Muxtar respublikada 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 3421 manat olmuşdur.

* * *

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 648 milyon 741 min 200 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

* * *

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin bəhs olunan dövrü ərzində muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 594 milyon 960 min 600 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 568 milyon 785 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

* * *

2020-ci ilin yanvar-iyul aylarında 256 milyon 287 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13673 ton, süd istehsalı 61361 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır.

* * *

Bəhs olunan dövrdə informasiya və rabitə xidmətlərinin dəyəri 32 milyon 216 min 700 manat olmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 25 milyon 657 min 400 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,8 faiz artmışdır.

* * *

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 100 milyon 40 min 100 manat məbləğində kreditlər verilmişdir. Bu, bir il öncəki göstəricidən 1,6 dəfə çoxdur. Verilmiş kreditlərin 10 milyon 899 min 400 manatı və yaxud 10,9 faizi qısamüddətli, 89 milyon 140 min 700 manatı və yaxud 89,1 faizi uzunmüddətli kreditlər olmuşdur.

* * *

Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bunun 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

* * *

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir. 1 avqust 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 89024-ə çatmışdır ki, bunun da 77836-sı və ya 87,4 faizi aktiv hesablardır. Bəhs olunan dövrdə açılmış 22598 bank hesabının 22584-ü aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2020-ci il tarixə 1324-ə çatmışdır.

* * *

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin ilk 7 ayı ərzində 256 milyon 878 min 100 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 223 milyon 138 min 900 ABŞ dolları təşkil etmiş, 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.

* * *

2020-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 525 manata çatdırılmışdır ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz çoxdur.

* * *

1 iyul 2020-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3024 nəfər artaraq 460 min 608 nəfər olmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti