Sentyabrın 10-da Türkiyənin Şimal-Şərqi Anadolu İnkişaf Agent­liyinin təmsilçiləri ilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Türkiyənin Ərzurum, Ərzincan və Bayburt bölgələrinin tarixi və mədəni dəyərlərinin təbliğində, eyni zamanda turizm, iqtisadiyyat və digər sektorların inkişafında mühüm rol oynayan agentliyin nümayəndələri mərkəzdə yerli məhsullardan ibarət sərgi ilə tanış olublar. Qonaqlara muxtar respublikada istehsal edilən məhsullar haqqında ətraflı məlumat verilib.
Sonra keçirilən görüşdə qardaş Türkiyə və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı mədəni və iqtisadi əlaqələrdən söhbət açılıb. Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Cenk Ünal son illər mühüm nailiyyətlər əldə edən Naxçıvan Muxtar Respublikasının sürətli inkişafından danışıb, dostluq və qardaşlıq təməli üzərində qurulan münasibətlərin daha da dərinləşdirilməsinin zəruriliyindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiya və xarici əlaqələr şöbəsinin müdiri Emin Zeynalov çıxış edərək Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı haqqında məlumat verib, investisiyalar üçün münbit şərait yaradıldığını qeyd edib. Təhsil, səhiyyə, turizm, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu deyən şöbə müdiri dövlətin bu sahələrin qarşılıqlı inkişafında maraqlı olduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Gülbuta Babayeva regionun turizm potensialından danışıb, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə Şimal-Şərqi Anadolu İnkişaf Agentliyinin fəaliyyət göstərdiyi bölgələrin tarixi, mədəni və turizm ərazilərini özündə əks etdirən videoslaydlar nümayiş etdirilib, qarşılıqlı görüş və səfərlərin davamlı olacağına əminlik ifadə olunub.
Sonra qonaqlar Naxçıvan şəhəri ilə tanışlıq üçün gəzintiyə çıxıblar.

Xəbərlər şöbəsi