Bu gün Azərbaycanda “Xalq kompyuteri” layihəsinin təklifləri paketinə dünya lideri HP şirkətinin istehsalı olan şəxsi kompyuterlər daxildir. Hazırda model çeşidinə HP ProBook və Pavillion noutbukları cərgəsi, şəxsi kom­pyuterlər, netbuklar daxildir ki, bunların da texniki göstəriciləri bazarın bugünkü meyillərinə tam cavab verir.
“Xalq kompyuteri” layihəsi çərçivəsində orta məktəb müəllimləri, şagirdlər, ali məktəb tələbələri, dövlət qulluqçuları, səhiyyə işçiləri güzəştli şərtlərlə kompyuterlər almaq imkanı əldə etmişlər.
Layihədə təqdim edilən kompyuter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25 faizdən 40 faizə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə verilir.
Artıq “Xalq kompyuteri” layihəsi çərçivəsində 20 mindən çox şəxs fərdi kompyuter və noutbuklar əldə etmişdir. Kompyuterlərin 16 faizi Bakıda, 10,2 faizi Naxçıvanda, qalanları isə ölkənin digər regionlarında olan istifadəçilər tərəfindən əldə olunmuşdur. Layihə çərçivəsində əldə edilən kompyuterlərin 90 faizindən çoxu portativ texnikanın payına düşür.
Layihə çərçivəsində 20000-ci kompyuterin alıcısı Babək rayon Cəhri kənd sakini Ruslan Cəfərov olmuşdur. BestComp Group şirkəti tərəfindən alıcıya onun əldə etdiyi portativ kompyuter pulsuz təqdim edilmiş və əlavə olaraq printer hədiyyə olunmuşdur.
“Xalq kompyuteri” layihəsi Naxçıvanda da uğurla davam etdirilir. Muxtar respublikada layihə başlayandan (2010-cu ilin avqust ayından) bu günədək 2032 ədəd kompyuter güzəştli şərtlərlə əhaliyə satılmışdır.
Qeyd edək ki, layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir. Muxtar respublikada isə layihəni Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzi həyata keçirir.

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin mətbuat xidməti