Bu gün muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Əsas məqsəd bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasıdır. Bu məqsədlə 2020-ci ilin ilk yarımilində muxtar respublikada sahibkarlara 18 milyon 879 min 100 manat kredit verilib. Həmin kreditin 11 milyon 336 min 100 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 7 milyon 543 min  manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 22 hüquqi və 1223 fiziki şəxs qeydiyyata alınıb.

           Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır.108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilib.

          Qeyd edilənlər bundan sonra da ümumi iqtisadi inkişafda sahibkarların xüsusi çəkisinin artacağını göstərir. Çünki artıq ölkəmizdə, eləcə də muxtar respublikamızda sahibkarlıq üçün möhkəm baza yaradılıb və bu proses yüksələn xətlə davam etməkdədir.

Xəbərlər şöbəsi