Heydər Əliyev siyasi kursuna sədaqət nümunəsi

Azərbaycan sürətlə inkişaf edir, dünya birliyində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca həyatın bütün sahələrində müsbət dəyişikliklər baş verir. Muxtar respublikamız da tərəqqi, yüksəliş yolundadır. Şərur rayonu da bu baxımdan geri qalmır, müasirləşən bir bölgəyə çevrilir.
Dövlətə, dövlətçiliyə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan şərurlular öz mövqelərində dəyişməz olaraq qalmaqla yanaşı, bu gün respublika Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, onun yeritdiyi daxili və xarici siyasəti birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Şərurluların bu fəal vətəndaş mövqeyi muxtar respublika iqtisadiyyatının güclənməsinə verdikləri sanballı töhfələrdə özünü daha qabarıq göstərir.
Köhnə qaydalarla idarə olunan ucqar bir kənd təsərrüfatı əyalətindən elmi əsaslara söykənən müasir aqrar-sənaye rayonuna çevrilən Şərur ulu öndər Heydər Əliyevin Azərbaycan kəndinin xoş növrağına hesablanan arzularının gerçək təcəssümüdür desək, yanılmarıq. Muxtar respublikamızda sahibkarlığın inkişafına yaradılan şərait öz bəhrəsini verməkdədir. Rayondakı mövcud iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə etmək üçün iş adamlarının faydalı təşəbbüsləri müdafiə olunur, onlara güzəştli kreditlər verilir. Sahibkarlığa Kömək Fondunun ayırdığı güzəştli kreditlər iş adamlarının fəallığına, səmərəli axtarışlarına stimul verir. Şərurda 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının göstəriciləri fərəh doğurur.

Rayonda hər kəs işində-gücündə, qayğılarının qanadındadır. Sözügedən dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 42 milyon 368,5 min manata, kənd təsərrüfatı məhsulları 7,5 faiz artaraq 36 milyon 424,1 manata yüksəlmişdir.
Yarımildə pərakəndə əmtəə dövriyyəsinin həcmi 98 milyon 808,9 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlər 2012-ci ilin müvafiq dövrünün səviyyəsini 17,2 faiz üstələyərək 15 milyon 819,3 min manat, nəqliyyatda yük daşınması 8,2 faiz çoxalaraq 863 min ton olmuşdur. 2013-cü ilin birinci yarısında əsas kapitala yönəldilən investisiyalar 35 milyon 240,7 min manata, tikinti-quraşdırma işlərinin həcmi 32 milyon 677,8 min manata çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən investisiyaların məbləği 8,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 6,3 faiz artmışdır. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 349,2 manat təşkil etmişdir. 2009-cu ildən bəri rayonda 2 min 426 yeni iş yeri açılmışdır ki, bunun da 219-u cari ilin ilk 6 ayının payına düşür.
İlin birinci yarısında rayonda rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Sözügedən dövrdə 204 mənzilə yeni telefon xətti çəkilmiş, əhaliyə 299 min 794 manatlıq poçt və rabitə xidməti göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisini 13 min 399 manat üstələmişdir.
Cari ilin ilk altı ayında pensiyaların vaxtında ödənilməsi təmin edilmişdir. 2 milyon 758 min 767 manat məcburi dövlət sosial sığorta haqqı yığılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97 min 979 manat çoxdur. 718 ailənin 3 min 149 üzvü 410 min 38 manat ünvanlı sosial yardım almışdır. 6 nəfər təqaüdçü Azərbaycan Respublikasının müxtəlif sanatoriyalarına göndərilmiş, 4 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 1 nəfər Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş vətəndaşa, 2 nəfər Çernobıl əlilinə minik avtomobilləri verilmişdir.

