Onlar bugünkü yaşayış tərzindən xeyli razılıq edirlər

İnkişaf kəndlərdən başlanır
Sentyabr ayının 16-da Şərur rayonunun Dəmirçi kəndində yeni sosial obyektlərin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların regionların inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildirərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi və iqtisadi qüdrətini getdikcə artırır. Bu gün Dəmirçi kəndində istifadəyə verilən yeni sosial obyektlər də bu siyasətin davamıdır. Çünki inkişaf kəndlərdən başlanır. Muxtar respublikamızda kəndlərin kompleks inkişafı, insanların rahatlığının təmin edilməsi diqqət mərkəzindədir”.

Həmin yaşayış məntəqəsində qurulanlara, yaradılanlara, daha dəqiq desək, kənd sakinlərinə göstərilən qayğıya onların münasibətini öyrənmək üçün bu günlərdə Dəmirçiyə üz tutduq. Kəndə gedişimiz payızın ilk günlərinə təsadüf etmişdi. Həmin gün yağan yağış havaya bir sərinlik gətirmişdi. Bununla da, bu təbiət hadisəsi yaşadığımız isti yay günlərinin bitdiyini qəlbimizdə yaratdığı ovqatla çatdırır. Bu ovqatla da rayon mərkəzinə çatırıq. Buradan Dəmirçiyə olan məsafə çox da uzaq deyil. Naxçıvan-Sədərək magistralından kəndə ayrılan və yenidən qurulan yolla Dəmirçiyə daxil oluruq. Kəndin girəcəyində bizi yeni tikililər qarşılayır. Kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi bu ərazidə yerləşir. Həmin ünvanda salınmış yaşıllıq və gülzarlıq ilk anda diqqəti çəkir. Hiss etmək çətin deyil ki, dəmirçililər həm də yaşıllıq vurğunudurlar.

Yeni təhsil ocağında

İlk olaraq məktəbə getməyi planlaşdırdığımızı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Hənifəzadəyə bildirəndə etiraz etmir. Məktəbə gəlişimiz günorta saatlarından xeyli sonraya düşsə də, necə deyərlər, təhsil ocağı öz işindədir.
Məktəb direktorunun tədris işləri üzrə müavini Xanbaba Quliyevlə  görüşüb həmsöhbət oluruq. O bildirir ki, 85 müəllimin çalışdığı və Dəmirçinin şəhid oğlu Etibar Əhməd­ovun adını daşıyan məktəb 1026 şagird yerlikdir. Göründüyü kimi, yeni təhsil ocağı muxtar respublikada mövcud olan ən böyük məktəblər sırasındadır. Gələcək perspektiv nəzərə alınan məktəbdə bu gün 580 şagird təhsil alır. 3 mərtəbədən ibarət olan məktəb binasında 4-ü elektron lövhəli olmaqla, 57 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları müəllim və şagirdlərin ixtiyarına verilib. Yeni tədris avadanlıqları ilə təchiz olunmuş laboratoriyalarda şagirdlərin müxtəlif təcrübələr apara bilmələri üçün lazımi şərait yaradılıb. Məktəbin kitabxanası da müasir tələblər səviyyəsində qurulub. Burada minlərlə kitab müəllim və şagirdlərin istifadəsinə verilib. Kompüter otaqlarında yerləşdirilən 57 kompüterin hər birinə xüsusi tədris proqramları yüklənərək internetə qoşulub. Bu da şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından hərtərəfli yararlanmalarına geniş imkanlar açıb.
Başa çatan tədris ilində Dəmirçi kənd tam orta məktəbinin 5 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Məktəbdə yaradılan hərbi kabinə burada gənclərin çağırışaqədərki hazırlıq dərslərinin yüksək səviyyədə tədrisinə imkan verib. Bu da belə qənaətə gəlməyə əsas verir ki, gələcəkdə adıçəkilən məktəbdən hərbi təmayüllü məktəblərə qəbul olunanların sayı daha çox olacaq.
Muxtar respublikada şagirdlərin fiziki hazırlığının yüksəldilməsinə göstərilən qayğının ifadəsini bu məktəbdə də görmək olar. Belə ki, təhsil ocağının idman zalında müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait yaradılıb. Məktəblilər açıq idman qurğularından da istifadə etmək imkanı qazanıblar.
Direktor müavini bildirdi ki, ötən tədris ilini uğurla başa vurublar. Belə ki, məktəbi bitirən məzunlardan 14-ü ali məktəblərə, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olunub. Yeni məktəb binası isə qarşıdakı illərdə bu rəqəmləri daha da yüksəltməyə imkan verəcək. Sözsüz ki, müəllimlər yaradılmış şəraitdən səmərəli şəkildə istifadə edəcəklər. Buna onlarla söhbət zamanı bir daha əmin olduq. Müəllimlər bildirdilər ki, Dəmirçi məktəbi köklü təhsil ənənələrinə malikdir. Orta təhsilini burada alan 10-a yaxın dəmirçili alim bu gün muxtar respublikanın müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərir.

