəhrizdə təmir-bərpa işləri davam etdirilmişdir. Həmçinin suvarma və içməli su mənbəyi kimi istifadə olunan 96 subartezian quyusunda təmir işləri aparılmışdır.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunun Sərxanlı kəndində 2,6 kilometr su, Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 1,6 kilometr su və 4,2 kilometr kanalizasiya, Sədərək rayonunda 1 kilometr su, 5 kilometr kanalizasiya, Kəngərli rayonunun Qarabağlar və Qabıllı kəndlərində 12 kilometr su xətti çəkilmiş, 2 subartezian quyusu qazılmışdır.

Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti