Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının potensial imkanları daha da yüksəlmiş, dayanıqlı iqtisadi sistem formalaşmışdır. Muxtar respublika iqtisadiyyatının dinamik inkişaf templəri ulu öndərimizin 90 illiyi ilə əlaqədar“Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ilk doqquz ayı ərzində də qorunub saxlanmışdır.
İlin əvvəlindən muxtar respublikada 1 milyard 586 milyon 996 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 10,6 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 30,1 faizlik payla sənaye, ikinci yeri isə 22,5 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-sentyabr aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 3685,5 manat (4697,3 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun 63,6 faizi maddi istehsal sektorunun payına düşmüşdür. 

2013-cü ilin yanvar-sentyabr ayları ərzində 2012-ci ilin müvafiq dövrünə nisbətən sənaye məhsulunun həcmi 13,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,9 faiz, nəqliyyat sektorunda yük daşınması 10,2 faiz, informasiya və rabitə xidmətləri 6,6 faiz, o cümlədən mobil rabitə xidməti 6,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 15,7 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,5 faiz, ixracın həcmi 5,1 faiz, əhalinin gəlirləri 5,9 faiz, hər bir nəfərə düşən gəlirlər 3,7 faiz, orta aylıq əməkhaqqı isə 4 faiz artmışdır.

Makroiqtisadi göstəricilər

*) müqayisəli qiymətlər üzrə

Sənaye

Muxtar respublikada müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin yaradılmasının və azad rəqabət mühitinin inkişaf etdirilməsinin nəticəsidir ki,  2013-cü ilin  yanvar-sentyabr aylarında 702 milyon 164 min manat həcmində sənaye məhsulu istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artım qeydə alınmışdır.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 47 milyon 826 min manatlıq, qeyri-dövlət sektorunda isə 654 milyon 338 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93,2 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat


İstehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 65 layihə  üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 87 istehsal və xidmət obyektinin qurulması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin ilk doqquz ayı ərzində 190 milyon 960 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində cari ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində iki yaşayış binasının və bir anbarın tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, məişət xidməti binasının, iki anbarın, bir yaşayış binasının və bir qazanxananın tikintisi, bir yaşayış binasının isə yenidən qurulması hazırda davam etdirilir.
“Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilir.
Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının inşası, Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması başa çatdırılmış, Təlim-Tədris Mərkəzinin tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri başa çatdırılmış, Ordubad rayonundakı hərbi hissədə infrastruktur obyektlərinin təmiri davam etdirilir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Cari ilin ötən dövrü ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 802 milyon 853 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki  göstəricidən 9,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 708 milyon 101 min  manatı və ya 88,2 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 362 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, hazırda 300 müxtəliftəyinatlı obyektin inşası və ya təmiri aparılır.            
İnzibati binaların tikintisi üzrə ilin əvvəlindən, ümumilikdə, 15 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 28 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilir.

Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manat

 

Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə edir. Cari ilin yanvar-sentyabr aylarında 6 kənd mərkəzinin inşası başa çatdırılmış, hazırda 14 kənd mərkəzinin inşası işləri davam etdirilir.
Muxtar respublikanın şəhər və rayonlarında kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin ötən dövrü ərzində 4 ədəd yersüpürən, 1 ədəd qarkürüyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 5 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.
Muxtar respublikada 3 yaşayış binasının tikintisi, 2 yaşayış binasının yenidən qurulması, 10 yaşayış binasının əsaslı təmiri, 4 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 6 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması, 5 yaşayış binasının əsaslı təmiri, 1 yaşayış binasının isə təmiri hazırda davam etdirilir.
Ötən dövr ərzində 10 qazanxananın tikintisi, 7 yaşayış binasında istilik xətlərinin yenidən qurulması başa çatdırılmış, 3 qazanxananın tikintisi, 4 yaşayış binasında isə istilik xətlərinin yenidən çəkilişi işləri hazırda davam etdirilir.
Əhali gəlirlərinin dinamik artımı, öz növbəsində, əhalinin şəxsi vəsaiti hesabına inşa edilən yaşayış evlərinin dinamik artımını şərtləndirir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 357 min 228 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin yanvar-sentyabr aylarındakı müvafiq göstəricidən 10 min 542 kvadratmetr və ya 3 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 oktyabr 2013-cü il tarixə Naxçıvan şəhərində 195 kilometr uzunluğunda kanalizasiya və 217,5 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 272,2 kilometr uzunluğunda içməli su və 191,8 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, 18 subartezian quyusunun tikintisi hazırda davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və səmərəli emalının təşkili, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2013-cü ilin yanvar-sentyabr aylarında proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 182 milyon 176 min manata, heyvandarlıq məhsullarının həcmi isə 64,3 faiz artaraq 76 milyon 522 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 217 ədədi 2013-cü ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1096 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmiş və bu dövr ərzində 193 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunmuşlar.
2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 2012-ci ilin məhsulu üçün əkilmiş sahədən 9  hektar çoxdur.