Kənd mərkəzində müasir şərait yaradılıb

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İbrahim Hənifəzadə deyir  ki, aparılan kompleks quruculuq tədbirləri çərçivəsində Dəmirçidə fəaliyyət göstərən dövlət qurumlarının əhaliyə yüksək səviyyədə xidmət göstərməsinə imkan verən kənd mərkəzinin inşası onların məsuliyyətini birə-beş qat artırıb. İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 70 yerlik zal yerləşir. Mərkəzdə yerləşən iş otaqları zəruri mebel dəstləri və avadanlıqlarla təchiz olunub.
Yeni binada yaradılmış rabitə evində 320 abonentə xidmət göstərən 512 nömrəlik ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb. Kənd sakinləri 8329 kitab fonduna malik olan kitabxanadan istifadə edirlər. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün də burada otaq ayrılıb.
Kənd ağsaqqalı Məmməd Yusifovun 66 yaşı var. İxtisasca aqronomdur. Hazırda təqaüddədir. Bu gün Dəmirçidə yaradılanlar onu da ürəkdən sevindirir. Çünki yaşadığı kənd müasirliyə qovuşub. Bunu muxtar respublikada nail olunan sosial-iqtisadi inkişafla, kəndlərimizdə yaşayan insanlara göstərilən qayğı ilə əlaqələndirən M.Yusifov onu da bildirdi ki, kənd sakinləri, gənclər qurulub-yaradılanları qorumalı, gələcək nəsillərə ərməğan etməlidirlər.

Kənd adamları xidmət sahələrinin fəaliyyətindən də razılıq edirlər

Həmin gün kənddə istifadəyə verilən həkim ambulatoriyasının açılışında Ali Məclisin Sədri deyib: “Həkim ambulatoriyasının əsas fəaliyyət istiqaməti kənddə insanların sağlamlığının təmin olunmasından və ilkin tibbi yardımın təşkilindən ibarətdir. Yaşayış məntəqələrində tibbi xidmətin təşkili, ilk növbədə, gigiyenik qaydalara əməl olunması ilə həyata keçirilməlidir. Çünki insan sağlamlığında gigiyenik qaydaların gözlənilməsi vacib şərtdir. Bununla yanaşı, tibb işçiləri əhali arasında maarifləndirmə tədbirlərinin aparılmasını diqqət mərkəzində saxlamalıdırlar”.
Bu istiqamətdə həyata keçirilən tədbirlərlə yaxından tanışlıq məqsədilə səhiyyə ocağında olduq. Müasir tələblər səviyyəsində inşa olunan bina iki mərtəbədən ibarətdir. Həkim ambu­latoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin edilib. Burada kənd əhalisinin sayı nəzərə alınaraq ştatların sayı artırılıb. Haliyədə ambulatoriyada 15 tibb işçisi sakinlərə xidmət göstərir. Stomatoloq üçün kabinədə, palatada, doğuş, peyvənd, ginekoloq və manipulyasiya otaqlarında hərtərəfli şərait yaradılıb, ambulatoriyada aptek istifadəyə verilib. Burada çalışan tibb işçiləri onlara göstərilən qayğıya əməli işləri ilə cavab verməyə səy göstərirlər.
Ambulatoriyanın yaxınlığında istifadəyə verilən xidmət mərkəzində 2 bərbərxana, 2 qadın gözəllik salonu, dərzi sexi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərir. Yeni obyektdə muxtar respublikanın emal və istehsal müəssisələrinin məhsullarının satışı təşkil edilib.

*   *   *

Yeni obyektlərin qarşısında bir neçə yaşlı insanın gəzişdiyini görürük. İlk baxışdan onların təqaüdçü olduqları hiss edilir. Təqaüdçülərdən biri uzun illər orta məktəbdə müəllim işləmiş 83 yaşlı Cabbar Cavadovdur. Maraqlı müsahib olduğunu salamlaşan kimi duyuram. Və düşünürəm ki, bu qədim yurd yerinin tarixi, “Dəmirçi” sözünün etimologiyası barədə elə Cabbar müəllimdən soruşsam, çox şeyi öyrənə bilərəm. Qənaətimdə yanılmıram. Onu da deyim ki, müsahibim bu yaşda olsa da, hələ hafizəsi güclüdür. Deyir ki, “Naxçıvan Ensiklopediyası”nda, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərləri”ndə, filologiya elmləri doktoru Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında və başqa mənbələrdə Dəmirçinin qədim yurd yeri olması barədə zəngin materiallar var. Bildirir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 70-ci kilometrliyindəki, hündürlüyü 1244 metr olan Vəlidağdan şərqdəki təpənin üstündə, qədim karvan yolunun yaxınlığında arxeoloji abidə var. 1998-ci ildə aparılan arxeoloji tədqiqatlar nəticəsində burada üç qatdan ibarət müxtəlifölçülü sal daşlar aşkar edilib. Sonuncu qatdakı daşların üzərində qabartma üsulu ilə işlənmiş müxtəlif işarələr var. Bu işarələrə Gəmiqaya rəsmlərində rast gəlmək olar. Dəmirçi abidəsindən müxtəlif formalı keramika nümunələri də tapılıb. Kəndin qədim tarixini sübut edən daha bir arxeoloji abidə Tunc və İlk Dəmir dövrlərinə aid nekropoldur. Buradakı qəbirlərdən boz rəngli gil qablar, odadavamlı boyaqlar tapılıb.
Kəndin adının etimologiyası ilə bağlı müxtəlif versiyaları xatırladan Cabbar müəllim bildirir ki, “Dəmirçi” sözü qədim toponimdir. Bəziləri bu toponimin mənşəyini türkdilli Dəmirçilər tayfasının, bəziləri Çingiz xanın, bəziləri Şahsevən tayfalarının adı ilə bağlayırlar. Onu da deyək ki, “dəmirçi” sözünün ilkin yaranışı dəmirçilik sənəti ilə bağlı olub. Sonralar isə bu peşə həmin tayfanın əsl sənətinə çevrilib.

