“Cahan Holdinq” Şirkətlər İttifaqı ərzaq məhsulları, tikinti materialları istehsal edən zavod və fabriklərlə yanaşı, yeni xidmət sahələrinin yaradılmasına da nail olmuş, 2011-ci ilin oktyabr ayında istifadəyə verilən ticarət mərkəzində alıcılara nümunəvi xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılmışdır. Ümumi sahəsi 10 min kvadratmetr olan ticarət mərkəzində Almaniya, Yaponiya, Cənubi Koreya və Türkiyə istehsalı olan texniki avadanlıqlar quraşdırılmışdır.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan ticarət mərkəzi müasir memarlıq üslubunda inşa olunmuşdur. Binanın birinci mərtəbəsində məişət avadanlıqlarının, gündəlik tələbat mallarının, santexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının, ikinci mərtəbəsində isə xalçaçılıq və mebel məmulatlarının, elektrotexnika avadanlıqlarının, məişət cihazlarının satışı bölmələri fəaliyyət göstərir. Binada eskalator və lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir. Zirzəmi qatından isə böyük anbar kimi istifadə olunur. Burada quraşdırılan videonəzarət sistemləri ilə ərazini və alış-veriş obyektlərini müntəzəm müşahidə etmək mümkündür.

İnşaat materiallarının satışı binasında bütün növ tikinti və təsərrüfat mallarının satışı təşkil olunmuş, anbar istifadəyə verilmişdir. Açıq satış yerində isə, əsasən, topdan və pərakəndə satış həyata keçirilir. Burada müxtəlif ağır tikinti mallarının satışı təşkil olunmuşdur. Ticarət mərkəzinin həyətində səliqə-sahman yaradılmış, fəvvarə quraşdırılmış, kafe istifadəyə verilmişdir.
Ticarət mərkəzində 21 bölmədə 12 min 300 çeşiddə, yəni bir binanın inşa olunmasından ev əşyaları ilə təminatınadək mal və materialların topdan və pərakəndə satışı həyata keçirilir, mallar orta qiymətdən 10-20 faiz ucuz satılır. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, İtaliya, Yaponiya və Cənubi Koreya istehsalı olan məhsullar da satılır.
Müasir görkəmi və memarlıq üslubu ilə seçilən ticarət mərkəzi əhalinin məşğulluğunun təmin olunmasına da əlverişli şərait yaratmışdır. Hazırda  “Cahan” AVM MMC-də 93 nəfər çalışır.  Onu da qeyd edək ki, dünya təcrübəsindən istifadə etməklə nümunəvi xidmət göstərilən “Cahan” AVM MMC-nin maddi-texniki bazası ildən-ilə daha da möhkəmləndirilir. Cari ildə də bu işlər uğurla davam etdirilmiş, 2013-cü ilin mart ayında zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət yeni korpusun inşasına başlanılmışdır. İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmuşdur. Yeni korpusda dəmir konstruksiya və hörgü işləri vaxtında başa çatdırılmış, dam örtüyü vurulmuş, izolyasiya qatı ilə təmin olunmuşdur. Hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara şifrəsiz internetdən istifadə etmək imkanı yaradılmışdır. Hazırda binadaxili işlər görülür, Türkiyənin “Sərt dəmir asansör” LTD şirkətinin istehsalı olan 3 tonluq yük lifti və üçgözlü panoramalı sərnişin lifti quraşdırılır. Ayrı-ayrı bölmələrdə satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılacaqdır.
Məlumat üçün qeyd edək ki, layihəyə uyğun olaraq, yeni korpusun zirzəmi qatı mal və materialların ehtiyat anbarı, ikinci mərtəbə uşaq geyimləri, hamam aksesuarları və kafeteriya, üçüncü mərtəbə isə çilçıraq və yataq, mətbəx, ofis, yumşaq mebel dəstlərinin, tül pərdə, yataq örtüyü, hamam dəstləri, xalça və yer döşəmələri, ev aksesuarlarının satışı üçün nəzərdə tutulub. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan yeni korpusda 120 nəfər daimi işlə təmin olunacaqdır.

Kərəm HƏSƏNOV