Muxtar respublikada vergi ödənişlərinin və sığorta haqlarının vaxtında və tam şəkildə büdcəyə ödənilməsi əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılmasına və iqtisadiyyatın davamlı inkişafına şərait yaradır. Vergi­ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi fonunda sahibkarlıq fəaliyyətinin daha da gücləndirilməsi və genişləndirilməsi istiqamətində işlər davam etdirilib, həmçinin ödəyicilər vergi və digər qanuni ödənişləri vaxtında büdcəyə köçürüb. Belə ki, cari ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 104,4 faiz icra olunub.

Vətəndaşların sosial təminatlardan yararlanması üçün ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 108,7 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 104,2 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.
Muxtar respublikamızda iqtisadi potensialın səmərəli istifadəsini təmin etmək məqsədilə özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə rayonlarda mikrosahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə iyun ayında 2 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bəhs olunan dövrdə yerli vergi orqanları tərəfindən 263 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 79 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin
mətbuat xidməti