Müasir yaşayış məntəqəsinin təsərrüfat həyatı inkişaf etdirilir

910 hektar ərazisi olan kənddə 1550 təsərrüfat var. Bu təsərrüfatlarda 6160 sakin yaşayır. Aqrar islahatlar zamanı Dəmirçi sakinlərinə 362 hektar pay torpağı verilib. Onlar həm də 228 hektar həyətyanı torpaq sahəsindən istifadə edirlər. Göründüyü kimi, kənd adamlarının öhdəsində xeyli torpaq sahəsi var. Onların bu sahələrdən səmərəli istifadə etməsinə hərtərəfli şərait yaradılıb. Bunun nəticəsidir ki, təkcə cari ildə 180 hektar sahədən taxıl tədarük olunub. Məhsuldarlıq orta hesabla 36-37 sentnerə çatdırılıb. Torpaq mülkiyyətçiləri Əbülfəz Məmmədov 18 hektar, Fəxrəddin Ağayev 12 hektar sahənin məhsuluna sahib olublar. Yeri gəlmişkən qeyd edək ki, kənd adamlarının torpaq sahələrinin suvarılmasına böyük qayğı göstərilib, bu yaşayış məntəqəsinə Şərur Su Nasos Stansiyasından, Arpaçay Su Anbarının sağ sahil kanalından su vurulub. Dəmirçidə mövcud olan 7 kəhrizin suyundan da istifadə olunur. Bu da məhsuldar torpaq sahələrinin hər bir qarışının əkilməsinə şərait yaradır. Cari ildə kənd adamları 10 hektar sahədə tərəvəz əkini keçirərək bol məhsul yetişdiriblər. Kənddə mövcud olan və məhsul verən 40 hektar meyvə bağının 35 hektarı son illərdə əkilib. Dəmirçidə üzümçülüyün inkişafı da diqqət mərkəzində saxlanılıb. Bu səbəbdəndir ki, hazırda kənd adamları 30 hektardan artıq üzüm bağından məhsul tədarük edirlər.
Kənd təsərrüfatı məhsulları istehsalında texnika əkinçinin “sağ əli” hesab olunur. Bu cəhətdən də Dəmirçinin torpaq mülkiyyətçiləri çətinliklərlə üzləşmirlər. Onların öhdəsində kifayət qədər müxtəlif texnikalar var. Üstəlik, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur bazasının texnikalarından səmərəli istifadə olunur.
Digər yaşayış məntəqələrimiz kimi, Dəmirçidə də heyvandarlıq ən gəlirli təsərrüfat sahələrindən birinə çevrilib. Bu böyük yaşayış məntəqəsində istehsal edilən heyvandarlıq məhsulları rayonda və muxtar respublikada təşkil edilən yarmarkalarda özünə çoxlu alıcı qüvvəsi toplayıb. Torpaq mülkiyyətçisi Səttar Gözəlov 25 baş iribuynuzlu heyvan saxlayır. Vəkil Həsənovun 1000 baş xırdabuynuzlu heyvanı var. Ona dövlət tərəfindən torpaq ayrılıb. Sahibkarlıq fəaliyyətini genişləndirmək üçün hərtərəfli şərait yaradılıb. V.Həsənovun 7 nəfərlik fermer təsərrüfatı ildən-ilə uğurlarını artırır.
Nikbinliklə ayrıldığımız kənd adamlarından birinin – 89 yaşlı Rəhim Lalayevin söhbətinin qısa məzmunu  insanların sosial rifahı barədə dolğun təsəvvür yaradır:
– Bir ildə 4 böyük obyekt inşa olunan, kəndarası yolları qaydaya salınan, hər il 25-30 yeni fərdi ev tikilən, hər gün qapılardan 500-ə yaxın şəxsi minik avtomobili çıxan Dəmirçidə olan gün-güzəran bugünkü yaşayışdan soraq verir. Bütün bunlar kəndimizə dövlət qayğısının ifadəsidir. Kim belə qayğıdan və belə qayğı hesabına əldə edilən yaşayış tərzindən narazı ola bilər?

Muxtar MƏMMƏDOV
Əli XUDİYEV (foto)