“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin illər əvvəl dediyi bu sözlərin təsdiqini indi daha yaxşı görürük. Bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan inkişaf etdikcə dövlətimizin də gücü artır və bu güc bütün sahələri əhatə edir. Təbiidir ki, bütün dünyanın mütərəqqi ölkələrində olduğu kimi, ölkəmizdə də sahibkarlığın inkişaf etdirilməsi müasir biznesin təməl prinsipləri kimi qəbul olunur.

Təcrübə göstərir ki, inkişaf etmiş dünya ölkələrində iqtisadiyyatın əsası kiçik biznes sahələri üzərində qurulub. Bəs nəyə görə kiçik biznesin? Birinci ona görə ki, kiçik biznes gələcək sahibkar üçün gözəl seçim imkanları yaratmaqla bərabər, həm də özündə o qədər də böyük riskləri daşımır. İkincisi, kiçik biznesdə istehsal edilən məhsul, göstərilən xidmət və sair geniş müştəri kütləsinə hesablanıb. Üçüncüsü isə bu kiçik sahə sahibkara böyük təcrübə qazandırır və ona daha böyük sahələrə gedən yollar üçün imkanlar açır. İqtisadçı olmasam da, son aylarda inkişaf etmiş və etməkdə olan ölkələrdə biznesin inkişafı ilə bağlı apardığım araşdırmalar mühüm və maraqlı nəticələr əldə etməyimə səbəb oldu. Əldə olunan məlumatları təhlil etdikcə onun da fərqinə vardım ki, ölkəmizin, həmçinin muxtar respublikamızın  iqtisadi inkişafı getdikcə artır, ancaq iqtisadiyyatda yeni üsulların, dünya biznes məkanında gedən proseslərin uğurlu tərəflərinin tətbiqi bizə də lazımdır və bu yalnız xeyir gətirə bilər. Düşündük ki, bu nəticələr haqqında fikirlərimizi oxucularımızla bölüşək.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində kiçik biznesə çox böyük önəm verilir. Məsələn, Almaniyada bütün işləyənlərin 70 faizdən çoxu kiçik və orta bizneslə məşğuldur. İşçi sayı 10 nəfərdən o tərəfə keçməyən çörəkbişirən, dərzi, bərbər, təmirçi, kiçik mağaza və müxtəlif sənətkarlıq işləri həyata keçirən müəssisələrin sayı 3 milyondan çoxdur. Araşdırmalar zamanı yaşlı ata, ana və 21 yaşlı oğulun oteldə həm sahibkar, həm də xidmətçi kimi fəaliyyət göstərməsi, 4 nəfərlik ailənin məşhur “Daimler” avtomobil şirkəti üçün ehtiyat hissə istehsal etməsi rast gəldiyim maraqlı faktlar içərisində idi.
Müasir dövrdə biznesin qapıları  hər kəsin üzünə açıq olsa da, biznes yalnız cəsarətli, məqsədli və əzmkar insanların işidir. İqtisadi təhlilləri ilə tanınmış məşhur “Forbes” jurnalının apardığı araşdırmalara görə, dünyada əmək qabiliyyəti olan əhalinin 94 faizi öz biznesini qurmaq barədə düşünsə də, reallıqda onların yalnız 6 faizi bu işi həyata keçirir. Maraqlı burasındadır ki, yeni açılan biznes sahələrinin cəmi 15 faizi rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir.  
Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, istənilən sahəni əhatə edəcək biznesi qurarkən ciddi şəkildə düşünməlisən. Aylardır, bu işlə dərindən maraqlanmağım və böyük şirkətlərin marketinq təlimləri ilə virtual tanışlıq belə bir nəticəyə gəlməyə imkan verir ki, istənilən işi görmək üçün mütləq şəkildə pozitiv düşüncəyə malik olmalısan.  Alman tədqiqatçıların menecment sahəsində apardığı araşdırmaya görə, xoş əhvalla işləyən adamlar narazı olanlarla müqayisədə gördüyü işi ən azından iki dəfə daha artıq effektiv yerinə yetirir. Ancaq bizdə isə iş qurmaq istəyənlərin böyük bir qismi işə başlamaq ərəfəsində daha çox pozitiv olurlar, nəinki prosesin növbəti mərhələlərində. Bu neqativlik isə sonradan kollektivə də böyük təsir edir və nəticədə, işin effektivliyi azalır. Unutmaq lazım deyil ki, kiçik sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan dövlətinin marağındadır! İşini düzgün quran, fəaliyyətini qanuni çərçivədə davam etdirən istənilən sahibkarın hüquqları qanunvericiliklə tənzimlənir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bizdə sahibkarlar istənilən bir işə başlarkən paralel olaraq onun qazancı haqqında düşünürlər. Ancaq sahibkarları ilkin olaraq istehsal edəcəyi məhsul düşündürməlidir: “Necə məhsul istehsal edim ki, müştərilər bu məhsula biganə qalmasınlar?” Statistikaya görə, Avropada yeni iş quran sahibkar 6 aydan 2 ilə qədər olan müddətdən sonra pul qazanmağa başlayırsa, bizdə bu, 2-ci aydan sonra başlayır. Yəni istənilən keyfiyyətli məhsulun böyük müştəri kütləsi tərəfindən qəbul edilməsi aylarla yox, bəzən illərlə sürə bilir. Bu isə xarici sahibkarı heç də narahat etmir. Çünki onun həm də hədəfləri var. Bizdə isə nəinki yeni işə başlayanların, bəzi hallarda kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin belə biznesdə hədəfləri olmur. Mövzunu araşdırarkən kiçik bir təcrübə aparmışdım. Son iki il ərzində şəhərin müxtəlif yerlərində ərzaq mağazası açan və müəyyən səbəblərdən bağlamaq məcburiyyətində qalan fiziki şəxslərdən 3-ü ilə görüşüb, niyə fəaliyyətlərini davam etdirmədiklərini soruşmuş, fərqli cavablar alsam da, heç kim “günahı” özündə görməmiş, müəyyən səbəblər gətirmişlər. Onların hər üçünə ünvanladığım “ərzaq satışı ilə məşğul olmaqda əsl məqsədiniz, hədəfiniz nə idi?” sualına “məqsəd ailəmizi dolandırmaqdır” cavabını almışdım. Qeyd edim ki, ailə dolandırmaq biznesdə heç zaman hədəf olmayıb, olmayacaqdır da. “Bəs mağazanız nə qədər müştəri kütləsinə xidmət göstərirdi və satışı artırmaq üçün hansı vasitələrdən istifadə edirdiniz?” sualı isə həmsöhbətlərim üçün yeni bir mövzu idi. Bu heç də o demək deyil ki, şəhərdə fəaliyyət göstərən ən yaxşı mağazalar xüsusi biznes-planla idarə olunurlar. Ancaq söylədiyim tərəflər praktik biznesdə həm məhəllə, həm də şəhər mərkəzindəki mağazalar üçün keçərlidir.  Buradan isə belə nəticəyə gəlmək mümkündür ki, istənilən uğurlu biznes özündə indi sadalayacağım üç cəhəti birləşdirir:
Birincisi, istənilən işə müsbət düşüncələrlə başlamalısan. Eyni zamanda quracağınız iş üçün hədəflər müəyyənləşdirilməlidir. Nəzərdə tutulmuş müştəri kütləsinin – bazarın bütün tərəflərini kiçik detallarına qədər nəzərdən keçirmək çox vacibdir. Müxtəlif dövrləri əhatə edəcək həmin hədəflərin ardıcıllığı isə tərtib olunacaq biznes-planda öz əksini tapmalıdır.
İkincisi, istehsal edəcəyiniz məhsulun keyfiyyətinə çox bağlanmalısınız. İstehsal edəcəyiniz və ya satacağınız məhsulu elə sevməlisiniz ki, bunu müştəriyə təqdim edərkən həm keyfiyyət baxımından, həm də müştəridə oyatdığı müsbət emosiya baxımından qürur hissi keçirəsiniz.
Və nəhayət, üçüncü amil – insan resursları. Ən uğurlu məhsul dinamik inkişaf edən bazarda olsa belə, bu prosesi idarə edəcək ixtisaslı kadrlara, yəni təcrübəli işçilərə ehtiyac var. Elə sahibkarların ən çox qarşılaşdıqları problemlərdən biri də budur. Bəzən sahibkarlar  yeni işə başlayan zaman bu cür işçiləri cəlb etsə də, onların əməkhaqqını ödəmək üçün maliyyə resursu tapa bilmir. Buna görə də peşəkar kadrı özü yetişdirmək məcburiyyətində qalır. Ekspertlər bu cür hallarda uyğun partnyorlarla işləməyi daha çox məsləhət görürlər.  
Bütün bunlarla bərabər, dünya biznes təcrübəsində sahibkar-işçi və ya sahibkar-satıcı münasibətləri də mühüm əhəmiyyət daşıyır ki, bu da uğurlu biznesin əsas istiqamətlərindən sayılır. Növbəti yazıda bu məsələlərə aydınlıq gətirəcək, biznesdə insan faktorunun əhəmiyyətindən bəhs edəcəyik.

Səbuhi HƏSƏNOV