Məhsul artır, kənd inkişaf edir

Şərurun iqtisadi həyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən yaxşısı budur, bir az da bu sahədən danışaq. Rayonda aqrar sahədə qazanılan uğurlar ildən-ilə artmaqdadır. Kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara yardım və kreditlərin verilməsi bu sahənin inkişafına zəmin yaratmışdır. Belə ki, 2013-cü ilin ilk altı ayında 411 nəfər torpaq mülkiyyətçisinə 348 min 960 manat yardım edilmiş və min tondan artıq mineral gübrə paylanmışdır. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikası lizinq yolu ilə satılmışdır.
“Naxçıvan Aqrolizinq” ASC Şərur bazasının yaradılması nəticəsində bu gün fermer və torpaq mülkiyyətçilərinin müxtəlif növ kənd təsərrüfatı texnikasına, habelə mineral gübrələrə olan ehtiyacı ödənilir. Ümumiyyətlə, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalar Şərur kəndlilərini torpaqla daha yaxından ülfət bağlamağa ruhlandırmışdır.
Görülən məqsədyönlü tədbirlər nəticəsində bu ilin məhsulu üçün rayonda 17 min 112 hektar sahədə əkin aparılmışdır ki, onun da 9 min 181 hektarını taxıl zəmiləri təşkil etmişdir. Taxıl biçini optimal müddətdə başa çatdırılmış, 28 min 247 ton məhsul istehsal olunmuş, hektarın orta məhsuldarlığı 30,8 sentnerə çatdırılmışdır. 752 hektar sahədə kartof, 1569 hektar sahədə tərəvəz, 623 hektar sahədə qarğıdalı, 488 hektar sahədə paxlalı bitkilər, 30 hektarda günəbaxan, 471 hektar sahədə bostan bitkiləri aqrotexniki qaydada becərildiyindən bol məhsul yetişdirilmişdir. Hələlik tarlalardan 8 min 285,5 ton kartof, 13 min 807,2 ton tərəvəz, 2 min 158,2 ton dən qarğıdalı, 38,5 ton günəbaxan, 3 min 227 ton bostan məhsulları yığılmış, bağlardan 13 min 20 ton meyvə dərilmişdir.
Heyvandarlıq da rayonun gəlirli sahələrindəndir. Birinci yarımilin yekununa görə, bölgədə qaramalın sayı 33 min 522 başa, davarların sayı 121 min 750 başa çatmışdır. Rayonda həmçinin 229 min 950 ədəd quş, 8 min 360 arı ailəsi saxlanılır. 2012-ci ilin ötən dövrü ilə müqayisədə 2013-cü ilin birinci yarısında qaramalın sayı 1,7 faiz, davarın sayı 1,6 faiz, quşların sayı 2 faiz, arı ailələrinin sayı 9,7 faiz artmışdır. Ötən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 270 ton, ət istehsalı 45 ton, yun 2 ton, yumurta 30 min ədəd çox olmuşdur.
Əhalinin quş ətinə və yumurtaya olan tələbatının ödənilməsində Zeyvə kəndindəki quşçuluq təsərrüfatı mühüm rol oynayır. Təsərrüfat 2013-cü ilin ilk 6 ayında 239 ton 198 kiloqram quş əti, 4 milyon 980 min 360 ədəd yumurta istehsal etmişdir.
Bu ilin yazında mal-qaranın qaba yemə olan ehtiyacını ödəmək məqsədilə 3 min 35 hektar sahədə yonca əkilmişdir. 2013-cü ilin birinci yarısı ərzində rayonda suvarma işini daha da yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək üçün xeyli iş görülmüşdür.
Rəqəmlərdən də göründüyü kimi, rayonda ərzaq təhlükəsizliyinin təminatı üçün lazımi şərait yaradılmış, ötən ilin 6 ayındakından xeyli çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Həftənin hər şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən yarmarkalara tonlarla kənd təsərrüfatı məhsulları yüklənmiş onlarca maşın yola salınır, alıcılar məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirlər.
Torpaq sahibkarları, fermerlər düşünəndə ki, onların əməyi ilə ərzaq bolluğu yaranır, qəlbləri qürur hissi ilə dolur. Torpağı münbit, suyu bol, adamları əməksevərdir bu yurdun. Bolluğa, firavanlığa nail olmaq üçün həm qayğı, həm də düzgün yol göstərilir, aydın istiqamət verilir.

Yeni binalar, təzə obyektlər...

Şərur işıqlı bir yol üstədir. Ali Məclis Sədrinin tapşırıqları, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı sistemli surətdə yerinə yetirilir. Baxırsan, hər yanda qızğın iş gedir. Qədim diyar əsl tikinti meydanına bənzəyir. Müxtəlif obyektlər – ictimai binalar, fərdi evlər, məktəblər, həkim ambulatoriyaları, kənd və xidmət mərkəzləri tikilir. 2013-cü ilin birinci yarısında rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texniki parkının inşası, Qeydiyyat Şöbəsi üçün inzibati binanın əsaslı təmiri başa çatdırılmışdır. Bu yaxınlarda isə Gümüşlü kəndində inşa olunan kənd və xidmət mərkəzlərinin, yenidən qurulan yaşayış binalarının açılışı olmuşdur. Hazırda daha 30-dək obyektdə quruculuq tədbirləri davam etdirilir.
Son illərin ən böyük obyekti 20,5 meqavat elektrik enerjisi istehsal etmək gücünə malik Arpaçay Su Elektrik Stansiyasıdır ki, burada artıq bütün işlər başa çatdırılmışdır. 1,4 meqavat gücündə olacaq “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisi isə davam etdirilir.
Xanlıqlar, Dəmirçi, Sərxanlı, Şahbulaq kəndlərində kənd və xidmət mərkəzlərinin, Xanlıqlar, Sərxanlı və Dəmirçi kəndlərində həkim ambulatoriyalarının, Şahbulaq kəndində yeni məktəb binasının inşası, Xanlıqlar, Sərxanlı və Dəmirçi kəndlərində isə məktəb binalarının əsaslı təmiri və yenidən qurulması sürətlə davam etdirilir. Şərur şəhərində biri 24, digəri 40 mənzilli olan 2 yaşayış binasında əsaslı təmir işləri başa çatdırılmaq üzrədir. “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məmmədsabir kəndi ərazisində inşa etdiyi likör, araq və limonad istehsalı sahəsində avadanlıqlar quraşdırılmış, hazırda istehsal sexində sınaq-yoxlama işləri aparılır.
Rayonda yol infrastrukturunun yeniləşdirilməsi bu il də diqqət mərkəzindədir. Hazırda bu sahədə əsas qüvvələr Püsyan-Xanlıqlar və Gümüşlü-Şahbulaq avtomobil yollarının, həmçinin Xanlıqlardakı 2,5 kilometrlik kəndarası yolun əsaslı təmirinə yönəldilmişdir.
Bəhs olunan dövrdə ekoloji tarazlığın qorunması üçün yaşıllaşdırma və abadlıq tədbirləri davam etdirilmişdir. Yaz iməciliklərində rayonda 11,2 hektarlıq bağa 8 min 442 ədəd meyvə tingi, Naxçıvan-Sədərək magistralının Şərur ərazisindən keçən 19,5 kilometrlik yol kənarlarına 8 min 800 ədəd meşə ağacı və müxtəlif meyvə tingləri əkilmiş, 29 min 100 ədəd çiçək şitili basdırılmış, yeni bağların suvarılması üçün su xətləri çəkilmişdir.