Cəmi əkin sahələri, hektarla

Bu dövr ərzində taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılmışdır. 2013-cü ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda, 9 min 455 hektarını isə arpa təşkil etmişdir. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 359 hektar artmışdır. Taxıl zəmilərindən 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1,1 faiz çoxdur. Artan əhali tələbatını təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində taxılın saxlanılması üçün tutumu 9 min ton olan  üç yeni bunker yaradılmışdır.   
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2013-cü ildə 2957 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2012-ci ildə əkilmiş sahədən 126 hektar çoxdur. 1 oktyabr 2013-cü il tarixə 2957 hektar sahədən 41297 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 5 faiz üstələyir.
1 oktyabr 2013-cü il tarixə 109468 ton dənli və dənli-paxlalı məhsulu (qarğıdalısız), 3878,9 ton dən üçün qarğıdalı,  694,9 ton dən üçün günəbaxan, 63584 ton tərəvəz, 37833,9 ton ərzaq üçün bostan məhsulları, 37846,7 ton meyvə, 9392,2 ton üzüm toplanmışdır. Bir neçə növ məhsul üzrə yığım hazırda davam edir.
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması işi davam etdirilir. Cari ilin ötən dövrü ərzində tutumu 50 ton olan  1 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların ümumi sayı 16-ya, ümumi tutumu isə 11 min 770 tona çatdırılmışdır. Bundan əlavə, hazırda tutumu 200 ton olan 1 soyuducu anbarın yaradılması işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərir. 2013-cü ilin yanvar-sentyabr aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətdə 0,9 faiz, tərəvəz istehsalı isə 1 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan hey­vandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərir. Cari ilin ötən dövrü ərzində 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 2 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
2013-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq təsərrüfatlarında 6043 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 4846 baş sağlam buzov alınmışdır. Ötən dövr ərzində  muxtar respublikaya 337 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
1 oktyabr 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 108 min 118 baş, qoyun və keçilərin sayı isə 657 min 97 baş olmuşdur ki, bu da 1 oktyabr 2012-ci il tarixə olan göstəriciləri hər iki halda 1,7 faiz üstələmişdir.
Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin edir. 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 14686,7 ton ət, 66262,1 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,5 faiz çoxdur.
Daxili bazarda quş əti  və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlərə uyğun olaraq, cari ilin ötən dövrü ərzində 7 yeni quşçuluq təsərrüfatı yaradılmış, 1 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılmış, hazırda 11 quşçuluq təsərrüfatının yaradılması və 2 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın inkişafı məqsədilə dövlət maliyyə dəstəyinin həcmi ildən-ilə artırılır. Cari ilin ötən dövrü ərzində bu sahəyə bank və kredit təşkilatları tərəfindən 183 min manatdan artıq həcmdə kredit verilmişdir. Hazırda 2 arıçılıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
Balıqçılıq sahəsinin inkişafı istiqamətində 1 balıqçılıq təsərrüfatının genişləndirilməsi və yeni balıq cinsinin yetişdirilməsi üzrə  işlər aparılır.
Ümumilikdə, cari ilin ötən dövrü  ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 9 milyon 772 min manata yaxın həcmdə kreditin verilməsi təmin olunmuşdur.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada  259 milyon 329 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur.
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını gücləndirir. Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikadan kənara 74 milyon 680 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinin nəticəsidir ki, torpaqların münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyi  təmin olunmuş, az məhsuldar və istifadəsiz torpaqlar yaxşılaşdırılmaqla əkin dövriyyəsinə cəlb edilmişdir. Cari ilin ötən dövrü ərzində 1 nasos stansiyası,       2 subartezian quyusu tikilmiş, 8 kəhriz təmir olunmuş, 2 nasos stansiyasının əsaslı təmiri, 1 kəhrizin bərpası, 5 kəhrizin təmiri isə hazırda davam etdirilir. Su anbarlarına suyun yığılması, kollektor-drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, yaşıllıq zolaqlarının suvarılması üçün su xətlərinin çəkilməsi, nasos stansiyalarının təmiri və yararsız suvarma xətlərinin yenilənməsi işləri davamlı aparılmaqla suvarma suyuna olan tələbat tam şəkildə təmin edilir.
Bundan əlavə, muxtar respublikada çayətrafı torpaqların yuyulmasının qarşısının alınması və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində davamlı olaraq sahilbərkitmə işləri aparılır.
Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işi davamlı xarakter almaqla iqtisadi potensialın yüksəlişinə paralel aparılmaqdadır. Bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq, cari ilin ötən dövrü ərzində muxtar respublikada 230 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublika iqtisadiyyatının ahəngdar fəaliyyətinin və əhalinin artan hərəkət dinamikliyinin səmərəli tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Hazırda Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması, Biləv-Xurs-Nəsirvaz, Düylün-Çənnəb-Məzrə avtomobil yollarının təmiri davam etdirilir.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, C.Məmmədquluzadə, Ə.Əliyev və N.Tusi küçələrində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Sərxanlı kəndində 1,5 kilometr uzunluğunda, Dəmirçi kəndində 0,8 kilometr uzunluğunda, Babək rayonunun Şıxmahmud kəndində 2,8 kilometr, Culfa rayonunun Kırna kəndində 4,2 kilometr uzunluğunda avtomobil yollarının və Şahbuz rayonunda 20 kilometr uzunluğunda Ayrınc-Qızıl Qışlaq-Güney Qışlaq-Kükü avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Şahbulaq və Kəngərli rayonunun Xok kəndlərinə giriş avtomobil yollarının, Şərur rayonunun Xanlıqlar kəndində avtomobil yolunun yenidən qurulması hazırda davam etdirilir.
