Bu gün ölkəmizin əsas mineral su istehsalçılarından və muxtar respublikanın qabaqcıl ixracatçı şirkətlərindən biri də “Badamlı” Mineral Sular Zavodudur. Şahbuz rayonunun Badamlı qəsəbəsində 2020-ci ildə istifadəyə verilən yeni zavod yüksək texniki imkanlara malikdir və müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır.

Zavodun suyun mənbəyində qurulması məhsul istehsalını, bu isə öz növbəsində, istehsal edilən məhsulun xarici ölkələrə ixrac imkanlarını artırıb.
Muxtar respublikada istehsal edilən məhsulların rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının artırılmasının nəticəsidir ki, bu gün “Badamlı” Mineral Sular Zavodunda istehsal edilən mineral sular daxili bazarda tələbatı tam ödəyir, istehsal keyfiyyəti və imkanlarının yüksəldilməsi Azərbaycanın digər bölgələrinə və xarici bazarlara çıxarılmasına da şərait yaradılıb. 2009-cu ildən etibarən “Badamlı” mineral suyu 5 ölkəyə ixrac olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, “Badamlı” Mineral Sular Zavodunda istehsal edilən məhsullar Qazaxıstan, İraq, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir. Ötən dövr ərzində müəssisə tərəfindən aparılan bazar araşdırması və marketinq işləri nəticəsində İqtisadiyyat Nazirliyindən alınan məişət sertifikatı əsasında zavodda istehsal olunan 44 ton mineral su Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola salınıb.
Onu da qeyd edək ki, ixrac edilən məhsulların beynəlxalq tələblərə uyğunluğunun yoxlanılmasını təmin etmək məqsədilə nazirliyin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 71 halda məişət sertifikatının verilməsi xarici ölkələrə məhsul ixracını asanlaşdırıb. Bu səbəbdən də müəssisə yaxın günlərdə Rusiya Federasiyasına da mineral su ixrac etməyi nəzərdə tutur.

- Pərviz HACILI