Meliorasiya tədbirləri qazanılan uğurlarda başlıca amillərdən biridir

Şərurun coğrafi vəziyyətinə, torpaq və iqlim şəraitinə bələd olanlar yaxşı bilirlər: bölgənin münbit, məhsuldar torpaqları var. Ancaq yayı çox isti, qışı sərt, qarlı-çovğunlu keçən bir ərazidə bol məhsul yetişdirmək, sözün əsl mənasında, ikiqat, üçqat zəhmət, səy və bacarıq tələb edir. Doğrudur, həmişə torpaqla təmasda olan, ruzisini torpaqdan çıxaran şərurlular işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar.

Lakin məsələnin başqa tərəfləri də var. Yeri gəlmişkən, mən burada iki misal çəkməklə fikrimi bildirmək istəyirəm. Ötən əsrin 70-ci illərində təsərrüfat suyuna tələbatın ödənilməsi məqsədilə 150 milyon kubmetr su tutumuna malik olan Arpaçay dəryaçasının yaradılması rayonun bərəkətli torpaqlarını cana gətirmiş, gülüstana döndərmişdi. O illərdə Şərur respublikamızın ən qabaqcıl kənd təsərrüfatı rayonlarından biri hesab olunurdu. Üzüm istehsalı yüz min tonu ötmüş, digər kənd təsərrüfatı məhsulları – taxıl, bostan-tərəvəz, barama istehsalı da rekord həddə çatmışdı. Bayaqkı fikrimin üstünə qayıdıram. Bəli, iqlim şəraitindən asılı olmayaraq, Arpaçay Su Anbarının istifadəyə verilməsi, vaxtında həyata keçirilən yüksək aqrotexniki tədbirlər, gərgin səy və zəhmət, nəticə etibarı ilə, indi də bol məhsul götürməyə imkan verir.

