Təbiəti bütün gözəllikləri ilə görmək, kəndlərimizin mənzərəsi ilə yaxından tanış olmaq işimizlə əlaqədar olaraq bizə tez-tez nəsib olur. Kəndlərimizin təbii gözəlliyi, oradakı yeniliklər  həmişə diqqətimizi cəlb edir.  Kənd deyiləndə ilk olaraq göz işlədikcə uzanan yaşıllıqlar içində görünən çay daşlarından hörülmüş evlər, qoyun-quzu sürüləri, bağ-bağatlar, göz yaşı kimi bulaqlar gözümüzün önündə canlanır. Təbii ki, bir də yöndəmsiz, nizamsız yolları, insanların çətin məişət şəraitində yaşamasını xatırlayırıq. Ancaq indi kəndlərimizin mənzərəsinə yeni rənglər, çalarlar əlavə edilib, kəndlinin zaman- zaman qarşılaşdığı çətinliklər arxada qalıb.

Ölkəmiz qüdrətləndikcə kənd­lərimizin də mənzərəsi dəyişilib, bu yaşayış məntəqələrinə yeni həyat bəxş edilib. Qara çıraqları par-par yanan neon lampaları, hisli-tüstülü odun sobalarını mavi alovla şölələnən ocaqlar əvəz edib. Bütün bu inkişafın ötən günlərdə yolumuz düşdüyü Çalxanqala kəndində də şahidi olduq, kənddən çox müasir qəsəbəyə bənzəyən bu yaşayış məntəqəsinin xeyli dərəcədə dəyişməsindən haqlı qürur hissi keçirdik. Gördük ki, insan zəkası, insan amilinə diqqət mümkünsüzü mümkün edib.

Əvvəllər kənd yollarının keçilməz olması həmişə bu yerlər haqqındakı xoş xatirələrimin üzərinə kölgə salıb. Yolların yağışlı və qarlı günlərdəki vəziyyətini təsəvvür edib kəndlərin hər kəs tərəfindən unudulduğunu fikirləşdiyim vaxtlar da olub. Ancaq avtomobilimiz Çalxanqalaya doğru yol alanda bir daha kəndlərimizin nə  qədər böyük qayğı ilə əhatə olunduğunun şahidi oldum. Bu dağətəyi kəndin yolu şəhər yollarından keyfiyyətinə və gözəlliyinə görə heç də fərqlənmir. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”   2011-ci il 2 sentyabr tarixli Sərəncamına əsasən, 39,2 kilometrlik Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu yenidən qurulub. Layihə çərçivəsində yolun hərəkət hissəsinin eni 7,2, yol yatağının eni isə 8,5 metrədək genişləndirilib. İki hərəkət zolağından ibarət olan yolun üzərində 1 körpü, 5 su keçidi və 51 suötürücü inşa olunub, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikilib. Yolun yaşayış məntəqələrindən keçən hissəsində 4416 metr uzunluğunda hasar çəkilib, əsas yola birləşən köməkçi yollar təmir edilib.
Kəngərli rayonunun dağətəyi zonada yerləşən qədim yaşayış məntəqəsi, ulu tarixin izlərini bu gün də yaşadan yurd yeri Çalxanqala tarixin daş yaddaşı olan qalası ilə tanınır. Kəndin yaxınlığındakı dördkünc formada olan abidə-qala Çalxan dağının üzərində hündür bir ərazidə yerləşir. 1969-cu ildən burada tədqiqatlar aparılmasına başlanılıb. Müəyyən edilib ki, qalanın tarixi eramızdan əvvəl ikinci minilliyə aiddir. 0,7 hektar sahəni əhatə edən qalanın divarları iri daşlardan hörülüb. Divarların üst tərəfinin inşasında çiy kərpicdən istifadə edilib. Qalanın əsas giriş yolu cənub tərəfdəndir. Daha doğrusu, Cəhriçayın sağ sahilindən başlayır. Bu yolla qalaya qalxmaq mümkündür. Yol boyu qayaaltı sığınacaqlar var. Tədqiqatçıların fikrincə, bu sığınacaqlardan yaşayış yeri kimi istifadə edilib. Burada məskunlaşmış əhalinin müdafiəsi məqsədi ilə inşa edilmiş qalanın içərisində düzbucaqlı planda tikilmiş yaşayış binalarının qalıqlarına rast gəlinib. Burada təbii qayaların üzərində qazılmış daş hovuzlardan əhalinin su təminatında istifadə olunub.
Çalxanqala kəndində ötən əsrin sonlarında baş verən məlum hadisələr dövrü Qərbi Azərbaycandan – ata-baba torpaqlarımızdan didərgin düşərək Naxçıvana pənah gətirən soydaşlarımız məskunlaşıblar. Həmin insanlara dövlətimiz həyan durub, onların problemlərinin həllinə həssaslıqla yanaşıb. 2002-2004-cü illərdə bütün məişət şəraiti ilə təmin edilmiş 40-a yaxın ev tikilib, adamlar torpaq sahələri ilə təmin olunublar. Torpaqdan səmərəli istifadə edilməsi üçün onlara şərait yaradılıb, dövlətdən kredit götürənlər də olub. Bu vəsaitlə müxtəlif təsərrüfat sahələrini inkişaf etdirməklə həm öz rifah hallarını yaxşılaşdırıblar, həm də daxili bazara töhfələrini verirlər.
Ötən il kənddə kompleks qurucu­luq işləri aparılıb, yeni sosial obyektləri istifadəyə verilib. Həmin obyektlərdən biri Çalxanqala kənd tam orta məktəbinin binasıdır. Burada şagirdlərin bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsinə hər cür şərait yaradılıb. Gələcək perspektiv də nəzərə alınaraq inşa edilmiş 378 şagird yerlik yeni məktəb binasında 218 şagird təhsil alır.
Muxtar respublikada musiqi sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Musiqi məktəbləri üçün yeni binalar tikilir, orta ixtisas musiqi məktəblərinin fəaliyyəti gücləndirilir. Musiqi sahəsinə marağı olan gənclər bu məktəblərdə öz təhsillərini uğurla davam etdirirlər. Kənddə Uşaq Musiqi Məktəbinin yeni binasının istifadəyə verilməsi də kənd sakinləri üçün əlamətdar hadisələrdən biri olub. Yeni inşa olunan binada 26 sinif otağı, musiqi alətlərinin təmiri, direktor və müəllimlər otaqları, kitabxana və tədbirlər zalı vardır. Binada gələcək perspektiv nəzərə alınıb, uşaqların musiqinin sirlərinə yiyələnmələri üçün lazımi şərait yaradılıb. Bütün bunlar şagirdlərin rahat təhsil almasına, tədris prosesinin yüksək səviyyədə təşkilinə imkan verəcək.
Çalxanqalada kompleks qurucu­luq tədbirləri çərçivəsində yüksək keyfiyyətlə inşa olunaraq istifadəyə verilən həkim ambulatoriyası 2400-ə yaxın kənd sakininə xidmət edir. İki mərtəbədən ibarət olan həkim ambulatoriyasında 12 otaq vardır. Burada stomatoloq kabinəsi, əczaxana, doğuş, peyvənd və manipulyasiya otaqları, palatalar yerləşir. Ambulatoriyada 12 tibb işçisi çalışır.
Muxtar respublikamızda mahiyyət və məzmunca yeni təfəkkürün bəhrəsi olan kənd mərkəzlərinin sayı getdikcə artır. Çalxanqalada da artıq belə mərkəzin istifadəyə verilməsi regionda bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunu göstərir.
Çalxanqalada olarkən bu yaşayış məntəqəsinin sakinləri ilə də görüşdük. Kənd sakini  Telman Məmmədov dedi ki, artıq uzun illərdir, ata-baba yurd yerlərimizdən ayrılıb Naxçıvana üz tutmuşuq. Gəlib Çalxanqalada məskunlaşmışıq. Dövlətimizin qayğısı yaşamaq-yaratmaq əzmimizi özümüzə qaytarıb. Bütün kənd adamları adından dövlətimizə minnətdarlığımı bildirirəm. Bu gün həyatımızın bütün sahələrini, muxtar diyarımızın ən ucqar dağ və sərhəd, ən kiçik yaşayış məntəqələrini əhatə edən qayğı hesabına regionumuz özünün intibah dövrünə qədəm qoyub. Elə Kəngərli rayonunda iqtisadiyyatın inkişafı, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq probleminin həlli üçün məqsədyönlü addımlar atılır, tikinti-qurucu­luq işlərinin həcmi getdikcə öz coğrafiyasını genişləndirir.
Kənd təsərrüfatı kənd sakinlərinin gündəlik fəaliyyətinin ən başlıca  sahələrindən biridir. Muxtar respublikada bitkiçilik sahəsində məhsuldarlığın artırılması, becərmə texnologiyalarının və aqrotexniki qaydaların lazımi səviyyəyə çatdırılması bu kənddə də öz bəhrəsini verib. Qeyd edək ki, bu yurd yerimiz özünün dadlı-tamlı meyvələri ilə tanınır. Aqrar islahatlar başlanana qədər kənddə mövcud olan meyvə bağları qorunub saxlanılmaqla yanaşı, daha 49 hektar sahədə yeni meyvə bağları salınıb. Hər il həmin sahələrdən xeyli məhsul tədarük edilir. Burada qədim peşə olan arıçılığa da xüsusi diqqət yetirilir. Ümumiyyətlə, bu gün Çalxanqala kəndində istehsal edilən kənd təsərrüfatı məhsulları öz dadına-tamına və keyfiyyətinə görə nəinki muxtar respublikada, eləcə də bütün ölkə­də məşhurdur. İndi ayrı-ayrı təsərrüfatlarda istehsal edilən məhsulların ölkə paytaxtından və digər regionlardan xüsusi sifarişçiləri var.

Bu gün Çalxanqala muxtar respublikanın ən abad kənd yaşayış məntəqələrindən biridir. Şəhərlə kəndin arasındakı fərqin aradan götürüldüyü, müasir qəsəbəni xatırladan bu yaşayış məntəqəsində qarşılaşdığımız hər bir sakin ilə söhbətimizdə dövlətimizə minnətdarlıq edildi, yaradılan şəraitdən lazımınca istifadə ediləcəyinə əminlik ifadə olundu.  

Səbuhi HÜSEYNOV