Sevinc, fərəh dolu həyat

Göründüyü kimi, aparılan quruculuq işlərinin miqyası, inkişafın və yüksəlişin dinamikası təkcə rayon mərkəzini əhatə etmir. Tikinti-abadlıq və yaşıllaşdırma bütün yaşayış məntəqələrində eyni sürətlə və keyfiyyətlə aparılır.
Şərur şəhərinin park və küçələrini gəzərkən hər yerdə abadlıq, gözəllik və yeniliklə rastlaşırıq. Həqiqətən, son illər Şərur şəhəri daha yaraşıqlı olmuşdur. Ötən müddət ərzində rayonda istehsal və xidmət şəbəkələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq və quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, iqtisadiyyatın dinamik inkişafı təmin edilmişdir.
Bu günü dünənindən gözəldir Şərurun. Şəhərdə yollar, səkilər təmir olunur, yerə naxışlı daşlar – “daş xalçalar” döşənir. Güllər əkilir – “əlvan ilmələr” hörülür. Təzə obyektlərin hamısı zövqlə, fərqli layihələrlə tikilir, müasir şəhər elementləri çoxluq təşkil edir. Şərurun üzü gülür desək, yanılmarıq. Adamlar doğma yurdlarına bu gözəlliyi, tərəqqini bəxş edən dövlətimizdən haqlı olaraq razılıq edirlər.
Ağ günlərə qovuşan Şərurda əhalinin firavan həyatı təmin olunmuşdur. Əmək meydanında fədakarlıq göstərən, minbir həvəslə bolluq yaradan rayon sakinləri mənalı istirahəti də xoşlayırlar. Yayın bu qızmar çağında al-əlvan çiçək buketinə bənzəyən Heydər Parkı axşamlar qələbəlik olur. Gül-çiçəyin rayihəsi, milli musiqinin yaratdığı xoş ovqat könüllərə bir rahatlıq gətirir. Qoy belə olsun! Könül xoşluğu, sevinc, fərəh dolu anlar hər bir şərurlunun haqqıdır.
Bu gün Şərurda çox iş görülür. Adamlar dövlətimizin qayğısını hiss edir, bundan çox ruhlanırlar. Rayonda ən xırda təşəbbüs də böyük həvəslə qarşılanır və müdafiə olunur. Çünki hamı inanır ki, Şərurun əsl işıqlı günləri hələ qabaqdadır.

Ola bilər, 2013-cü ilin birinci yarısında Şərurda görülmüş işlərin yuxarıda müəyyən rəqəmlərlə ifadəsi kiməsə yorucu görünsün. Ancaq istəsək də, istəməsək də, bəzən gerçəklikləri rəqəmlərin dili ilə ifadə etmək zərurəti yaranır. Təbiətin gözəl iqlimini, suyunu, təbii gözəlliklərini Şərura uca Tanrı işgüzar, qurub-yaratmaq eşqi ilə yaşayan insanlara, bəlkə də, bir pay kimi göndərib. İnsan əli isə bu yurdu daha da gözəlləşdirir. Təbii ki, bu, insan, torpaq və zəhmətin hikmətidir.
Bu payız – oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkilərdə vətəndaşların azad şəkildə səsvermə hüquqlarının təmin edilməsi üçün rayonda bütün lazımi tədbirlər görülür. Artıq seçki məntəqələrinin seçkilərə hazırlanması və digər hazırlıq işləri gedir. Müşahidə və təhlillər göstərir ki, böyük əksəriyyət alternativi olmayan hazırkı uğurlu siyasəti dəstəkləyəcək.

Cəfər ƏLİYEV