Ordubad rayonunun Gənzə kəndində avtomobil yolunda və Şahbuz rayonunun Aşağı Qışlaq-Yuxarı Qışlaq avtomobil yolunda  istinad divarlarının tikintisi başa çatdırılmış, Şahbuz rayonunun Keçili kəndində avtomobil yolunda istinad divarının tikintisi davam etdirilir.
Şahbuz rayonunda doqquz, Şərur və Ordubad rayonlarının hər birində  iki körpünün tikintisi, Şərur rayonunda bir körpünün təmiri başa çatdırılmış, Şahbuz rayonunda dörd, Babək və Ordubad rayonlarının hər birində bir körpünün tikintisi,  Babək rayonunda isə bir körpünün təmiri aparılır.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 6 ədəd yükləyici ekskavator, 3 ədəd yük avtomobili, 4 ədəd vərdənə, 1 ədəd avtoqreyder, 1 ədəd asfaltyayan, hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasirtipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
Ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz, sərnişin daşınması isə 9,4 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 34 milyon 896 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 8,9 faiz çoxdur.
Muxtar respublikanın davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən olan informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı 2013-cü ilin ötən dövründə  də saxlanılmışdır.
Bu dövr ərzində Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Sərxanlı kəndində 384, Həmzəli kəndində 128, Gümüşlü kəndində 96, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32, Culfa rayonunun Kırna kəndində 384 və Şahbuz rayonunun Badamlı qəsəbəsində 128 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır.
Muxtar respublikada poçt xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Ötən dövr ərzində poçt xidmətlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal  xidmət haqları­nın poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində Şərur rayonunun Gümüşlü, Sərxanlı, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Çənnəb, Culfa rayonunun Kırna və Şahbuz rayonunun Ağbulaq kəndlərində yeni poçt bölmələri istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 1443 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 oktyabr 2013-cü il tarixə hər yüz ailəyə düşən  stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır.
1 oktyabr 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 445812 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonlarının sayı isə 104 ədəd olmuşdur.
2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,6 faiz üstələyərək 35 milyon 49 min manat olmuşdur. Ümumi xidmətlərin 85,8 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ilin müvafiq dövründəki  göstəricidən 6,4 faiz çoxdur.
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər istiqamətində cari ilin ilk 9 ayı ərzində Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının inşası işləri hazırda davam etdirilir. İcrası uğurla davam etdirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə muxtar respublikada daxili tələbatın ödənilməsi tamamilə su elektrik stansiyalarının işi hesabına təmin olunacaqdır ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.
Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri başa çatdırılmışdır.
Muxtar respublikada 32 ədəd müxtəlifgüclü transformator yarımstansiyasının quraşdırılması və 67 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı prosesi təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynayır. 1 oktyabr 2013-cü il tarixə 80 min 798 əhali abonenti təbii qazla təmin olunmuşdur. Bu dövr ərzində Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin tikintisi başa çatdırılmışdır.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı əsas iqtisadi fəaliyyət istiqamətlərindəndir. Cari ilin ötən dövrü ərzində muxtar respublikada sahibkarlığın inkişafı istiqamətində Naxçıvan şəhərində biznes forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini təmin etmək məqsədilə  Biznes Mərkəzi yaradılmışdır.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində  muxtar respublika üzrə 22 hüquqi və 925 fiziki şəxs qeydiyyata alınmışdır.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi işi ötən dövr ərzində də davam etdirilmişdir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur.
2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,9 faiz artaraq 1 milyard 192 milyon 143 min manata, onun hər bir nəfərə düşən həcmi isə 3,7 faizlik artımla 2768,5 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 375,8 manata çatmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4 faiz çoxdur.
İqtisadi sahədə həyata keçirilən dövlət siyasətinin əsas hədəflərindən biri kimi səmərəli məşğulluğun təşkili prosesi üzrə ciddi uğurlar qazanılmışdır. 2003-cü il oktyabr ayının 1-dən 1 oktyabr 2013-cü il tarixədək muxtar respublikada 58876 yeni iş yeri yaradılmışdır ki, bunun da 42430-u və ya 72,1 faizi daimi  iş yerləridir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində yaradılmış 1767 yeni iş yerinin 1632-si və ya 92,4 faizi daimi iş  yerlərinin payına düşür.