Mən burada başqa, daha mühüm bir məsələ üzərində də dayanmaq istəyirəm. Bu da keyfiyyətlə aparılan meliorasiya tədbirləri, torpaqların münbitləşdirilməsi, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi və sair işlərdir. O da aydındır ki, səmərəli meliorasiya tədbirləri görülmədən əkinçilikdə yüksək məhsuldarlıqdan söhbət gedə bilməz.
Ümumiyyətlə, bu barədə danışarkən bir mühüm həqiqəti mütləq yada salmalıyıq. Unutmaq olmaz ki, həyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də əsaslı inkişaf və yüksəlişin əsası ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə qoyulmuşdur. Əslində, hazırkı məhsul bolluğu məhz həmin illərdə həyata keçirilmiş əsaslı tədbirlərlə bilavasitə bağlıdır. Belə ki, min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, yeni kanallar çəkilmiş, subartezian quyuları qazılmışdır. Bundan əlavə, torpaqların sağlamlaşdırılması məhsuldarlığın yüksəldilməsi, ümumi məhsul istehsalının artırılması ilə nəticələnmişdir.
Olduqca sevindiricidir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənələr bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Aparılan ardıcıl islahatlar, imzalanmış fərman və sərəncamlar, həyata keçirilən kompleks tədbirlər dediklərimizə əyani sübutdur.
Payız, ilk növbədə, kənd, torpaq adamı üçün, sözün əsl mənasında, bir imtahandır. Ona görə ki, il boyu çəkilən gərgin zəhmətə, bir növ, yekun vurulur, haqq-hesab çəkilir, gəlir-çıxar müəyyənləşdirilir, kimin necə işlədiyi məlum olur. Bu ilin payızı isə muxtar respublikamıza daha çox bolluq, bərəkət gətirmişdir. Bunu Şərur rayonunun timsalında da aydın görmək olar. Belə ki, ümumi məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmış, məhsuldarlıq yüksəldilmişdir. İndi Şərurda elə fermerlər var ki, əvvəlki illərlə müqayisədə taxıl istehsalını 2-3 dəfə artırmışlar.
Burada, əlbəttə, meliorasiya və su təsərrüfatı işçilərinin ağır, gərgin və səmərəli əməyini ayrıca qeyd etmək lazımdır. Axı bol məhsul, necə deyərlər, öz-özünə hasilə gəlmir. Suvarma suyu, vaxtında və keyfiyyətlə həyata keçirilən meliorasiya tədbirləri xüsusilə vacibdir.
Bu gün Şərur Rayon Suvarma Sistemləri İdarəsi 12 min 400 hektar əkin sahəsinə xidmət edir. Əlbəttə, bu, hər şeydən əvvəl, böyük məsuliyyət, işin dəqiq və ardıcıl təşkili, ciddi icra intizamı tələb edir. Onu da əlavə edək ki, son vaxtlar idarədə bu istiqamətdə bir sıra tədbirlər işlənib həyata keçirilmiş, bütün sahələrdə iş yenidən qurulmuşdur.
Kəndi, əkib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək mümkün deyil. Ona görə də çalışılır ki, Arpaçay Su Anbarının gücündən səmərəli istifadə edilsin. Eyni zamanda əkin sahələrinin suvarılması subartezian quyuları və Araz çayının sahillərində quraşdırılan nasos stansiyaları vasitəsilə həyata keçirilir. İdarənin balansında olan 30 nasos stansiyası həmişə saz saxlanılır. Bu ilin 9 ayında su mənbələrindən 73,6 milyon kubmetr həcmində su istifadəçilərə çatdırılmışdır.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəmməd Cəlilov söhbət zamanı meliorasiya və su təsərrüfatına dövlət qayğısını xüsusi vurğuladı:
– Bir tərəfdən qayğı və diqqətin yaratdığı məsuliyyət, digər tərəfdən də rayonumuzun və muxtar respublikamızın kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün həyata keçirilən dövlət pro­qramlarının icrasının qarşımıza qoyduğu vəzifələr bizi fəaliyyətimizdə daha diqqətli olmağa səsləyir. Yeri gəlmişkən, burada xüsusi qeyd edilməli vacib bir məqam var. Əvvəllər böyük təsərrüfatlar, kolxozlar, sovxozlar vardı. Su, necə deyərlər, təsərrüfat rəhbərinə təhvil verilirdi. O, hansı sahəyə, hansı briqadaya suyu nə vaxt verəcəyini özü müəyyənləşdirirdi. İndi isə hər kənddə yüzlərlə torpaq mülkiyyətçisi, fermer, sahibkar var. Bu gün əkin qabaqlar olduğu kimi on hektarlarla sahəni əhatə etmir. Əvvəla, həmin sahələr kənd adamları arasında bölünüb. İkinci bir tərəfdən, o sahələrin hamısında eyni bitki əkilmir. Bax Suvarma Sistemləri İdarəsinin işindəki çətinlik bundan ibarətdir. Bütün bunlara baxmayaraq, kənd adamları, fermer və sahibkarlarla əlbir, qarşılıqlı fəaliyyət, işin düzgün təşkili, intizam və tələbkar­lığın artırılması nəticəsində uğurlar ildən-ilə artır.
İdarə rəisi qeyd etdi ki, rayonda suvarma şəbəkələrinin, beton və torpaq məcralı kanalların uzunluğu 305 kilometrə çatır. Cari ilin ilk 9 ayında onun 39 kilometri lildən təmizlənmiş, 992 min 800 kubmetr torpaq işləri görülmüşdür. Bu müddət ərzində torpaq mülkiyyətçilərindən 30 min 240 manat su pulu toplanmış, doqquzaylıq plan 101 faiz yerinə yetirilmişdir.
İdarə rəisi daha sonra dedi:
– Yaxşı işləmək bizim borcumuzdur. Təsəvvür edin ki, kənd adamı, fermer, sahibkar il boyu minbir zəhmətlə, əziyyətlə məhsul əkib-becərir, son nəticəni gözləyir. Təbii ki, nəticə isə həm də vaxtında və düzgün aparılan suvarma tədbirlərindən çox asılıdır. Bu sarıdan əkinçilərin yanında başımız ucadır.
Həqiqətən də, Şərurun göstəriciləri fərəh doğurur. Təkcə bu ilin ilk 9 ayında 28 min 247 ton taxıl, 9 min 995 ton kartof, 18 min 153 ton tərəvəz, 1525 ton paxlalı, 2468 ton dən qarğıdalı, 5303,5 ton bostan məhsulları, 17 min 685 ton meyvə, 945 ton üzüm və sair istehsal olunmuşdur.
Əhalinin içməli su ilə təchizatı da bu idarənin üzərinə düşür. Aralıq kəndində hərəsi 4 min kubmetr su tutan 2 anbar fəaliyyət göstərir. Su anbarı Şərurun 16 kəndinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin, Qabıllı və Xok kəndlərinin əhalisini içməli su ilə təmin edir. Əlbəttə, iş təkcə bununla bitmir. 453 subartezian quyusundan 403-ü işlək vəziyyətdə əhalinin xidmətindədir.

Dədə-babalarımız həmişə bir-birinə xoş gün arzulayanda deyiblər: görüm, suyun axsın, otun göyərsin, çörək təknən dolu olsun. Bu gün Şərurun hər bucağında sular çağlayır, təknələr, anbarlar doludur. Əhali bütün bunlardan şükranlıq edir, dövlət qayğısına görə Azərbaycan Prezidentinə və Ali Məclis Sədrinə minnətdarlığını bildirir.

Cəfər ƏLİYEV