Hərtərəfli dövlət qayğısı bu sahəyə marağı daha da artırıb

Sahibkarlığın inkişafı muxtar respublikamızda diqqət mərkəzində saxlanılan sahələrdən birinə çevrilmişdir. Ümumilikdə isə son illər aparılan uğurlu islahatlar iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Güclü investisiya qoyuluşu, müasir texnologiyaların tətbiqi, idarəetmə təcrübəsi rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, mövcud müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin açılmasına və nəticə etibarı ilə, xalqın maddi rifahının yüksəldilməsinə şərait yaratmışdır. 

Bunun nəticəsidir ki, təkcə 2012-ci ildə muxtar respublikada əvvəlki illə müqayisədə 15,7 faiz çox, daha dəqiq desək, 799 milyon 492 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye sahəsində inkişafın dinamikliyinin qorunub saxlanması üçün yeni istehsal və xidmət obyektlərinin fəaliyyətə başlaması davamlı olaraq dəstəklənməkdədir. 2012-ci ildə yerli xammaldan istifadəyə əsaslanan və daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edən müxtəliftəyinatlı istehsal və xidmət müəssisələri yaradılmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 344 növdə yerli məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq və 224 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

“Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi bu sahədə qazanılan nailiyyətləri daha da artırmaqdadır. Burada bir məsələni də qeyd etmək yerinə düşər ki, sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, emal və istehsal müəssisələrində yerli xammaldan istifadənin təşviq olunması da belə uğurların əldə edilməsində başlıca amillərdəndir. Cari ilin mart ayının 29-da Naxçıvan Biznes Mərkəzinin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Yeni yaradılmış müəssisələrin bir tərəfdən daxili tələbatın ödənilməsinə yönəldilməsi, digər tərəfdən isə məhsul istehsalında onların yerli xammaldan istifadə etmələri hazır məhsulun daha keyfiyyətli olmasına və ucuz qiymətə başa gəlməsinə imkan yaradır... İqtisadi və sosial inkişafın təmin olunmasında sahibkar­lıq subyektlərinə maliyyə dəstəyi göstərilməsinin əhəmiyyəti çoxdur”.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin müsbət nəticələrini Kəngərli rayonunun timsalında da görmək mümkündür. Qeyd edək ki, mövcud imkanlar və hərtərəfli dövlət qayğısı hesabına bu gün bölgədə 10-dan artıq çörəkbişirmə müəssisəsi, dəyirman, həmçinin quşçuluq, balıqçılıq, gəc və kərpic istehsalı sahələri fəaliyyət göstərir.
Bu günlərdə bir neçə istehsal müəssisəsində olduq. Məlumat üçün bildirək ki, rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Qarabağlar kəndində istehsal müəssisələri çoxdur. Onlardan biri “Qənimət” çörəkbişirmə müəssisəsidir. Müəssisənin rəhbəri Həmzə Qəmbərov bildirdi ki, 2009-cu ilin oktyabr ayında fəaliyyətə başlayıblar. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan 2 il müddətinə 15 min manat kredit götürüblər. Müəssisə səmərəli fəaliyyət göstərdiyi üçün bu vəsaiti 1 il 6 ayda ödəyiblər. Müəssisədə 4 işçi çalışır. Onların hamısı sığorta olunub, adlarına tibbi kitabça açılıb. İşçilər müntəzəm olaraq tibbi müayinədən keçirilirlər. Burada sanitar-gigiyenik qaydalara ciddi riayət olunur. Kiçik bir istehsal sahəsini əhatə edən müəssisənin ərazisi gül-çiçəyə bürünüb. Buraya daimi su xətti çəkilib. Müəssisədə mətbəx, hamam, çörək və un anbarları inşa olunub. Əsasən, sifarişlə işləyən müəssisənin məhsullarına tələbat getdikcə artmaqdadır. Odur ki, sahibkar gələcəkdə müəssisənin istehsal gücünü artırmaq barədə düşünür.
