Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması torpaqlardan səmərəli istifadə olunmasında mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 2 aprel tarixli Fərmanına uyğun olaraq muxtar respublikada torpaqların elektron uçotunun aparılması, xəritələşdirilməsi və torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində əsas işlər yekunlaşdırılıb. Göstərilən dövlət qayğısı sayəsində sistemin fəaliyyətinin təmin edilməsi üçün xidmətin informasiya infrastrukturu təkmilləşdirilib, yeni serverlər və təhlükəsizlik avadanlıqları alınaraq quraşdırılıb. Proqram təminatı hazır­lanaraq xüsusi serverə yüklənib.

Hazırda sistem xidmətin mütəxəssisləri tərəfindən sınaq rejimində istismar olunur, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması üçün təkmilləşdirmə işləri aparılır. Bununla yanaşı, vətəndaşların qanuni istifadəsində olan və torpaq islahatı zamanı onların mülkiyyətinə verilmiş torpaq sahələrinə və onların mülkiyyətçilərinə dair məlumatlar vahid formada yığılaraq sistemə daxil edilib. Muxtar respublikanın bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi üçün aparılan çöl geodeziya ölçmələri başa çatdırılıb, yaşayış məntəqələrinin yeni elektron yerquruluşu xəritələri hazırlanıb. Sistemin daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyası təmin edilib.
Qeyd edək ki, elektron kadastr uçotu sistemi torpaq uçotunun müasir tələblərə uyğun aparılmasına, məkan məlumatları infrastrukturunun formalaşmasına, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə imkan verir. Adıçəkilən sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işinin başa çatdırılması torpaqların səmərəli idarə olunmasına, kadastr işlərinin yüksək dəqiqliklə aparılmasına, torpaq idarəçiliyində daha mütərəqqi idarəetmə metodları və müasir mexanizmlərin tətbiqinə, mükəmməl torpaq bankının formalaşdırılmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti