Kəngərli rayonunda son illər aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində bu bölgənin siması tanınmaz dərəcədə dəyişib. Qabıllı, Şahtaxtı, Qıvraq, Yurdçu, Qarabağlar, Xok, Yeni Kərki, Böyükdüz, Xıncab, Təzəkənd və Çalxanqala kimi 11 yaşayış məntəqəsini əhatə edən rayonda genişmiqyaslı sosial infrastruktur layihələr həyata keçirilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, yeni məktəb binaları tikilib və ya yenidən qurulub, yollar salınıb.
Tikinti-quruculuq işləri cari ildə Xok kəndində davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kəngərli Rayon İdarəsindən aldığımız məlumata görə, burada kənd mərkəzi, həkim ambulatoriyası üçün yeni binalar inşa edilir, məktəb binası yenidən qurulur, kəndarası yollarda abalıq işləri aparılır.
Kənd mərkəzinin binasında tikinti işləri əsasən yekunlaşdırılıb. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi və digər qurumların normal fəaliyyət göstərmələri üçün hərtərəfli şərait yaradılacaq. İki mərtəbədən ibarət həkim ambulatoriyasının binasında son tamamlama işləri görülür, obyektin fasad hissəsinin üzlənməsi işi aparılır.
Kənd sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanan quruculuq tədbirlərindən biri də mövcud məktəb binasının yenidən qurulmasıdır. Layihəyə əsasən, mövcud binaya bitişik əlavə 3 korpus inşa olunub, ikimərtəbəli məktəb binasına daha bir mərtəbə əlavə edilib. 1026 şagird yerlik nəzərdə tutulan binanın iki korpusunda son tamamlama işləri görülür. Obyektlərin tikintisində yerli inşaat materiallarından istifadə edilir, keyfiyyət amili diqqətdə saxlanılır.

Xəbərlər şöbəsi