“Asnı” un dəyirmanı və çörək istehsalı sahəsi də Qarabağlar kəndində fəaliyyət göstərir. Sahibkar Məmiş Dünyamalıyev deyir ki, bu müəssisə 2003-cü ildə dəyirman kimi yaradılıb. 2005-ci ildə isə burada çörəkbişirmə sahəsi fəaliyyətə başlayıb. Dəyirmanda Türkiyədən alınmış avadanlıqlardan istifadə olunur. Gün ərzində 10 ton məhsulüyütmə gücünə malikdir. Çörəkbişirmə sahəsində istifadə edilən avadanlıqlar isə İran İslam Respublikasından gətirilib. Bu sahədə zəngin təcrübə qazanan sahibkar söhbət zamanı onu da bildirdi ki, 1 saatda 100 kiloqram çörək istehsal olunur. Məhsul özlərinə məxsus olan avtomaşınla muxtar respublikanın müxtəlif ticarət obyektlərinə göndərilir. Müəssisənin yerləşdiyi ərazidə bir un, 5 taxıl anbarı, hamam, yeməkxana yaradılıb. İstehsal sahəsində 5, dəyirmanda 2 havalandırma qurğusu quraşdırılıb. Burada 6 nəfər işlə təmin olunub. Əraziyə daimi su və qaz xətti çəkilib.
Rayon ərazisində yetişdirilən taxıl məhsulları bu dəyirmanda üyüdülür. Müəssisəyə gəlişimizdə bunun şahidi olduq. Bu mövsümdə 30 hektar sahədən taxıl tədarük edən Xok kənd sakini Xaləddin Zeynalov bildirdi ki, hər il öz məhsulunu bu dəyirmanda üyütməyə gəlir. Çünki bu müəssisə muxtar respublikada nümunəvi istehsal sahəsi kimi tanınır. Dəyirmanda yaradılmış şəraitdən razılığını bildirən X.Zeynalov onu da vurğuladı ki, məhz belə şərait hesabına burada üyüdülmüş məhsul keyfiyyətinə görə məhsul sahiblərini razı salır. Rəhim Qəmbərov da onun dediklərini təsdiq etdi.
Qarabağlar kəndində Dağbəyi Qasımovun rəhbərlik etdiyi fərdi quşçuluq təsərrüfatı da öz imkanlarını getdikcə genişləndirməyə çalışır. 2012-ci ilin əvvəllərində Sahibkarlığa Kömək Fondundan 40 min manat kredit götürən sahibkar fəaliyyətə başlayıb. Bir qədər sonra ikinci istehsal sahəsinin tikintisi, təsərrüfata dəvəquşu alınması, onların saxlanması üçün daha 26 min manat kredit götürüb. Təsərrüfatda dəvəquşular üçün bir ferma, quşlar üçün iki ferma, yem anbarı, mətbəx, iş otağı yaradılıb. Hazırda quşçuluq təsərrüfatında 5-6 min arası quş saxlamaq imkanları var. Burada qaz, ördək, hind toyuğu saxlanılır və satışa çıxarılır. Öyrəndik ki, təsərrüfat fəaliyyətə başlayarkən cücələrin yemlənməsi üçün İran İslam və Türkiyə respublikalarından qida məhsulları gətirilirdisə, indi muxtar respublikada hazırlanan məhsullardan istifadə olunur. Sahibkar bildirdi ki, özləri də bu işlə məşğul olurlar. Belə ki, cari ildə 24 hektar sahədən taxıl tədarük olunub, 1,2 hektar sahədə yonca, 1 hektar sahədə qarğıdalı əkilib. Bu isə imkan verib ki, öz istehsalları ilə təsərrüfatın yem məhsullarına olan tələbatını ödəyə bilsinlər.
Muxtar respublikamızda tikinti-quruculuq işlərinin geniş vüsət alması tikinti materialları istehsal edən müəssisələrin də sayının artması zərurətini meydana çıxarıb. Bu səbəbdəndir ki, cari ilin may ayında rayonda daha bir istehsal müəssisəsi yaradılıb. Xok kəndində fəaliyyətə başlayan müəssisə kərpic istehsalı ilə məşğuldur. Dörd nəfərin daimi işlə təmin edildiyi “Urfan” kərpic istehsalı müəssisəsinin məhsulları ilk günlərdən keyfiyyəti ilə seçilir. İlk olaraq müəssisə üçün 480 kvadratmetr sahədə istehsal sahəsi inşa olunub. Əraziyə elektrik xətti çəkilib, müəssisənin daimi su ilə təminatı üçün artezian qazılıb. Burada istifadə edilən xammal yerli istehsal hesabına ödənilir. Ötən müddət ərzində istehsal olunan kərpicin standartlara uyğunluğu yoxlanılaraq satışına icazə verilib. Müəssisə öz işini, hələlik, fərdi sifarişlər əsasında qurub.
Qeyd edək ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün yaradılan şərait və mövcud imkanlar bu sahədə xeyli uğurlar qazanılmasına stimul olmaqla yeni istehsal sahələrinin yaradılmasına marağı artırıb. Göründüyü kimi, Kəngərli rayonunun sakinləri də bu imkanlardan bacarıqla istifadə etməyə səy göstərirlər. Bu isə daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artmasına, insanların maddi rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərir.

Muxtar MƏMMƏDOV