Sənayenin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı irəliləyişdən bəhs etməyə dəyməz. Çünki sənaye istehsalı mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə çatdırmağa əsaslanır ki, bu da iqtisadiyyatın davamlılığında mühüm rol oynayan istehsalçılıq vərdişlərinin qorunmasına xidmət edir. Buna görədir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində iqtisadiyyatın inkişafı daxili istehsalla birbaşa əlaqəlidir. Ölkə istehsalçıdırsa, deməli, müəyyən bir kütlənin tələbatını ödəyir. Tələbatını ödəyirsə, deməli, bunun qarşılığını alır və bu mənfəətindən də ölkə iqtisadiyyatına öz töhfəsini verir.   

Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Buna görə də həyata keçirilən iqtisadi tədbirlər sənayeləşmə prosesini sürətləndirməklə yanaşı, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsalını zərurətə çevirir. Yeni dövrün bu cür tələblərinə uyğun olaraq hazırda rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin yaradılmasına lazımi dövlət dəstəyi göstərilir. Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin inkişafı məqsədilə 2020-ci ilin yanvar-iyun aylarında bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 11 milyon 260 min manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,6 dəfə çoxdur. Eyni zamanda cari ilin ilk yarımilində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 69 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 46 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilib. Qeyd edək ki, 69 layihə, sadəcə, dövlət dəstəyi ilə yaradılandır, əlavə olaraq 12-si isə özəl investisiyalıdır. Ümumilikdə, bəhs olunan dövrdə 81 istehsal və xidmət sahəsi istifadəyə verilib ki, bu müəssisələrdə də 352 yeni iş yeri açılıb. 

Bu gün sahibkarlığa göstərilən qayğının nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib. Hazırda muxtar respublikada sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faizə yüksəlib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Rəqabətədavamlı və ixracyönlü məhsul istehsal etmək bu gün muxtar respublika sahibkarlarının qarşısında qoyulmuş mühüm tapşırıqlardan biridir. 2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan olunmasını nəzərə alsaq, bu tapşırıqların prioritetliyi daha da artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında muxtar respublikadan 152 milyon 23 min 700 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, qeyd olunan dövrdə ixrac olunan məhsulların 40 milyon 629 min 800 ABŞ dollarını kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsulları təşkil edib. Buradan da aydın olur ki, ixrac edilən məhsulların böyük bir qismi sənaye məhsullarının payına düşür. Nazirlikdən aldığımız məlumatda qeyd olunur ki, ilin birinci yarısında pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkə­yə ixrac olunub. Həmçinin bu dövrdə ənənəvi ixrac bazarları ilə yanaşı, yerli müəssisələr tərəfindən Oman Sultanlığı və Belçika Krallığı kimi ölkələrə də vafli və tütün məmulatları ixrac edilib.
Məlumdur ki, iqtisadi inkişafı xarakterizə edən əsas göstəricilərdən biri ümumi daxili məhsul istehsalıdır. Statistikaya görə, 2020-ci ilin ilk yarısında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 310 milyon 168 min 700 manat olub (bu rəqəm ötən ilin sonunda 1 milyard 15 milyon manat idi). Bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,1 faiz artıb. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 2847,6 manat olub. Analoji olaraq sənaye məhsulu istehsalında da eyni dövrlərlə müqayisədə 1 faiz artım müşahidə olunub. Yanvar-iyun aylarında muxtar respublikada 561 milyon 563 min 200 manat dəyərində sənaye məhsulunun istehsalı bir il öncəki göstəricini 1 faiz üstələyir. Bu da onu göstərir ki, artıq ümumi daxili məhsul istehsalında sənaye məhsullarının tutduğu yer artır. Rəsmi olaraq cari ilin birinci yarısının yekun statistikasına görə, ümumi daxili məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye sahəsi tutur ki, bu da həmin payın ümumi istehsalda, təxminən, üçdəbiri deməkdir.

 Səbuhi HƏSƏNOV