İstehlak bazarı 

Əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişi əmtəə dövriyyəsinin həcminin də genişlənməsini şərtləndirir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 890 milyon manatdan artıq həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 16,1 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Dəmirçi, Sərxanlı və Gümüşlü, Culfa rayonunun Kırna, Şahbuz rayonunun Kükü kəndlərində xidmət mərkəzlərinin inşası başa çatdırılmış, Şahbuz rayonunun Sələsüz kəndində iki, Şərur rayonunun Şahbulaq və Xanlıqlar, Babək rayonunun Cəhri, Ordubad rayonunun Ələhi, Xurs, Nəsirvaz, Bist və Nürgüt, Culfa rayonunun Teyvaz və Əlincə, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Güney Qışlaq, Qızıl Qışlaq və Ayrınc kəndlərinin hər birində bir xidmət mərkəzinin yaradılması işləri hazırda davam etdirilir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də şərait yaradır.
2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 357 milyon 313 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 13,7 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 265 milyon 641 min ABŞ dollarını ixrac, 91 milyon 672 min ABŞ dollarını isə idxal təşkil etmiş və 173 milyon 969 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil edir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün cari ilin yanvar-sentyabr ayları ərzində 116 POS-terminal quraşdırılmış və bu göstərici 1 oktyabr 2013-cü il tarixə 212-yə çatdırılmışdır. POS-terminallarından geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına, nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir edir.
1 oktyabr 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 23431-ə çatmışdır ki, bunun da 20714-ü və ya 88,4 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində açılmış 6608 bank hesabının 6554-ü və ya 99,2 faizi aktiv hesablardır.
Bu gün Naxçıvan Muxtar Respublikasında sığorta bazarı əvvəlki dövrlərə nisbətən daha çox dəyişən və inkişaf edən fəaliyyət sahələrindəndir. İctimai münasibətlərin dərinləşdiyi hazırkı dövrümüzdə muxtar respublikada şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin effektiv tənzimlənməsi təmin olunmuşdur. 2013-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 3819,7 min manat olmuşdur ki, bu da 2012-ci ilin yanvar-sentyabr aylarındakı müvafiq göstəricidən 383 min manat və ya 11,1 faiz çoxdur.

Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də sosial siyasətin mühüm tərkib hissəsi olan elm və təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri diqqət mərkəzində saxlanılmış, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elektron Kitabxanası istifadəyə verilmiş,  Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasının, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması davam etdirilir.
Şərur rayonunun Sərxanlı kəndində 234 şagird yerlik, Ordubad rayonundakı Sabirkənddə 378 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, Şərur rayonunun Dəmirçi kəndində 1026 şagird yerlik, Babək rayonunun Şəkərabad kəndində 306 şagird yerlik, Culfa rayonunun Kırna kəndində 306 şagird yerlik, Şahbuz rayonunun Kükü kəndində 198 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Şahbulaq, Ordubad rayonunun Nəsirvaz, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 11 və 16 nömrəli, Babək rayonunun Cəhri kəndində 1 nömrəli, Şərur rayonunun Xanlıqlar, Ordubad rayonunun Bist və Nürgüt, Kəngərli rayonunun Xok, Sədərək rayonunun Sədərək kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə və Şurud kəndlərində tam orta məktəb binalarının əsaslı təmiri davam etdirilir.
Ordubad şəhərində 242 yerlik, Sədərək rayonunun Heydərabad qəsəbəsində 144 yerlik uşaq bağçası binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Babək rayonunun Babək qəsəbəsində uşaq bağçası binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tikintisi, 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması başa çatdırılmışdır. Bundan əlavə, Şərur rayonunda Şərur Peşə Liseyinin tikintisi işləri aparılır.
Muxtar respublikanın ümumtəhsil məktəblərində informasiya texnologiyalarının tətbiqi sahəsində mühüm tədbirlər həyata  keçirilir. Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3355 dəst kompüter quraşdırılmış, hər 13 şagird bir dəst kompüterlə təmin olunmuşdur. İstifadədə olan 3355 dəst kompüterin 2849-u və ya 84,9 faizi internetə qoşulmuşdur. Muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilin daha keyfiyyətlə aparılması məqsədilə 512 elektron lövhə quraşdırılmışdır.
Təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğı bu sahədə keyfiyyət göstəricilərini ilbəil yaxşılaşdırmaqdadır. Ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərdən 1676 nəfəri tələbə adını qazanmışdır. Bu dövr ərzində 500-700 intervalında bal toplayan tələbələrin sayı bir il öncəyə nisbətdə 45 nəfər artaraq 312 nəfər olmuşdur. Yaradılan şəraitin nəticəsidir ki, abituriyentlərimiz ixtisas seçimi zamanı muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük verirlər. Cari ildə 692 nəfər Naxçıvan Dövlət Universitetinə, 220 nəfər Naxçıvan Müəllimlər İnstitutuna, 167 nəfər isə Naxçıvan Özəl Universitetinə daxil olmuşdur.
Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, Şərur rayonunun Dəmirçi və Sərxanlı, Culfa rayonunun Kırna, Şahbuz rayonunun Kükü kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Gümüşlü və Babək rayonunun Şəkərabad kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin, Dəri-Zöhrəvi Dispanserinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika Mərkəzinin, Babək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Xanlıqlar, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Kəngərli rayonunun Xok kəndlərində  həkim ambulatoriyası binalarının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Şahbuz rayonunun Sələsüz kəndində həkim ambulatoriyası binalarının yenidən qurulması, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Babək Rayon Cəhri Kənd Sahə Xəstəxanasının əsaslı təmiri davam etdirilir.
Sosial layihələr çərçivəsində  cari ilin ötən dövrü ərzində yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 159 cərrahi əməliyyat, o cümlədən 28 nəfər xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 71 nəfər xəstədə göz və 55 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmış, 16 nəfər xəstənin ürək damarlarına stend qoyulmuşdur.
2013-cü ilin ötən dövrü ərzində  muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 599 min manata yaxın həcmdə  ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,8 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğun mütənasiblikdədir.
Ümumilikdə, bu dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 190 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanı məhdud olan 185 uşağın müalicəsi təşkil edilmiş, eyni zamanda onurğa və sinir xəstəlikləri olan 22 nəfər Ukrayna Respublikasına müalicəyə göndərilmişdir. Ötən dövr ərzində 78 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmiş, sosial qayğıya ehtiyacı olan 30 şəxsə minik avtomobilləri verilmiş, bir ailə üçün fərdi yaşayış evinin tikintisi hazırda davam etdirilir.
