Ötən müddətdə muxtar respublikada 127,8 hektar sahədə bağ salınıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir.
Ötən müddət ərzində bu istiqamətdə görülən işlər muxtar respublikada bağ sahələrinin xeyli artırılmasına səbəb olmuşdur. Babək rayonunda 36, Şərur rayonunda 30,2, Şahbuz rayonunda 19,7, Naxçıvan şəhərində və Kəngərli rayonunun hər birində 10, Culfa rayonunda 8,9, Ordubad rayonunda 7, Sədərək rayonunda 6 hektar olmaqla, ümumilikdə, 127,8 hektar sahədə yeni meyvə bağları salınmışdır. Məlumat üçün bildirək ki, proqramın qəbulunadək muxtar respublikada mövcud meyvə bağlarının ümumi sahəsi 4 min 235 hektar idi.
Onu da qeyd edək ki, yeni meyvə bağlarının salınmasında başlıca amillərdən biri də bu sahə ilə məşğul olan fiziki və hüquqi şəxslərə, torpaq mülkiyyətçilərinə kreditlərin verilməsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondundan aldığımız məlumata görə, bu məqsədlə 19 layihə üçün ümumilikdə, 427 min manat kredit verilmişdir. Yeni bağ sahələri salmaq üçün kreditlərin verilməsi davam etdiriləcək.

Xəbərlər şöbəsi