İndiyədək sahələrdən 16 ton 594 kiloqram yaş tütün tədarük olunub 

Kəngərli rayonunda inkişaf etdirilən sahələrdən biri də tütünçülükdür. Son illərdə “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonda yaradılmış Tütün Yetişdirmə Təsərrüfatı  bu ənənəvi sahənin inkişafını daha da sürətləndirib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ildə rayonda 31 hektar sahədə tütün əkini aparılıb. Əkin zamanı əsasən “İzmir” və “Virciniya” tütün sortlarından istifadə olunub. Əkinlər cəmiyyətin əməkdaşları və fermerlər tərəfindən həyata keçirilib. Sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydada qulluq göstərildiyindən yüksək məhsuldarlığa nail olunub.

Tütün Yetişdirmə Təsərrüfatından aldığımız məlumata görə, iyulun 23-dən Təzəkənd, Xıncab və Böyükdüz kəndlərində tütün qırımına başlanılıb və indiyədək sahələrdən 16 min 594 kiloqram yaş tütün tədarük edilib. Hazırda tütün qırımı davam edir. Belə ki, yığılmış tənbəki Tütün Yetişdirmə Təsərrüfatındakı anbarlara gətirilərək düzülür və tütünqurutma yerində qurudulur.

Qeyd edək ki, Kəngərli rayonunda Tütün Yetişdirmə Təsərrüfatı 2017-ci ildən fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb.

Babək İSMAYILOV