Muxtar respublikamızın dağlıq zonada yerləşən Şahbuz rayonunda cari ildə həyata keçirilən tikinti-quruculuq işlərinin həcmi bir qədər də genişləndirilib. Hazırda rayon mərkəzində və bir neçə kənd yaşayış məntəqəsində tikinti-quruculuq işləri aparılır.
Şahbuz şəhərində Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət bina inşa olunur. Tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə həvalə edilib. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmasının nəticəsidir ki, obyektdə tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb.
Şəhərdə ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzindədir. Hazırda bu iş rayon mərkəzinin Heydər Əliyev prospektindəki 15 nömrəli yaşayış binasında aparılır, şəhərdə su və kanalizasiya sistemləri yenidən qurulur.
Sələsüz kəndində həyata keçirilən quruculuq tədbirlərinə aprel ayında başlanılıb. Məlumat üçün bildirək ki, bu yaşayış məntəqəsində əvvəllər də quruculuq tədbirləri aparılıb, məktəb binası, kənd mərkəzi inşa olunub, bir neçə kənd sakini üçün fərdi mənzillər tikilib. Hazırda kənd məktəbinin binası yenidən qurulur, mövcud kənd mərkəzinin binası yeni layihə əsasında həkim ambulatoriyası üçün inşa edilir, yeni kənd mərkəzi tikilir.

Rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşən Ayrınc kəndində Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin bir qrup inşaatçısı ikimərtəbəli kənd mərkəzinin və xidmət mərkəzinin tikintisini aparır. 
Ucqar dağ kəndləri olan Qızıl Qışlaq və Güney Qışlaq yaşayış məntəqələrində də müxtəliftəyinatlı quruculuq işləri görülür. Bu tədbirlərin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçılarına həvalə edilib. Yeni tikililərdən biri kənd tam orta məktəbi üçün nəzərdə tutulub. 110 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Burada tikinti işləri əsasən başa çatdırılıb, çardaq hissə qurulub, qapı-pəncərələr salınıb, digər tikinti tədbirləri həyata keçirilir. Məktəb binasının yaxınlığında inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Sözügedən obyektdə də inşaat işləri əsasən yekunlaşdırılıb. Kənddə xidmət mərkəzinin də inşası başa çatdırılıb. Burada son tamamlama işləri görülür.
Güney Qışlaqda isə kənd mərkəzi inşa olunur. Xidmət mərkəzinin tikintisinə isə yenicə başlanılıb.
Ucqar dağ kəndi Küküdə də bir neçə ünvanda quruculuq tədbirləri həyata keçirilir. Kənd tam orta məktəbinin köhnə binasında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla binaya daha 2 korpus əlavə edilib. Yeni korpuslarda idman zalı, yeməkxana, kompüter və elektron lövhəli siniflər müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənddə fəaliyyət göstərən qurumların iş şəraitini yaxşılaşdırmaq üçün inşa olunan kənd mərkəzinin binası 2 mərtəbədən ibarətdir. Binada tikinti işlərinin böyük əksəriyyəti başa çatdırılıb.
Dağ kəndi sakinlərinin sağlamlığı keşiyində dayanacaq 2 mərtəbədən ibarət həkim ambulatoriyası üçün nəzərdə tutulmuş binanın da tikintisində sürətli iş ahəngi hökm sürür. Yaxınlıqda isə birmərtəbəli xidmət mərkəzinin tikintisi aparılır. Onu da qeyd edək ki, adıçəkilən son 3 kəndin yolları da yenidən qurulur.

Muxtar MƏMMƏDOV