Muxtar respublikamızda demoqrafik siyasət əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi fonunda reallaşdırılır.
1 oktyabr 2013-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 9065 nəfər və ya 2,1 faiz artaraq 433954 nəfərə çatmışdır. Cari ilin ötən dövrü ərzində 7915 körpə doğulmuşdur ki, bu, 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 157 nəfər çoxdur.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, öz növbəsində, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. Cari ilin ötən dövrü ərzində  bu göstərici 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 50 faiz azalaraq 3 nəfər təşkil etmişdir. Perinatal ana ölümü isə sıfır səviyyəsindədir.
Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi həyata keçirilir. 2013-cü ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. 2013-cü ilin yanvar-sentyabr ayları üzrə Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları keçən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz, o cümlədən özəl sektor üzrə daxilolmalar 42,2 faiz artmışdır.
Bədən tərbiyəsi və idman infrastrukturunun müntəzəm əsasda yaxşılaşdırılması istiqamətində cari ilin ötən dövrü ərzində Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi, Naxçıvan Muxtar Respublika Stadionunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin binasının və Şərur rayonunda əl oyunları idman kompleksinin əsaslı təmiri hazırda davam etdirilir. Cari ilin ötən dövrü ərzində idman sahəsinin inkişafı istiqamətində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun peşəkar futbola qayıdışı üzrə əsaslı tədbirlər görülmüşdür.
Mədəniyyət obyektlərinin inşası və bərpası istiqamətində Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının və Fəxri Xiyabanın, Gənclər Mərkəzinin, Naxçıvançay vadisində parkın tikintisi, “Naxçıvanqala” tarixi abidəsinin bərpası aparılır.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa çatdırılmışdır.
Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidlərin tikintisi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin təmiri davam etdirilir.
Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin əsaslı təmiri, “Buzxana” tarix-memarlıq abidəsinin bərpası başa çatdırılmış, “Naxçıvanqala” tarixi abidəsinin ərazisində və Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin tikintisi, Ordubad şəhərində Y.Məmmədəliyevin ev-muzeyinin və Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmiri davam etdirilir.
Naxçıvan şəhərində Saat Meydanı və parkın tikintisi başa çatdırılmış, Culfa rayonunda Dövlət Bayrağı Meydanının tikintisi, 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə Babək rayonunda ucaldılmış abidə kompleksinin təmiri işləri davam edir.
Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin işinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərə uyğun olaraq, cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi yeni texniki avadanlıqlarla təchiz edilmişdir.
Turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilməsi üçün mühüm tədbirlər görülmüş və bir sıra nəticələr əldə edilmişdir. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 291 min 968 nəfər turist gəlmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 3,5 faiz və ya 9 min 862 nəfər üstələyir. Yeni turizm komplekslərinin, o cümlədən cari ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin, digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmağa imkan yaradır.

Hüquq-mühafizə orqanları ilə iş

Əvvəlki dövrlərdə olduğu kimi, cari ildə də muxtar respublikada hüquq-mühafizə orqanlarının işinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi işi diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının və təlim mərkəzinin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur və Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin inzibati binalarının və texnika parklarının tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, imtahan və texniki baxış şöbəsinin Şərur rayonlararası müayinə mərkəzinin tikintisi hazırda davam etdirilir.
Ümumilikdə, muxtar respublikanın iqtisadi və sosial həyatı cari ilin ilk doqquz ayında çoxsaylı uğurlar və nailiyyətlərlə zəngin olmuş, makroiqtisadi sabitlik və davamlı inkişaf qorunub saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi